Prezident səngərdə dayanan hər bir əsgər və zabitin yanındadır

Ali Baş Komandanın bütün riskləri göz önünə alaraq ön xəttə getməsi əhalidə böyük ruh yüksəkliyi yaradıb
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev və xanımı Mehriban Əliyeva Ermənistan silahlı qüvvələri ilə təmas xəttində yerləşən Tərtər, Ağdam və Bərdə rayonlarında olublar. Dövlət başçısı əvvəlcə Tərtər rayonundakı "N” saylı hərbi hissəyə baş çəkib və hərbi hissənin qərargahı ilə tanış olub. Prezident təmas xəttində baş verən son hadisələrdən danışaraq deyib ki, həmişə Ermənistana beynəlxalq təzyiqlər artan zaman işğalçı dövlət sülh prosesindən yayınmaq üçün atəşkəs rejimini pozur və təxribata əl atır. Bu ilin əvvəlində də işğalçı dövlətin yenidən atəşkəsi pozduğunu və ordumuz tərəfindən layiqli cavab aldığını deyən dövlət başçısı Azərbaycanın sülhpərvərlik nümayiş etdirərək atəşkəsə razılıq verdiyini vurğulayıb: "Ancaq buna baxmayaraq, aprelin 27-dən 28-nə keçən gecə yenidən təmas xəttinə yaxın yaşayış məntəqələrimiz atəşə tutulub. Azərbaycan bu vəziyyətlə heç vaxt barışmayacaq. Hazırda təmas xəttində üstünlük tamamilə Azərbaycan tərəfindədir, döyüş mövqelərimiz daha da möhkəmlənib. Dövlətimizin ordu quruculuğu ilə bağlı əvvəlcədən gördüyü hərtərəfli tədbirlər özünü doğruldub”.
"Səfər Prezident İlham Əliyevin qayğısının, cəsarətinin və şücaətinin göstəricisidir”
Müdafiə naziri Zakir Həsənov təmas xəttindəki son vəziyyət barədə Ali Baş Komandan İlham Əliyevə məlumat verib. Daha sonra Ali Baş Komandan təmas xəttində Ermənistan ordusunun törətdiyi təxribatların qarşısını alarkən şücaət göstərmiş döyüşçülərə hədiyyələr təqdim edib. Prezidentin düşmənlə təmas xəttində yerləşən bölgələrimizi ziyarət etməsi, atəş altında yaşayan əhali ilə görüşməsi, əsgərlərə mükafatlar təqdim etməsi göstərir ki, dövlət başçısı hər bir vətəndaşın, xüsusilə cəbhə bölgəsində yaşayan insanların problemlərinə həssaslıqla yanaşır və hərbiçilərin hazırlıq səviyyəsinə xüsusi önəm verir. Səfəri yüksək dəyərləndirən ictimaiyyət nümayəndələri də hesab edirlər ki, dövlət başçısının cəbhə bölgəsinə səfəri orada yaşayan əhalinin, əsgər və zabitlərin əhvalını daha da yüksəldib, orduda və insanlarda ruh yüksəkliyinə səbəb olub. Çünki Ali Baş Komandan bütün riskləri göz önünə alaraq təmas xəttində yerləşən yaşayış məntəqələrinə gedib, səngərdə dayanan hərbçilərlə görüşüb. Bu, cənab İlham Əliyevin Ali Baş Komandan kimi cəsarətinin və şücaətinin göstəricisidir.
"Sakinlərə dəymiş ziyan tezliklə aradan qaldırılacaq”
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva işğalçı Ermənistan ordusu tərəfindən dağılmış evlərə də baxıblar. Dövlət başçısına məlumat verilib ki, ermənilərin törətdiyi vəhşiliklər nəticəsində Tərtərin yaşayış məntəqələrində 256 evə, 4 məktəbə, 2 həkim məntəqəsinə, 1 uşaq bağçasına ziyan dəyib, 32 ev tamamilə dağıdılıb. Sakinlərlə söhbət zamanı Prezident İlham Əliyev dəymiş ziyanın tezliklə aradan qaldırılacağını bildirib. Dövlət başçısı deyib ki, ordumuz döyüş meydanında öz qüdrətini göstərdi, lakin ermənilər mülki əhaliyə atəş açırlar. Sakinlər Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
"Azərbaycan cəmiyyəti öz Prezidentinə inanır”
Millət vəkili Aydın Mirzəzadə deyib ki, Prezident İlham Əliyevin cəbhə xəttinə səfəri tək Azərbaycanın deyil, dünyanın bir çox aparıcı mətbuat orqanlarının əsas mövzusuna çevrilib: "Dövlət başçısının birbaşa cəbhə xəttinə getməsi, hərbçilərlə, yerli əhali, hərbi hospitallarda müalicə olunan insanlarla görüşməsi, söhbətləşməsi Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həllinə nə qədər ciddi diqqət yetirdiyini göstərir. Eyni zamanda, dövlət başçısının verdiyi bəyanatlar da Azərbaycanın bu problemin həllində prinsipial mövqedən geri çəkilmədiyini, beynəlxalq hüquq normalarına uyğun ərazi bütövlüyünü təmin etmək üçün bütün imkanlardan istifadə edəcəyini nümayiş etdirir. Azərbaycan cəmiyyəti də öz Prezidentinə inanır, onun fəaliyyətini dəstəkləyir və məhz onun apardığı siyasətlə ərazi bütövlüyümüzün tezliklə təmin olunacağına ümid bəsləyir”.
