Fərhad Eyyubov: "Sükan arxasında cinayətkar, qarşısının alınması vacib hadisə törətmiş şəxslər olarsa, polis mütləq sürücünü tutmalıdır"
"Polisin sürücünü təqib etməsi qanunla nizamlanır”.
Bu barədə Sherg.az-a Ağdaş rayonunun Cücüklü kəndində polisin təqibindən qaçan sürücünün avtomobili ilə birlikdə kanala düşməsinə münasibət bildirərkən Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov danışıb.
O bildirib ki, sükan arxasında cinayətkar, qarşısının alınması vacib hadisə törətmiş şəxslər olarsa, polis mütləq sürücünü tutmalıdır:
"Xüsusi situasiyalarda polis işçilərinə icazə verilir ki, onlar sürücünü təqib etsinlər və neytrallaşdırsınlar. Hətta xarici ölkələrdə də görürük, elə məqamlar olur ki, təkərlərə mismarlar şəklində atırlar, sıradan çıxır, dayanır. Yaxud başqa nəqliyyat vasitəsilə qarşısını kəsirlər və saxlayırlar.
Bəzi məqamlarda olur ki, polislər təcrübəsiz sürücünü təqib etdikdə, sürücü qorxudan, stressdən pis vəziyyətə düşür. Hiss etsələr ki, sürücü hər hansı hadisə törədə bilər və onun təqib edilməsi vacib deyil, o zaman təqibə davam etmək düzgün deyil. Çünki sürücünün təhlükəsizliyi təmin edilməlidir.
Ola bilər ki, son hadisədə sürücü hər hansı əməl törədib, yaxud maşını qaçırıb ki, polis əməkdaşları onu saxlamağa məcbur olub. Amma bütün hallarda həmin maşını qaçıran şəxsin üzərinə böyük məsuliyyət düşür. İnzibati, cinayət məsuliyyəti verilə bilər. Polis işarə verirsə ki, saxla, saxlamalıdır. Sənədlərini təqdim etməlidir. Qaçmaqla sürücü hara gedəcəyini düşünür?”
Qəza hadisəsini xatırladan F. Eyyubov deyib ki, ola bilər, həmin şəxsin böyük məsuliyyəti olduğundan polisdən qaçmağa çalışıb:
"Əslində polis onu təqib edən zaman müəyyən qayda-qanuna əməl etməli. göstəriş almalıdır. Sürücü təcrübəsiz olduğundan, ya da ki, qorxu və stressdən avtomobili kanala aşırıb.
Konkret olaraq həmin vəziyyəti analiz edib, qərar çıxarmalıyıq. Bəzən biz deyirik ki, polis təqib etməməlidir. Polisin sürücünü təqib etməyi o demək deyil ki, təqsirkardır. Qanunvericilikdə elə hallar var ki, polis sürücünü tutmalıdır. Onu hansı yolla tutmaq isə artıq polisin təcrübəsindən asılıdır. Hazırkı vəziyyətdə isə sürücünü başqa formada, təqib etmədən də yaxalamaq olardı”.
Qeyd edək ki, hadisə Ağdaş rayonunun Cücüklü kəndi ərazisində baş verib. Belə ki, kənd sakini, 1992-ci il təvəllüdlü Elməddin Məmməd oğlu Məmmədov "VAZ-2107" markalı avtomobillə hərəkətdə olarkən Yol Patrul Xidmətinin (YPX) əməkdaşlarının təqibindən qaçmağa çalışarkən idarəetməni itirib və avtomobilini kanala aşırıb.
Aysel Aslan