Prezidentlərin Soçi görüşü aktual oldu
Ekspertlər Azərbaycan-Rusiya əlaqələrinin gələcəyi haqqında nikbindirlər
Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya rəhbəri Vladimir Putin arasında Soçidə keçirilən görüş siyasi təhlilçilərin əsas müzakirə mövzusu olaraq qalmaqdadır. Görüşün detalları barədə tam məlumat verilməsə də, prezidentlərin anidən bir araya gəlməsi kifayət qədər maraqlı məqamlardan xəbər verir. Sözsüz ki, Azərbaycan üçün ən əhəmiyyətli məsələ Dağlıq Qarabağ münaqişəsinin həllidir. Bu baxımdan konfliktin nizamlanmasına Rusiyanın yanaşması xüsusi ilə maraq doğurur. Əslində Bakının mövqeyi Moskva üçün bəllidir.
Sülhə aparacaq şərtləri də Prezident İlham Əliyev dəfələrlə bəyan edib. Son aylarda Rusiyanın münaqişə ilə bağlı aktivliyi müşahidə olunur. Kreml Bakının əsas probleminin həllində dalana dirənən diplomatik təmasları yenidən işə salır. Özü də bütün posseslər qısa zaman kəsiyində reallaşır. Son nəticədə isə Soçi görüşü baş tutur. Ekspertlərə görə, Soçi görüşü çox çətin və mürəkkəb geosiyasi şəraitdə iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin mövcudluğunu göstərir. Görüşdə Azərbaycan və Rusiya prezidentlərinin səsləndirdikləri fikirlər də bunu əminliklə söyləməyə əsas verir. Soçi görüşü rusiyalı siyasi ekspertlərin də müzakirə mövzusuna çevrilib.
"Prezidentlərin Soçi görüşü 2 dövlətin münasibətlərinin inkişafının sübutudur”
Rusiya Dövlət Dumasının deputatı, Azərbaycan-Rusiya parlamentlərarası Dostluq qrupunun rəhbəri Dmitri Savelyev bildirib ki, Soçi görüşü iki ölkə arasında dostluq münasibətlərinin ancaq inkişaf edəcəyinin daha bir əyani sübutudur: "Prezidentlərimizi və xalqlarımızı zamanın sınağından çıxmış dostluq münasibətləri bağlayır. Biz hər zaman dost üçün dost və strateji tərəfdaş olacağıq. Şübhəsiz ki, bizim aramızda olan möhkəm, qarşılıqlı hörmətə əsaslanan ölkələrimiz arasındakı əlaqələrin dəstəklənməsi kiməsə sərf etmir. Onlar hər yolla Rusiya və Azərbaycanı biri-birinin qarşısında və eləcə də dünya ictimaiyyəti qarşısında qaralamağa cəhd edirlər. Lakin sonda həqiqət hər zaman ortalığa çıxır. Rusiya və Azərbaycan mətbuat, turistlər, biznes və beynəlxalq müşahidəçilər üçün açıqdır. Bütün məsələlər rəhbərlərimiz arasında iş rejimində müzakirə olunur. Əsas açar rolunu oynayan qərarlar ardıcıl həyata keçirilir, Rusiya və Azərbaycan arasındakı münasibətlərin bütün sahələrdəki inkişafına keyfiyyətli və müsbət təsir göstərir. Bundan sonrakı əməkdaşlığımız da bu şəkildə inşa olunacaq”.
"Azərbaycanın Rusiya ilə əməkdaşlığı bir çox regional və geosiyasi məsələləri həll edə bilər”
Rusiya Elmlər Akademiyasının İqtisad İnstitutunun elmi əməkdaşı Aleksandr Karavayev deyib ki, Azərbaycanın Rusiya ilə əməkdaşlığı bir çox iqtisadi, siyasi, regional və geosiyasi məsələləri həll edə bilər. Ekspert Azərbaycan və Rusiya Prezidentləri İlham Əliyev və Vladimir Putinin görüşünü şərh edərkən deyib ki, Soçidə iki ölkə başçısı tərəfindən müzakirə edilən Azərbaycan-Rusiya münasibətləri bu əlaqələrin gələcəyini müəyyən edir: "Təbii ki, danışıqların tək mövzusu ikitərəfli münasibətlər olmayıb, beynəlxalq məsələlər də gündəlikdə olub.