"Prezidentin Qarabağa səfər etməsinə çox qalmayıb”
Tərtərdən olan millət vəkili Sahib Alıyev deyib ki, Prezidentin cəbhə bölgəsinə səfəri düşmənin sındırıldığını göz önünə sərmək üçün idi. Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin xanımı Mehriban Əliyeva ilə birgə cəbhə bölgəsinə gəlməsinin arxasında təkcə qayğı yox, həm də intensiv mərmi yağışı altında mərdliklə duruş gətirən, evlərinin dağılmasına, itkilər olmasına baxmayaraq təşviş keçirməyən, əksinə, orduya qoşulub vuruşmaq istəyən tərtərlilərə və ağdamlılara sayğı dayanırdı: "Ermənilər ön xətdən xeyli uzaqda yerləşən qəsəbələrini belə boşaldaraq qaçıblar. Hazırda Ağdərə ölü şəhəri xatırladır. Bu səfər tərtərlilərə, ağdamlılara, cəbhə bölgəsində yaşayan digər soydaşlarımıza "Mən sizinləyəm, dövlət sizinlədir” deməklə yanaşı, həm də düşmənin saya alınmadığını, onun sındırıldığını, əzildiyini, daha baş qaldıracaq gücdə olmadığını göz önünə sərmək üçün idi. Mənə elə gəlir artıq çoxları anladı ki, cənab Prezidentin hörmətli Mehriban xanımla Qarabağımızın işğal altındakı bölgələrinə birgə səfərlərinə də çox qalmayıb. Biz o günü görəcəyik, mütləq görəcəyik”.
"Prezidentin cəbhədə olması əsgərlərimizdə inamı artırır”
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev bildirib ki, dövlət başçısının cəbhəyanı ərazilərdə məskunlaşan sakinlərin yanında olması həmin insanların əhval-ruhiyyəsini daha da yüksəldir və onlarda qorxu hissini azaldır: "Bütövlükdə bütün bunlar Azərbaycan xalqında birlik, mübarizlik əhval-ruhiyyəsi yaradır. Hesab edirəm ki, elə əsl rəhbər dar gündə xalqı ilə bir yerdə olmalıdır. Cənab Prezident İlham Əliyevin də rəhbərlik təcrübəsi bunu bir daha sübut edir. 2003-cü ildə prezident seçkiləri dövründə cənab İlham Əliyev xalqa müraciətində dedi ki, "mən bütün Azərbaycan xalqının prezidenti olacam”. Ölkə rəhbəri eyni ildə inaqurasiya mərasimində də bu sözləri səsləndirdi. Son 13 il ərzində isə hər gün cənab Prezident öz fəaliyyətində bu sözlərin həqiqət olduğunu sübut edib. Dövlət başçısının özünün 50 illik yubileyini məhz cəbhə bölgəsində məcburi köçkünlərlə bir yerdə keçirməsi bütün bu deyimlərə sübutdur. Hətta iki il bundan öncə də cəbhədə bugünkü kimi gərginlik yaşanmışdı. Bütün bunlara baxmayaraq, ölkə rəhbəri cəbhə bölgələrinə gedərək orada əhali, əsgərlərlə görüşür və bir yerdə olduğunu sübut edir. Bununla da dövlət başçısı sözün həqiqi mənasında Azərbaycan xalqının layiqli bir lider olduğunu göstərir. Cənab Prezidentin həm də Ali Baş Komandan kimi cəbhədə olması əsgərlərimizə, zabitlərimizə böyük ruh yüksəkliyi verir və torpaqlarımızın işğaldan azad olunmasına inamı artırır”.
"Hərbçinin Ali Baş Komandanı öz yanında görməsindən yüksək nə ola bilər ki?”
Milli Məclisin Müdafiə, təhlükəsizlik komitəsinin üzvü Aqil Abbas da vurğulayıb ki, Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva cəbhəyə səfər etməklə belə bir vaxtda öz vətəndaşının yanında olduğunu göstərib. Deputatın sözlərinə görə, Prezident mütəmadi olaraq cəbhəboyu rayonlara səfər edir və orada görüşlər keçirir: "Bu, Prezidentin ilk səfəri deyil. İlham Əliyev dəfələrlə cəbhədə, təmas xəttində olub, əsgərlərimizlə görüşüb. Hətta səfərlərindən birində orada yüksək rütbəli zabitlərlə müşavirə keçirib. Həmin müşavirə cəbhənin 2 km yaxınlığındaydı. Prezidentin və xanımının cəbhəyanı sakinlərlə görüşü rəhbərliyin vətəndaşın yanında olduğunun göstəricisidir. Onlar rayon sakinləri ilə görüşdü, evləri dağılan insanlara baş çəkdi. Sizi inandırıram ki, Prezidentin onlara baş çəkməsi, vəziyyətləri ilə maraqlanması həmin yaralılara 100 həkimin məlhəmindən daha yaxşı təsir edir. Bundan əlavə, Ali Baş Komandan cəbhədə əsgərlərə baş çəkdi. Əsgər qarşısında atasını gördü. Ali Baş Komandan hərbçinin atası sayılır. Hərbçinin Ali Baş Komandanı qarşısında, yanında, cəbhənin ön xəttində görməsindən yüksək nə ola bilər ki?”.
İsmayıl