5 dövlətin 4-ü, yəni Rusiya, Azərbaycan, Türkmənistan və Qazaxıstan ratifikasiya məsələsində problem yaşanmayacağını bəyan edibYeganə İranda ratifikasiya zamanı müəyyən problem yarana bilər
22 ildən sonra Xəzər dənizinin hüquqi statusu üzrə Konvensiyanın imzalanması beş sahil dövləti üçün tarixi hadisə və mühüm nailiyyətdir. Sazişin imzalanması bir daha onu nümayiş etdirdi ki, Xəzəryanı dövlətlər regionda dayanaqlı sülh və əməkdaşlıq mühitinin təsbit olunmasında qəti əzmə malikdirlər.
Bu sənədin əsasını beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət kimi təməl prinsiplər təşkil edir. Şübhə yox ki, sazişin imzalanması qarşıda duran digər problemlərin də həllinə işıq tutacaq. Lakin indi gündəmdə duran ən mühüm məsələ Konvensiyanın ratifikasiya olunmasıdır.
Ölkədaxili prosedurlara uyğun olaraq Konvensiya üzv dövlətlərin ratifikasiyasına təqdim olunacaq. Bu barədə mətbuata açıqlama verən Azərbaycan Xarici işlər naziri Elmar Məmmədyarov Konvensiyanın ratifikasiyasının tezliklə başa çatacağına ümid etdiyini deyib:
"Ratifikasiya prosesinin başa çatması regionun dayanaqlı inkişafı üçün daha da geniş imkanlar açacaq. Bütün Xəzər regionunun və xalqlarımızın gələcək mənafeyi naminə xoş niyyətə, dostluğa və əməkdaşlığa əsaslanan intensiv işimiz bundan sonra da davam etdiriləcək”.
Sənədin ratifikasiyası ilə bağlı "Şərq”ə açıqlama verən politoloq Tofiq Abbasov bildirib ki, 5 dövlətin 4-ü, yəni Rusiya, Azərbaycan, Türkmənistan və Qazaxıstan ratifikasiya məsələsində problem yaşanmayacağını bəyan edib. Dövlət başçıları həm öz ölkələrinin siyasi və iqtisadi elitalarının, həm də qanunverici orqanlarının ümumi rəyini, mövqeyini bildikləri üçün əminliklə sənədə imza atıblar: "Aktauda ölkə rəhbərlərinin anlaşmaya qol çəkməsi göstərir ki, prezidentlər öz xalqlarının niyyətlərini reallaşdırıblar. Yeganə İranda ratifikasiya zamanı müəyyən problem yarana bilər. Çünki, İran parlamentində Prezident Həsən Ruhanini dəstəkləməyən və onu sərt tənqid edən xeyli qüvvələr var. Xüsusən, son dönəmlər ABŞ-ın sanksiyalarından dolayı Ruhani ciddi ittiham altındadır. Onun mövqeləri zəifləyib.
Bu məqamdan istifadə edən narazı qüvvələr prezidentin həyata keçirdiyi siyasətə, daha doğrusu, imzaladığı sənədə etinasız yanaşa bilərlər. Ancaq siyasi baxımdan Ruhaninin sənədə imza atması İran dövlətinin və rəhbərliyinin Konvensiyanın nə qədər mühüm olduğunu anladıqlarını göstərir.
Əgər mövcud reallığı dərk edən deputatlar da Konvensiyanın önəmini görsələr, sənədin ratifikasiyasına mane olmazlar. Hansısa problemlərin ortaya çıxacağı təqdirdə çox güman ki, İranın ali dini rəhbəri məsələyə müdaxilə edəcək və nəticədə məsələ müsbət həll olunacaq”.
İsmayıl