Professora qaranlıq qalan məqamlar var

Tibbi sığortadan bütün əhalinin fayda görməsi yaxın perspektiv deyil



Azərbaycanda icbari tibbi sığorta ilə bağlı qanun layihəsinin uzun müddət mövcud olmasına baxmayaraq, nəhayət, layihə bu il həyata keçirildi. Mingəçevir və Yevlaxda tətbiq edilən pilot layihənin artıq uğurla yerinə yetirildiyi bildirilir. Hətta bu həftə ərzində pilot ərazilərin 3 sakini əməliyyat olunub.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Aynurə Əhmədova da məlumat verib. O qeyd edib ki, döş qəfəsində ağrı və təngənəfəslik şikayəti ilə Yevlax rayon sakini Vahid Əliyev Yevlax Rayon Mərkəzi Xəstəxanasına müraciət edib: 

"Aparılan müayinələr nəticəsində xəstəyə ürəyin işemik xəstəliyi, qeyri-stabil stenokardiya diaqnozu qoyulub. Xəstənin bir dəfə miokard infarktı keçirdiyi, ürəyin atım fraksiyasının kritik səviyyədə aşağı olması onun təcili aorta koronar şuntlama əməliyyatına (açıq ürək əməliyyatı) göstəriş olub və əməliyyat uğurla həyata keçirilib. Hazırda xəstənin vəziyyəti stabildir, stasionarda müalicəsi davam edir”.

Qeyd edək ki, bu, pilot ərazilərdə icbari tibbi sığortanın tətbiqi ilə bağlı bu həftə ərzində edilən 3-cü həyati vacib, dəyəri yüksək olan əməliyyat təminatıdır.

Məsələni dəyərləndirən tibb elmləri doktoru, professor Adil Qeybulla pilot rayonlarda keçirilən tibbi sığortanı anlamadığını deyib. Professorun qənaətincə, sığortanın bir-iki rayonda aparılması məsələnin tam həlli demək deyil və hər zaman bu cür epizodik hadisələr baş verib: 

"Çünki bununla bağlı ümumdünya təcrübəsi var. Bu, Azərbaycanda yeganə və dünyada ilk dəfə aparılan bir şey deyil. Dünya təcrübəsini öz ölkəmizdə tətbiq etməliyik. İcbari tibbi sığortanın respublika ərazisində sistem şəklində aparılması tam təmin olunmalıdır və sığorta üçün ayrılmalar adekvat olmalıdır. Sığortada monikulyasiyaların, əməliyyatların və müayinələrin qiymətlərinə fikir verdim. 

Hər halda 2 il devalvasiya şəraitində effektli bir sistem qurmaq real görünmür. Ona görə uğurun nədən ibarət olduğunu bilmirəm. Müxtəlif orqan nəqli olub və digər məsələlər həyata keçirilib. Lakin bundan bütün əhalinin fayda görməsi hələ yaxın perspektiv deyil. Əsasən maliyyə mənbələri tapılmalıdır. Söhbət təkcə dövlət büdcəsindən getmir. Məsələn, Amerika təcrübəsinə baxanda orda səhiyyə xərcləri federal büdcədən çoxdur. Deməli, bunun üçün onlarda əlavə maliyyə mənbələri var. Azərbaycan niyə bu təcrübədən yararlanmasın?”.

Yeganə Bayramova