Professordan TƏKLİF:"Müxtəlif ixtisaslara fərqli imtahan sistemi tətbiq edilməlidir”




"Universitetlərə qəbul üçün müxtəlif ixtisaslara fərqli imtahan sistemi tətbiq edilməlidir”.

Bunu Sherg.az-a son zamanlar Azərbaycanda test üsulunun ləğv olunması ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirərkən filologiya elmləri doktoru, professor Bilal İsmayılov deyib.

Onun sözlərinə görə, bəzi ixtisaslar var ki, onlara qəbul olmaq istəyən abituriyentlərin yazılı və ya şifahi imtahan verməsi zəruridir:

"Yazılı imtahanların keçirilməsinin heç bir ziyanı yoxdur. Amma bir çox ixtisasları və fənləri nəzərə almaq lazımdır. Məsələn, riyaziyyat fənnindən imtahanlar testlə aparıla bilər. Konkret ixtisaslar var ki, onlara qəbul olmaq istəyənlər yazı qabiliyyəti olmadan imtahan verməməlidirlər. Tutaq ki, sərbəst bir mövzu haqqında esse yaza bilməyən abituriyent necə jurnalist ola bilər? Eləcə də dil ixtisasları üzrə qabiliyyəti, şifahi nitqi olmayan adam yaxşı mütəxəssis ola bilmir. Müəllimlik ixtisasına qəbul olunmaq istəyənlər dil bilgiləri yoxdursa, gələcəkdə çətinliklə üzləşirlər. Düzdür, həmin abituriyent yazıda da, testdə də yüksək nəticə göstərə biləcək. Lakin onun şifahi nitq qabiliyyəti olmasa, ondan yaxşı müəllim olmaz.
Şəxsən mənim müəllimlik təcrübəmdə belə bir hal olub. Nitq qabiliyyəti, danışığı olmayan bir oğlan tələbəm müəllimlik ixtisasında oxuyurdu. Yazılı və test imtahanlarında yüksək nəticə göstərirdi. Ona həmişə irad tuturdum ki, sən müəllim olacan, danışığın, tələffüz qabiliyyətin olmalıdır. Dili tədris etməlisən axı. Tələbəm isə mənə "müəllim olmayacam, başqa sahədə işləyəcəm, sadəcə istəyirəm ki, ali təhsilim olsun” –deyə cavab verdi. Əslində istisnalar həmişə var, 100 adamdan 1-2-si belə ola bilər. Amma kütləvi şəkildə abituriyentləri, tələbələri robotlaşdırmaq düzgün deyil. Müxtəlif ixtisaslara müxtəlif yanaşma buna görə lazımdır”.

Test üsulu ilə imtahanın üstünlüklərindən danışan professor deyib ki, test imtahanlarının tamamilə aradan götürülməsi də müsbət cəhət olmacaq:

"Dediyim kimi, bu sistem robotlaşmaya yol açır, amma imtahan verənlərin içərisindən talantlı uşaqlar da çıxır. Bunu da nəzərə almalıyıq. Məsələn, kasıb ailədən çıxmış, arxasız, öz bacarığı, savadı olan uşaqlar da testlə elmə gələ bilirdi. Bu cəhətdən yaxşıdır, amma onların arasında savadsızlar da irəli çəkilir. 150-200 balla ən yüksək universitetlərə tələbələr qəbul edilir. Onlar bir şəkildə universiteti bitirir, sonradan iş də tapa bilər, lakin həmin məzunlarla işləmək çətin olur. Baxırsan ki, hansısa yolla elə zəif savadlı uşaqlar qiymət də alır, başqalarından irəli də gedir. Amma həmin savadsızlar cəmiyyətdə və işlədikləri yerlərdə yüksək nəticə göstərə bilmirlər. Reallıqdan danışaq ki, savadı olan şəxslər bəzən kənarda qalır, iş tapa bilmir. Son zamanlarda isə qəribə nəticələrlə qarşılaşırıq ki, savadı zəif məzunlar tanışlıq və başqa vasitələrlə iş tapa bilirlər. Kifayət qədər yüksək müəssisələrdə işləyirlər. Buna görə də, hər sistemin mənfi və müsbət cəhətləri özünü göstərir desək, yanılmarıq”.

Ümumilikdə test sisteminin ləğvinin bəzi ixtisasları nəzərə almaqla həyata keçirilməli olduğunu qeyd edən B. İsmayılov bunu müəyyənləşdirmək üçün tədqiqatın vacib olduğunu vurğulayıb:

"İxtisasların, fənlərin tələblərinə uyğun şəkildə imtahan prosesi tətbiq edilməlidir.
Təbii ki, test imtahanlarının şəffaflığına şübhə yoxdur . Amma yenə deyirəm savad göstəricisinin müəyyən olunmasında kifayət etmir. Aşağı bal toplayan abituriyentlərin yüksək bal toplayanlarla birlikdə eyni ixtisaslara, universitetlərə qəbul olunması bir qədər təzadlıdır”.

Qeyd edək ki, son günlər Azərbaycanda test üsulunun ləğv olunması ilə bağlı fikirlər səsləndirilir. Bir çox təhsil ekspertləri belə düşünür ki, təhsil sistemində test üsulunun ləğv olunması Azərbaycan cəmiyyəti üçün faydalıdır.

Aysel Aslan