İlham Əliyev: “Azərbaycan xalqı Nazarbayevin addımını yüksək qiymətləndirir”
İyunun 5-də Türkiyənin Bodrum şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısında çıxış edən prezident İlham Əliyev Qazaxıstan prezidenti Nursultan Nazarbayevə xüsusi təşəkkür edib.
AzərTAc bildirir ki, Azərbaycanın dövlət başçısı çıxışında beynəlxalq təşkilatlarda qarşılıqlı siyasi dəstəyin vacib olduğunu söyləyib: "Mən çox şadam ki, biz üzv olduğumuz təşkilatlarda bir-birimizi dəstəkləyirik, xüsusilə BMT-də, İslam Əməkdaşlıq Təşkilatı, ECO təşkilatı çərçivəsində bir-birimizin dəstəyini hiss edirik, görürük.
Eyni zamanda, ölkələrimizin üzv olmadığı bəzi təşkilatlarda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin fəaliyyəti də böyük önəm daşıyır. Mən bu gün xüsusilə hörmətli Nursultan Nazarbayevin addımını qeyd etmək istəyirəm. O, bu yaxınlarda Astanada Avrasiya İqtisadi İttifaqının təsis toplantısında Ermənistanın bu təşkilata üzvlüyü ilə bağlı Azərbaycan tərəfinin narahatlığını ifadə edib. Biz buna görə hörmətli Nursultan Abişeviçə minnətdarlığımızı bildirmək istəyirik. Azərbaycan xalqı bunu yüksək qiymətləndirir. Bu, əsl dostluq, qardaşlıq addımı idi. Eyni zamanda, bu addım ədalətə və beynəlxalq hüquqa söykənir. Çünki ölkələrin beynəlxalq birlik, BMT tərəfindən tanınan sərhədləri toxunulmazdır. Ölkələrin ərazi bütövlüyü toxunulmazdır. Ərazi bütövlüyü hər bir ölkənin suverenliyini əks etdirən əsas məsələdir.
Bildiyiniz kimi, Azərbaycanın ərazi bütövlüyü uzun illərdir ki, pozulub. Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasəti aparır. Bu siyasət nəticəsində 20 faiz torpağımız işğal altındadır, bir milyondan artıq qaçqın-köçkün var. Bizə qarşı etnik təmizləmə siyasəti aparılıb, Xocalı soyqırımı törədilib. Bu gün dünyanın 10 ölkəsi Xocalı soyqırımını rəsmən soyqırımı kimi tanıyır.
Beynəlxalq təşkilatların bu məsələ ilə bağlı mövqeyi bəllidir. BMT Təhlükəsizlik Şurası Ermənistan işğalçı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasına dair dörd qətnamə qəbul edib. Əfsuslar olsun ki, bu qətnamələr bu günə qədər icra edilməyib. Qoşulmama Hərəkatı, Avropa Parlamenti, Avropa Şurası, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı - bütün bu mötəbər təşkilatlar öz qərar və qətnamələrində ədaləti, beynəlxalq hüququ və əslində Azərbaycanın mövqeyini dəstəkləyiblər. Ancaq əfsuslar olsun ki, işğalçı ölkə buna məhəl qoymur və işğal davam edir. Bu məsələnin həlli yalnız beynəlxalq hüququn norma və prinsipləri üzərində mümkündür. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi qeyd-şərtsiz icra edilməlidir. Ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir və soydaşlarımız öz dədə-baba torpaqlarına qayıtmalıdırlar. Baxmayaraq ki, orada artıq hər şey dağıdılıb. ATƏT-in faktaraşdırıcı missiyaları işğal edilmiş torpaqlara iki dəfə səfər ediblər və onların məruzələrində orada bütün dağıntılar öz əksini tapıb. O cümlədən bizim tarixi, dini abidələrimiz ermənilər tərəfindən vəhşicəsinə dağıdılıb.
Bu münaqişə böyük regional təhlükədir, eyni zamanda, bizim üçün iqtisadi cəhətdən də böyük problemlər yaradır. Buna baxmayaraq, Azərbaycan iqtisadiyyatı son illərdə uğurlu inkişaf dövrünü yaşayır. Hesab edirəm ki, biz Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində iqtisadi əməkdaşlığı daha da dərinləşdirməliyik. Bu sahədə investisiya layihələrinin icrası xüsusi önəm daşıyır. Deyə bilərəm ki, Azərbaycan hazırda Türkiyəyə böyük həcmdə investisiya qoymağa başlayıb. Növbəti 5-6 il ərzində bu investisiyaların həcmi ən azı 20 milyard dollar olacaq. Hesab edirəm ki, qarşılıqlı investisiyaların qoyuluşu həm bizim maraqlarımızı təmin edəcək, eyni zamanda, birliyimizi daha da möhkəmləndirəcək”.
İlham Əliyev çıxışında türkdilli dövlətlərin birgə investisiya fondunu yaratmaq məsələsini də qaldırıb: "Hesab edirəm ki, müəyyən mərhələdə biz birgə investisiya fondunun yaradılması haqqında da düşünməliyik. Çünki ölkələrimizin maliyyə vəziyyəti çox sabitdir, yaxşıdır. Biz heç bir problem yaşamırıq. Hətta özümüz də başqa ölkələrə kredit verməyə başlamışıq”.
Azərbaycan prezidenti TÜRKSOY-un fəaliyyətini də yüksək qiymətləndirib. Bildirib ki, TÜRKSOY bizi mənəvi cəhətdən, mədəniyyət sahəsində birləşdirən təşkilatdır: "Bizim birliyimizin təməlində əlbəttə ki, ortaq köklər, ortaq mədəniyyət, tarix dayanır və bu gün biz bu möhkəm təməl üzərində gözəl əməkdaşlıq yaradırıq. Buna görə, TÜRKSOY-un gələcəkdə də fəaliyyətini gücləndirmək üçün əlimizdən gələni edəcəyik”.