Prezident sosial məsələlərə həssaslıqla yanaşır

Tarif Şurasının qərarının dəyişdirilməsi ölkə başçısının xalqa Yeni il hədiyyəsi kimi qiymətləndirilir



Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Tarif Şurasının növbədənkənar iclası keçirilib. Dövlət başçısının tapşırığına əsasən, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədilə şuranın iclasında əhali üzrə tarifi dəyişməyən təbii qaz üçün təsdiqlənmiş illik istehlak həcmi 1500 kubmetrdən 1700 kubmetrə, aylıq elektrik enerjisinin istehlakının həcmi isə 250 kilovat-saatdan 300 kilovat-saata qaldırılıb.

Bununla da, son tarif tənzimlənməsindən sonra ödənişlərində artım olmayan əhali abonentlərinin sayı təbii qaz üzrə 62 faizdən 75 faizədək, elektrik enerjisi üzrə isə 72 faizdən 80 faizədək yüksəlib. "Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev deyib ki, güzəştli limitlərin artırılması ilə diferensiallaşdırılmış tariflər abunəçilərin 75 faizinə şamil olunmayacaq. Kərbəlayev bildirib ki, Prezident İlham Əliyevin tapşırığı ilə Tarif Şurasının limitlərə yenidən baxılması qərarı əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönəlib: "Biz əhalinin maraqlarını müdafiə edən bu qərarı alqışlayırıq”. "Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev heç bir abonentin etdiyi ödənişin itməyəcəyini deyib: "Sistem özü bu işi avtomatik tənzimləyəcək. Dekabrın 1-dən 300 kvt/saat limit tətbiq edilir. Bu günə qədər 250 kvt saatı keçən ödəyicilərin elektrik enerjisinə görə borcu 11 yox, 7 qəpikdən hesablanacaq. Yalnız 300 kvt/saatı keçəndən sonra 11 qəpik tarifi tətbiq ediləcək”. 


Millət vəkili Musa Quliyev deyib ki, Tarif Şurasının qərarının dəyişdirilməsi ölkə başçısının vətəndaşlara hədiyyəsi idi: 
"Prezidentin müvafiq tapşırığı əsasında alınmış qərar bir daha sübut etdi ki, Azərbaycan rəhbərinin daxili siyasətində əhalinin sosial müdafiəsi, sosial siyasət prioritet istiqamətdir. Dövlət başçısı istənilən qərarı, fərmanı və göstərişində birinci növbədə Azərbaycan xalqının maraqlarını nəzərə alır”. Deputatın sözlərinə görə, Tarif Şurasının elektrik enerjisi və qazla bağlı son qərarı iqtisadi əsasları olan qərar idi. Amma Prezident yenə də ölkə vətəndaşlarını, xüsusilə də sosial müdafiəyə ehtiyacı olan vətəndaşları, eləcə də onların ehtiyaclarını nəzərə alaraq bu qərarın dəyişdirilməsini və güzəştlərin artırılmasını təmin etdi: "Təbii ki, bu, bütün Azərbaycan vətəndaşları tərəfindən minnətdarlıq hissi ilə qarşılanır. Bundan sonra da insanlar əmin ola bilər ki, ölkə başçısı istənilən zaman onların yanındadır və qərarları ilə ölkə vətəndaşının sosial müdafiəsini və maraqlarını təmin edəcək”. M.Quliyev onu da vurğulayıb ki, Prezidentin bu addımı 31 dekabr - Dünya Azərbaycanlılarının həmrəylik günü ərəfəsində ölkə əhalisinə hədiyyəsi kimi qiymətləndirilə bilər”.

