Politoloq: "Kreml Qarabağ münaqişəsinin həllində aktivləşəcək"

"Vyana görüşündən sonra Paşinyanın Rusiya prezidenti Putinə zəng edərək Qarabağ danışıqlarının təfərrüatı barədə məlumatlandırması İrəvanın Moskvanın iradəsindən kənar addım atmadığını göstərir”.
Bunu "Sherg.az”a açıqlamasında Cənubi Qafqaz Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Məhəmməd Əsədullazadə deyib.
Ekspertin sözlərinə görə, Vyana görüşünün detalları barədə Putinin Paşinyanla telefon danışığından sonra Prezident İlham Əliyevlə əlaqə qurması Kremlin konfliktin həllində bundan sonra aktivləşəcəyini göstərir: 
"Putinin Ermənistan və Azərbaycan rəhbərliyi ilə Qarabağla bağlı telefon diplomatiyası növbəti görüş üçün zəmin yaradır. Vyana danışıqlarının davamı olaraq növbəti görüş Moskva, ya da Soçidə keçirilə bilər. Putinin vasitəçiliyi ilə görüş baş tutarsa, danışıqların "Kazan formulu” əsasında aparılması istisna edilmir. Moskva daima bu həll formulu üzərində dayanır. Maraqlı məqam ondan ibarətdir ki, Rusiya rəhbərliyinin indiyə qədər yüksək səviyyədə birgə görüş təşkili demək olar ki, səmərə verməyib. Hazırda regional şərtlərin dəyişməsi, Azərbaycanın regionda əsaslı şəkildə mövqeyini qoruması, Qərbdən Rusiyaya artan təzyiqlər Moskvanı daha da obyektiv mövqe tutmasını şərtləndirir. Rusiya çalışır ki, Avrasiya İttifaqı və KTMT kimi regional layihələrini inkişaf etdirsin və Azərbaycanı bu qrumlara üzv olmasına razı salsın. Təbii ki, Azərbaycan birmənalı şəkildə Qarabağ münaqişəsi həll edilmədən bu qrumlara üzv olmaycağını açıq şəkildə qeyd edib. Həmçinin rəsmi Bakı artıq milli maraqlar naminə siyasət aparacağını elan edib. Rusiya rəhbərliyi rəsmi Bakının bu siyasətini yaxından izləyir. Amma, praqmatik siyasət ortaya qoya bilmir”.
Analitikin fikrincə, Putin Paşinyan və dövlət başçısı İlham Əliyev arasında görüş təşkil edərək, Qarabağ münaqişəsinin həllini mərhələli şəkildə reallaşdıra bilər: 
"Amma, buna gedə bilmir. Çünki, Rusiyada erməni diasporu və lobbisi köklü sürətdə Kremlin qərarlarına Azərbaycanla bağlı təsir edə bilir. Bu lobbinin arxasında Rusiya XİN rəhbəri Segey Lavrov dayanıb. Putin siyasi iradə ortaya qoyub, Ermənistanı güzəştə məcbur edə bilər. Rusiyanın bundan sonra Cənubi Qafqazda rolnun güclənməsi qaçalmaz olar”.
Qeyd edək ki, Azərbaycan və Rusiya prezidentləri İlham Əliyevlə Vladimir Putin arasında telefon danışığı olub. Rusiya tərəfinin təşəbbüsü ilə baş tutan söhbət zamanı liderlər Qarabağ münaqişəsinin həlli yollarını müzakirə ediblər. Həmçinin, Vyana görüşü barədə söhbət ediblər.
İsmayıl