Professor Kamal Abdullanın təşəbbüsünü ALQIŞLADI




Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü Kamal Abdulla maraqlı təşəbbüslə çıxış edib. Rektor bildirib ki, tələbələrin mağazalardan aldıqları kitabların pulu universitet tərəfindən ödəniləcək. Bunun üçün tələbələr kitab mağazasından aldığı qəbzləri universitetə təqdim etməlidirlər. Rektorun bu təşəbbüsü tələbələr tərəfindən alqışlarla qarşılanıb.

Kamal Abdullanın bundan sonra tələbələrin mağazalardan aldıqları kitabların pulunun universitet tərəfindən ödəniləcəýi barədə açıqlamasının diqqətçəkən olduğunu deyən Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynovun sözlərinə görə, bu addım orijinal və həm də humanist təşəbbüsdür: 

"Nəzərə alsaq ki, bütün ölkələrdə, o cümlədən bizim ölkəmizdə də tələbələr cəmiyyətin sosial dəstəyə və qayğıya ən çox ehtiyac duyduğu kəsimlərdən sayılır, o zaman hörmətli rektorun bu təşəbbüsünün nə dərəcədə yerinə düşdüyünü və lazımlı addım olduğunu təsəvvür etmək elə də çətin deyil. Tələbə üçün kitab gündəlik olaraq qidalandığı yeməklərdən də önəmlidir. Son vaxtlar isə istər dərsliklərin, istərsə də elmi-populyar kitabların qiyməti kifayət qədər yüksək olduğuna görə, heç də hər tələbənin bu kitabları almaq imkanı olmur. ADU rektorunun bu addımı ən azı bir universitetin tələbələrinin üzünü güldürdüyünə görə təqdirəlayiqdir.

Kamal müəllimin bu addımı gənclərdə kitab oxumağa, maariflənməyə maraq yaratmaq baxımından da əhəmiyyətlidir. Bu mənada, mən cənab rektora öz təşəkkürümü bildirirəm. Onun bu addımı sözün yaxşı mənasında bir "ilk” oldu. Bu kimi sosial əhəmiyyətli humanist təşəbbüslərin get-gedə çoxalmasını arzu edərdim”.

Sabiq millət vəkili, professor Şahlar Əsgərov da "Şərq”ə açıqlamasında Kamal Abdullanın belə bir təşəbbüslə çıxış etməsinin və üzünü tələbələrə tutub onların problemləri ilə maraqlanmasını müsbət addım hesab edir:

"Onun bu jestini alqışlayıram. Amma bir məsələ var ki, birinci kurslar o kitabdan bir il istifadə edib, evə atacaqlar. Bu ilin birinci kursları 2-3-cü kurs olanda o kitabı lazımsız bir əşya kimi kənara atacaqlar. Yaxşı olar ki, Kamal müəllim tədris üçün əhəmiyyətli olan dərslikləri alıb universitetin kitabxanasına yığsın. Sayı da uşaqların sayına uyğun olsun ki növbə yaranmasın. Bu zaman növbəti nəsillər də həmin kitabdan istifadə edə biləcəklər. Bu həm də tələbələrimizin kollektiv düşüncə əsasında tərbiyə olunmasına zəmin yaradacaq. Mən gənclərin bir küncə çəkilib kitab oxumasının yox, oxu zalları, kitabxanalardan istifadə etməsinin tərəfdarıyam. Bu uşaqların ictimailəşməsi və sosial həyata adaptasiyasına gətirib çıxaracaq”.

Ş. Əsgərovun sözlərinə görə, kollektiv əməyin inkişafına nail olmaq üçün biz orta məktəblərdə şahmat yox, futbol və voleybolu təbliğ etməliyik: 

"Çünki şahmatda fərdi, futbolda kollektiv uduş var. Biz uşaqlarımıza kollektiv ruhu aşılamalıyıq ki, sabah müharibə başlayanda cəbhəyə fərd olaraq yox, millət olaraq axın edək. Bu ideyamla bağlı Rusiyanın elmi jurnallarının birində geniş məqaləm də dərc olunub. Məişətimizdə də biz kollektiv əməyi üstün tutmalıyıq. Məsələn, solo oxumaqdansa xor oxumağa, yallı oynamağa üstünlük verməliyik. Çünki yallıda hamı bir- birinin əlindən tutur. Bu isə kollektiv şüurun formalaşmasına böyük təkan verəcək”.

Şəymən