Plagiatlıq: Mediada müəllif hüquqlarının pozulması halları artıb
Ekspertlər problemin səbəblərini açıqladılar, vəziyyətdən çıxış yolu da var
Müəllif hüquqları məsələsi xeyli vaxtdır ki, jurnalistika üçün ciddi problemə çevrilib. Problemi gündəmə gətirən ekspertlər isə bu məsələnin nizamlanması gərəkdiyini düşünür. Çox təəssüf ki, mediada plagiatlıq, müəllif hüquqlarının pozulması kimi hallar son zamanlar pik həddə çatıb. İstər elektron KİV, istərsə də yazılı mediada bəzən xəbərlər, tutarlı məlumatlar ilkin mənbəyinə istinad olunmadan verilir, bir növ özəlləşdirilir.
Bəzən hətta müəllif yazılarından da istinadsız istifadə olunur. Cümlələr, ifadələr olduğu kimi verilir, lakin fərqli imza altında. Sadə dillə desək, jurnalistikada da, xəbərçilikdə də oğurluq halları artıb. Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) də bu günlərdə keçirdiyi "KİV və müəllif hüquqları” adlı konfransda plagiat mövzusu ətrafında geniş müzakirələr aparıb. Təşkilat rəhbəri Müşfiq Ələsgərli müəllif hüquqlarının pozulmasından gileylənib. Jurnalistikada müəllif hüquqularının qorunması istiqamətini dəyərləndirən ekspertlərin fikirlərinə keçməzdən əvvəl məlumat üçün bildirək ki, müəlliflik hüququ - elm, ədəbiyyat və incəsənət əsəri müəlliflərinin hüquqlarını ifadə edən hüquqi termindir. Obyektiv mənada müəlliflik hüququ əsərlərin yaradılması və istifadəsi üzrə münasibətləri tənzimləyən hüquqi normaların məcmusudur və qorunma aləti kimi çıxış edir, subyektiv mənada isə öz-özlüyündə əsərlərin yaradıcılarına məxsus olan şəxsi və əmlak hüquqlarıdır və bu hüquqlar müstəsna xarakter daşıyır. Müəlliflik hüququ ilə qorunan obyektlər sırasına ədəbi əsərlər, məlumat nəşrləri, qəzetlər və jurnallar, rəsmlər, fotoşəkillər və digər təsviri sənət əsərləri və s. daxildir. Müəllif hüquqlarının qorunması - mədəni irsin qorunub saxlanması, mədəni dəyərlərin cəmiyyətdə geniş yayılması və yeni yaradıcılıq nəticələrinin meydana çıxmasına şərait yaradır. Onu da deyək ki, müəlliflik hüququ və əlaqəli hüquqlar müəllifləri və hüquq sahiblərini tanımaqla və ədalətli qonorar formasında stimullaşdırmaqla yaradıcılığın inkişafına zəruri şərait yaradır. Müəllif hüquqlarının təminatı xüsusi hüquq sistemi çərçivəsində tənzimlənir və hüquqların pozulması müəllif tərəfindən müəyyən addımların atılmasını tələb edir.