Danışıqların müzakirə mövzusu olaraq növbəti məsələ üçtərəfli formatlarda münasibətlərin inkişaf etdirilməsidir - Azərbaycan-Rusiya-Türkiyə və Azərbaycan-Rusiya-İran formatı. İki ölkə əməkdaşlığında Rusiya istehsalı olan silahların Azərbaycana tədarükü xüsusi yer tutur. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə gəlincə isə Rusiya bu münaqişə üzrə daha ardıcıl və ciddi vasitəçidir”.
"Rusiya əsas vasitəçi təşəbbüsünü itirmək istəmir”
"Novaya Rossiya” hərəkatının lideri, ictimai xadim Nikita İsayev Soçi görüşünü şərh edərkən deyib ki, Azərbaycan və Rusiya liderlərinin münasibətlərinin səviyyəsi iki ölkə arasında əlaqələrin səmərəliliyini müəyyən edir. Onun sözlərinə görə, iki ölkə başçısının şəxsi münasibəti onlara ikitərəfli əlaqələri, həmçinin Dağlıq Qarabağ münaqişəsinin həllini səmərəli müzakirə etməyə imkan verir: "Rusiya münaqişənin əvvəlindən danışıqlar prosesində əsas vasitəçi olub. Rusiya bu gün əsas vasitəçi təşəbbüsünü itirir. Çünki 25 ildən artıqdır ki, münaqişənin deskalasiyasını təmin etmək mümkün olmayıb. Fransa və ABŞ liderləri yaxın zamanda münaqişənin həlli üzrə fəal fazaya keçəcəklər və çox güman ki, bu, Rusiyanın mövqeyinə qarşı olacaq”.
"Soçi görüşü Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfəsini verəcək”
"Trend” informasiya agentliyinin baş direktorunun müavini, siyasi ekspert Arzu Nağıyev deyib ki, Soçi görüşü iki ölkə arasında münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. A.Nağıyev hesab edir ki, bu görüşün məhz Rusiya rəhbərinin təşəbbüsü ilə keçirilməsi ölkəmizin etibarlı tərəfdaş olduğunu göstərir:
"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verilən proqnozlar göstərir ki, regional problemlərin, iqtisadi, siyasi və hərbi məsələlərin həllində Azərbaycan əhəmiyyətli tərəfdaş və söz sahibidir. Məlumdur ki, regionda istər iqtisadi layihələr, istərsə də hərbi-siyasi məsələlərin həlli Rusiya və Azərbaycansız mümkün olmayacaq. Hərçənd ki, buna Ermənistan və Rusiya rəhbərliyində təmsil olunan ermənipərəst və antiazərbaycan qüvvələr mane olurlar və olacaqlar da. Ermənistan rəhbərliyinin bu ərəfədə Avropa və ABŞ-a meyillənməsi də Rusiyaya bir mesajdır. Təbii ki, Soçi görüşündə bizi maraqlandıran əsas məsələ dalana dirənmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesidir. ATƏT-in Minsk Qrupunda təmsil olunan Rusiya SSRİ-nin varisi kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində açar rolunu oynayır və Ermənistana hərtərəfli təzyiq mexanizminə malikdir. Görüşdə müzakirə olunan əsas məsələlərdən biri məhz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün atılacaq addımlarla bağlı olub. İki dövlət başçısının bu məsələni təklikdə müzakirə etməsi mühüm məqamdır və düşünürəm ki, bu, münaqişənin həlli prosesinə öz töhfəsini verəcək”.
İsmayıl