Prezident Ucara və Göyçaya gedib

İlham Əliyev bəzi obyektlərin açlışında iştirak edib




Azərbaycan prezidenti İlham Əliyev Ucar rayonuna səfərə gedib. AzərTAc-ın xəbərinə görə, dövlət başçısı əvvəlcə Ucar şəhərinin mərkəzində Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyub. Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov abidənin ətrafında görülmüş işlər barədə prezident İlham Əliyevə məlumat verib.

Bildirilib ki, abidənin ucaldıldığı ərazidə son vaxtlar geniş abadlıq işləri görülüb, yaşıllıq zolaqları salınıb. Bura rayon sakinlərinin ən sevimli istirahət mərkəzlərindən birinə çevrilib.

Azərbaycan prezidenti İlham Əliyev "Ucar Aqro” MMC-nin quşçuluq sənaye kompleksi ilə də tanış olub. Dövlət başçısına məlumat verilib ki, müəssisənin illik quş əti istehsalı gücü 9,5 min ton təşkil edir. Müəssisədə 65 çeşiddə istehsal edilən quş əti məhsulları "Mərcan” brendi ilə təqdim olunur.

Qeyd edilib ki, əsas istehsal prosesi beş sahədə - kəsim, soyutma, bölünmə, qablaşdırma və şoklama sahələrində aparılır. Sonra prezident İlham Əliyevə Aran iqtisadi rayonu üzrə dövlətin güzəştli kreditləri hesabına maliyyələşdirilən investisiya layihələri barədə məlumat verilib. İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev dövlət başçısına məlumat verib ki, Aran iqtisadi rayonu üzrə 11 min 400-dək sahibkara 620 milyon manat civarında kredit verilib. Bunun 445 milyon manatını güzəştli kreditlər təşkil edir.

Prezident həmçinin quş əti emalı müəssisəsində və quş yetişdirmə fabrikində yaradılan şəraitlə tanış olub.

Ucar rayonuna səfəri zamanı prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak edib. Azərbaycan prezidenti binanın rəmzi açılışını bildirən lenti kəsib.

Dövlət başçısına məlumat verilib ki, partiyanın inzibati binasının tikintisi yüksək standartlara uyğun həyata keçirilib, ümumi sahəsi 600 kv. m olan bina müasir inventar və avadanlıqla təchiz olunub.

Azərbaycan prezidenti İlham Əliyev həmçinin Ucar Tarix-Diyarşünaslıq Muzeyi üçün inşa olunan yeni binanın açılışında iştirak edib. Dövlət başçısına məlumat verilib ki, ümumi sahəsi 650 kvadratmetr olan bina bütün lazımi kommunikasiya xətləri və müvafiq avadanlıqla təchiz olunub.

Azərbaycan prezidenti İlham Əliyev Ucar Gənclər Mərkəzinin açılışında iştirak edib. APA-nın məlumatına görə, dövlət başçısına məlumat verilib ki, 3 mərtəbəli binanın tikintisinə bu ilin əvvəlində başlanıb və inşaat işləri oktyabr ayında başa çatdırılıb. Prezident İlham Əliyev mərkəzdə yaradılan şəraitlə tanış olub. Ərazisi 2 min kvadrat metr olan Ucar Gənclər Mərkəzi respublikada ən böyük gənclər mərkəzlərindən biridir. Burada qurulan 7D formatlı kino zal orijinallığı ilə diqqəti cəlb edir. Xarici ölkələrdə istehsal olunan müasir avadanlıqların quraşdırıldığı zalda 7D formatlı filmlərin nümayişi üçün hər cür şərait yaradılıb. Elektron kitabxana və konfrans zalı da bütün lazımi avadanlıqlarla təchiz olunub. Burada, həmçinin atıcılıq salonu da təşkil edilib. Ən son avadanlığın quraşdırıldığı salonda gənclərin bu sahədə ibtidai hazırlıq keçmələri və onların interaktiv, pnevmatik silahlardan atəşaçma bacarıqlarının yüksəldilməsi üçün məqsədyönlü işlər aparılacaq.

Bildirilib ki, mərkəzin yaradılmasında əsas məqsəd yeniyetmələr arasında elmi-texniki biliklərin təbliği, onların elmi-yaradıcı təşəbbüslərinin artırılması, bu sahədə istedadlı gənclərin üzə çıxarılmasıdır . Mərkəzdə kompyuter bilikləri və xarici dil üzrə xüsusi kursların təşkili də planlaşdırılır. Akt zalı müasir üslubda qurulub.

Qeyd edilib ki, mərkəzdə gənclərin istirahətini təmin etmək üçün stolüstü oyunlar, eləcə də kafe, bar, internet klub, internet kafe də fəaliyyət göstərir. Mərkəzdə gənclərin müasir texnoloji yeniliklərlə yaxından tanış olmalarına, onların bilik və bacarıqlarının inkişaf etdirilməsinə yönələn kurslar təşkil ediləcək. Burada yaradılan şərait gənclərin asudə vaxtlarının səmərəli keçməsinə imkan verəcək. Mərkəz, həmçinin gənclərin ictimai fəallığının yüksəldilməsində mühüm rol oynayacaq.

Dövlət başçısı mərkəzin imkanlarından səmərəli istifadə edilməsi barədə tapşırıq və tövsiyələrini verib.

Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 6-da yenidən qurulan Göyçay-Ucar avtomobil yolunun açılışında iştirak edib. APA-nın məlumatına görə, "Azəryolservis” ASC-nin sədr əvəzi Saleh Məmmədov dövlət başçısına Göyçay-Ucar avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində görülən işlər barədə məlumat verərək bildirib ki, 3-cü texniki dərəcəli bu yolun uzunluğu 20 kilometrə yaxındır. Eni 12 metr olan yolda iki hərəkət zolağı var. Yol üzərində müxtəlif qovşaqlar, həmçinin bir dəmiryol körpüsü yerləşir.

Dövlət başçısı rəmzi açılışını bildirən lenti kəsib.