Müşfiq Ələsgərlinin sözlərinə görə, müəllif hüquqları həm qanunlarla qorunur, həm də ona hörmətlə yanaşılması Jurnalistlərin Peşə Davranışı Kodeksinin əsas tələblərindən biridir: "Amma təəssüflə qeyd edilməlidir ki, bu gün əksər xəbər istehsalçıları müəllif hüquqlarına nəinki hörmətlə yanaşmırlar, ümumiyyətlə bu sahədə anlayış geniş yayılmayıb. İnternetin inkişafı, medianın rəqəmsal müstəviyə köçməsi müəllif hüquqlarının qorunmasını çətinləşdirib. Biri digərindən köçürmə, başqasının ideyasını, informasiyasını mənimsəyib öz adından tirajlama halları o qədər çoxalıb ki, hətta "copy-paste” jurnalistikası deyilən anlayış da formalaşıb. İnformasiyanın qanuna zidd olaraq özününküləşdirilməsi, əsl müəllifi göstərilmədən köçürülərək tirajlanması müəllif hüquqlarının pozulması ilə paralel olaraq, digər problemlərə də yol açır. Bəzən ilkin mənbə tərəfindən yanlış faktlar üzərində qurulmuş informasiya mahiyyətinə varılmadan digərləri tərəfindən də köçürülüb tirajlanmaqla, hətta ölkənin təhlükəsizliyini təhdid edəcək səviyyəyə qalxır. Bu baxımdan, mətbuatda, elektron və onlayn mediada, sosial şəbəkələrdə müəllif hüquqlarının qorunması təkcə etik normaların təmin edilməsi üçün yox, həm də dövlət təhlükəsizliyinin qorunmasına yardımdır. Həyata keçirdiyimiz layihə və tədbirlər bu problemin aradan qaldırılmasına yardım xarakteri daşıyır”.
Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət onlayn resurslarda müəllif hüquqlarının qorunması məsələsinin günümüzdə ən çox müzakirə olunan sahə kimi diqqət çəkdiyini deyib: "Hətta deyərdim ki, jurnalistikada plagiat məsələsi problem olmaqdan da ötəyə keçib. Təsəvvür edin ki, adamlar özəl mənbələrdən xəbər əldə edirlər, o xəbəri yayırlar, təbii ki, açıq resurslarda yayırlar. Burada yayılan xəbəri başqaları götürüb "halal” malları kimi istinadsız dərc edirlər. İddia edirlər ki, bu xəbəri özləri əldə edib. Bu həqiqətən çox ciddi bir problemdir və qarşısı alınması da çox çətin məsələdir. Jurnalistika ilə məşğul olan hər bir kəsin ən adi ifadəni belə götürdüyü zaman istinad etmə mədəniyyəti olmalıdır. Əslində jurnalistikada müəllif hüquqlarının qorunması etik məsələdir. Təəssüflər olsun ki, bu gün ölkədə qeyri-ciddi dediyimiz, kimlərinsə məqsədlərinə xidmət edən onlayn informasiya resurslarının böyük əksəriyyəti nəinki istinad mədəniyyətinə sahib deyillər, ümumiyyətlə bu mədəniyyəti inkar edirlər. Yəni "onlar”a görə özləri mövcuddurlar, yaydıqları xəbərlər ən yaxşı xəbərlərdir. Əslində isə bu oxucuya, dinləyiciyə, tamaşaçıya hörmətsizlikdir. Artıq o zaman deyil ki, hansısa bir xəbəri oğurlayıb, oxuculara sırıyasan. Qanunlar, xəbərdarlıqlar öz yerində, amma insanlarımızın vicdanı öz yerində olmadıqca jurnalistikada müəllif hüquqları məsələsi öz həllini tapmayacaq. Təklif edirəm ki, mediada müəllif hüquqlarının qorunması istiqamətində keçirilən maarifləndirici tədbirlərlə yanaşı, jurnalistlərə istinad mədəniyyətini də aşılayaq. Özünə hörmət edən jurnalist başqasının beyninin məhsulunu özününküləşdirməz. Bəziləri hələ də anlamır ki, hansısa bir yazının, fotonun, videonun mənbəyini qeyd etmək ayıb yox, əksinə baş ucalığıdır”.
"Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli isə hesab edir ki, bütün bu problemlərin kökündə birmənalı şəkildə Azərbaycan mətbuatının maddi-texniki bazası dayanır. Bunun çox çətin proses olduğunu vurğulayan baş redaktor deyib ki, jurnalistləri plagiata məcbur edən səbəblər var: "Əvvəla, redaksiyalarda bu gün jurnalistlərin sayı çox azdır. Ayrı-ayrı sahələr üzrə ixtisaslaşmış jurnalistlər də demək olar ki, minimumdur. Həmçinin də internet mediası və jurnalistikasının inkişafı qəzet jurnalistləri üçün daha asan mənbə rolunu oynamağa başlayır. Və jurnalistlər informasiyaların çoxunu buradan əldə etməyə başlayırlar. Bunu bəzən çox çətinliklə tutmaq olur. Artıq jurnalistlərin bir çoxu bu istiqamətdə peşəkarlaşıblar. Bundan əlavə, vaxtilə hər bir mətbu orqanın jurnalistləri ayrı-ayrı tədbirlərə qatılırdılar. Bu zaman da eyni tədbirə hər bir mətbu orqanın fərqli baxışları olurdu. İndi isə fikir versəniz, bütün mətbu orqanların tədbirlərə yanaşma mövqeyi eynidir. Bu da yəqin ki, ondan irəli gəlir ki, jurnalistlər tədbirləri öz aralarında bölüşürlər və bir nəfər yazır, sonra digərlərinə paylayır. Parlamentdən yazılan yazıların da bir hissəsi belədir. Bu məsələ ilə bağlı saysız-hesabsız nümunələr gətirmək olar. Bu, çox ciddi problemdir və nəticə etibarı ilə Azərbaycandakı bütün qəzetlərin biri-birinə oxşamasına gətirib çıxarır. İnternet mediasında isə bu problem daha qabarıq formada özünü biruzə verir. Onlar da demək olar ki, biri-birlərini təkrarlayırlar. Bundan çıxış yolu kimi biz, analitik yazılara daha çox üstünlük verməyə çalışırıq ki, bu problemi minimum səviyyəyə endirək. Bununla bağlı internetə müəyyən məhdudiyyətlər qoyulur, nəzarət olunur ki, bu və ya digər məsələlərlə bağlı konkret ekspertlərlə danışılsın. Bu gün artıq telefon jurnalistikası plagiat jurnalistikasından çox üstündür. Hazırda telefon jurnalistikası daha ədalətli, daha obyektivdir və müəyyən əziyyət tələb edir. Eyni zamanda plagiat jurnalistikası probleminin mövcudluğunda jurnalistlərə ödənən qonorarların da rolu danılmazdır. Bəzən jurnalist məcburiyyət qarşısında informasiyanı əldə etmək üçün əmək sərf etməkdənsə, hazır yazıdan istifadə edir. Çünki jurnalistin aldığı vəsait onun çəkdiyi əziyyətin qarşılığını ödəmir. Yəni gördüyünüz kimi, səbəblər kifayət qədər çoxdur. Bu səbəblərin aradan qaldırılmasının yeganə yolu Azərbaycan mediasının maddi-texniki bazasını gücləndirməkdir. Təbii ki, hər bir redaksiyada ayrı-ayrı sahələr üzrə bir neçə jurnalist çalışdıqdan sonra bu problemi qismən də olsa aradan qaldırmaq olar”.
"Yenilik.az” saytının baş redaktoru Xanlar Xoca da açıqlamasında mediada oğurluq hallarının artıq həyasızlıq həddinə çatdığını deyib: "Müəllif hüquqlarına hörmət etmək, mənbəni göstərmək, jurnalistin zəhmətini nəzərə almaq elə bir dərin problemdir ki, Azərbaycanda və başqa ölkərdə də var. Ona görə də vəsait xərcləyib xəbər istehsal etmək üçün stimul yoxdur. Həm də xəbər oğurluğunu çox vaxt özünü ciddi media qurumu hesab edənlər edir və irad bildirəndə də deyirlər ki, "biz bunu özümüz hazırlamışıq”. Çox olub ki, bizim xəbəri istinadsız verib üzümüzə durublar. Məncə bunun qarşısını almaq üçün ictimai qınaq olmalıdır. Amma yaxın zamanda buna ümid etmirəm. Çünki qınamalı adamların bəziləri özləri istinad mədəniyyətindən məhrumdur”.
Şəymən