"Prezident qaçqın və məcburi köçkünlərimizə hər zaman ciddi qayğı ilə yanaşıb”






"Ölkə başçısı prezident olduğu müddətdə hər zaman qaçqın və məcburi köçkünlərimizə böyük həssaslıq və ciddi qayğı ilə yanaşıb”.

Bu sözləri "Sherg.az”a açıqlamasında "Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı deyib.

O bildirib ki, prezident yalnız sosial qayğıya ehtiyacı olan yox, bütün vətəndaşlarımıza diqqət göstərir:

"Yardıma ehtiyacı olan vətəndaşlarımıza dəyər verilməsi hər birimizi sevindirir. Xüsusilə, qaçqın və məcburi köçkünlərimizin mənzillə təmin olunması təqdirəlayiqdir. Ölkə başçısının belə addımlar atması ilk dəfə deyil. Azərbaycan ziyalıları bu tədbirləri görməzdən gələ bilməz. Ona görə də görülən işləri müsbət qarşılayırıq. Bütün tədbirlər Azərbaycan prezidentinin vətəndaşlarımıza həssas yanaşdığını bir daha sübut edir. Prezidentin nəinki qaçqın və məcburi köçkünlərə, eyni zamanda şairlərimizə, yazıçılarımıza, Azərbaycan ziyalılarına xüsusi diqqət və qayğısı var. Bir ziyalı olaraq ölkə başçısına təşəkkürlərimizi bildiririk”.

Qeyd edək ki, son 18 il ərzində qaçqın və məcburi köçkünlər üçün respublikanın 30-dan artıq şəhər və rayonunda bütün sosial-texniki infrastruktura malik 102 müasir qəsəbə salınıb. Ötən il 5800 köçkün ailəsi üçün fərdi evlər, mənzillər tikilib və istifadəyə verilib.

Yeganə Bayramova