Millət vəkili Məlahət İbrahimqızı da bildirib ki, Azərbaycan Prezidenti sosial məsələlərə çox həssaslıqla yanaşır: 

"Elə bunun nəticəsidir ki, Prezident İlham Əliyevin müvafiq tapşırığı əsasında Tarif Şurasının elektrik enerjisi və təbii qazın istifadəsində tətbiq olunan güzəştli limit artırılması ilə bağlı qərar verildi. Tarif Şurasının əvvəlki qərarının tələsik olduğunu deyən millət vəkili qeyd edib ki, dövlət başçısı məsələni araşdırdıqdan sonra güzəştlərin artırılması ilə bağlı tapşırığını verib. Ölkə başçısı son qərarı araşdırdıqdan sonra gördü ki, burada müəyyən qədər tələskənlik və məsuliyyətsizlik var. Ona görə də vətəndaşların sosial rifahını hər şeydən üstün tutaraq, qərarın dəyişdirilməsi, güzəştlərin artırılması ilə bağlı tapşırıqlarını verdi”. M.İbrahimqızı deyib ki, bu qərar Prezidentin ilk addımı deyil: "Biz dövlət başçısının həssas məsələlərə necə diqqət göstərdiyinin dəfələrlə şahidi olmuşuq. Bu qərar da həmin addımlardan biridir”.

Millət vəkili Tahir Rzayev də bəyan edib ki, Prezidentin bu tapşırığı insanların rifahına xidmət edir: 

"Prezidentin verdiyi tapşırıqlar, səsləndirdiyi fikirlər həmişə xalqın sosial rifahının

yaxşılaşdırılmasına yönəlib. Təbii qaz və elektrik enerjisindən istifadəyə görə, güzəştli limitlərin artırılması dövlət başçısının bu fəaliyyətinin əyani sübutudur. Prezident həmişə insanların sosial problemlərinə diqqətlə yanaşıb. Təbii qaz və elektrik enerjisindən istifadəyə görə güzəştli limitlər insanları düşündürən vacib məsələlərdən biridir. Cənab Prezident tərəfindən bu addımın atılması ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır”. Deputat qeyd edib ki, dövlət başçısı əhalinin sosial müdafiəsini gücləndirmək üçün daima lazımi tapşırıqlar verir: "Prezidentin bu tapşırığı vətəndaşlara dəstəkdir. Dövlət başçısı hər zaman xalqının yanında olduğunu, vətəndaşların maraqlarını hər şeydən üstün tutduğunu bir daha nümayiş etdirdi”.

Qərarı şərh edən iqtisadçı-ekspert Vüqar Bayramov da bildirib ki, limitlərin artırılması bütün hallarda müsbətdir: 

"Nəticə etibarı ilə limitlərin artırılması bir tərəfdən əvvəlki qiymətlərlə istifadə edilən həm elektrik enerjisi, həm də mavi qazın həcminin artmasına xidmət edir. Sözsüz ki, vətəndaşlar köhnə qiymətlərlə əvvəlki tariflərə nisbətən müqayisəli olaraq daha çox elektrik enerjisi və qazdan istifadə edə bilirlər. Eyni zamanda, limitin artırılması ondan istifadə edənlərin dairəsini genişləndirir. Bu da nə qədər artırsa, nəticə etibarı ilə imkan verir ki, daha çox ailəli vətəndaşlar bu limitlərdən istifadə edə bilsinlər”. Ekspert deyib ki, tətbiq olunan diferensial sistemin təkmilləşdirilməsinə ehtiyac var: "Güman edirəm ki, limitlərin artırılması həmin diferensial sistemin təkmilləşdirilməsi baxımından ilkin addım kimi qiymətləndirilməlidir. Xüsusən, inkişaf etmiş ölkələrdə olduğu kimi, həm gecə-gündüz, həm şəhər-kənd, həm də pik saatlarda fərqli tariflərin tətbiq edilməsi məqsədəuyğundur. Eyni zamanda, ölkənin iqtisadi inkişaf prioritetlərinə uyğun olaraq, xüsusən də sənaye sektorunda diferensial sistemin tətbiq edilməsi və təkmilləşdirilməsinə ehtiyac var. Prioritet sektorların dəstəklənməsi həyata keçirilsin”.

İsmayıl