İl ərzində ən azı 4 dəfə müayinə olunmaq əvəzinə, 4 ildə 1 dəfə həkimə gedirik
Fərdlərin talassemiya daşıyıcısı olması, hər kəsin şəxsiyyət vəsiqəsində əks olunmalıdır
2016-cı ilin 1-ci yarımilliyi ərzində Respublika Talassemiya Mərkəzinə müraciətlərin sayı 11802 olub. Onlardan 1630-u ilkin müraciətlərdir. Dispanserdə qeydiyyata alınanların sayı 142 nəfərdir.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hazırda Respublika Talassemiya Mərkəzində dispanser qeydiyyatında 2729 xəstə var ki, onlar da müvafiq qaydada dövlət hesabına müalicələrini davam etdirir. Mərkəzin gündüz stasionarında dispanser qeydiyyatda olan xəstələrdən 976 nəfərinə mütəmadi olaraq eritrositar kütlə köçürülür. Eyni zamanda Mərkəzin Hemotoloji şöbəsində cari ilin ilk 6 ayı ərzində 262 xəstə stasionar müalicə alıb və bütün lazımi dərman preparatları ilə təmin olunub.
Eyni zamanda cari ilin 6 ayı ərzində Mərkəzin ümumi laboratoriyasında 10200 nəfər proqram çərçivəsində müayinələrdən keçib. Bundan əlavə 102 nəfərdə HLA uyğunluq müayinəsi aparılıb. 2015-ci ilin iyun ayından ailə həyatı quran cütlüklərin nikahdan öncə müayinəsi talassemiya daşıyıcılarının vaxtında aşkarlanmasında mühüm rol oynayıb. Aparılan bu müayinələrdə məqsəd talassemiyalı xəstə uşaqların dünyaya gəlməsinin qarşısını almaqdır.
İndiyədək 152659 nəfər müayinədən keçib. 7503 nəfərdə daşıyıcılıq aşkarlanıb. Bunlardan 58 cütlüyün hər ikisində daşıyıcılıq qeydə alınıb ki, həmin şəxslərə də müvafiq məsləhətlər verilib.
Bəs ailə həyatı quran cütlüklərin nikahdan öncə məcburi tibbi müayinəsi olmasa, o zaman bu xəstəliklər hansı problemlərə yol aça bilər?
Tibb elmləri doktoru, professor Adil Qeybullanın sözlərinə görə, insanların xəstəliklərindən məhz məcburi tibbi müayinə zamanı xəbər tutmalarına səbəb ondan irəli gəlir ki, il ərzində ən azı 4 dəfə müayinə olunmaq əvəzinə, 4 ildə 1 dəfə həkimə gedirik. Səbəb kimi isə pulsuzluğu, ya da vaxt kasadlığını bəhanə gətiririk: "Ailə həyatı quran cütlüklərin nikahdan öncə müayinəsi zamanı onlarda talassemiya aşkarlanması o demək deyil ki, irsi xəstəlik daşıyıcıları ailə qurmamalıdır: "Talassemiya irsi bir xəstəlikdir. Yəni genlə bağlı bir məsələdir. Əvvəllər bu müayinə yox idi deyə heç kim talassemiya daşıyıcısı olduğunu bilmirdi və xəstə uşaqlar doğulurdu. Amma indi talassemiya daşıyıcılarını ayırmaq olmaz. Hətta talassemiya xəstəsi olan adam da ailə qurmalıdır. Bu baxımdan hamiləlik zamanı müəyyən şərtlərə əməl edilsə, xəstə uşağın doğulmasının qarşısını almaq olar. Amma aşkarlanan digər xəstəliklərə gəlincə, məsələn, sifilis cinsi yolla keçən xəstəlikdir. Onun aşkarlanması önəm kəsb edir. Ən azı ona görə ki, bu xəstələr vaxtında müalicə alırlar və xəstəliyin başqasına keçməsinin qarşısı alınır. Digər tərəfdən, həmin xəstəliklərin siyahısı hələ yetərli deyil. Yəni tam müayinə etmək üçün bəzi xəstəliklərin, xromosom, irsi yolla keçən xəstəliklər də var ki, onların da həmin paketə salınması düzgün olardı. Ən azı yeni ailə quranlar bunu bilərdilər və müəyyən profilaktik tədbirlər görərdilər”.
Adil Qeybullanın sözlərinə görə, əhalinin qan qrupu kimi, talassemiya daşıyıcısı olması da hər bir kəsin şəxsiyyət vəsiqəsində əks olunmalıdır və dövlət proqramı da bunu hədəf götürməlidir. Çünki bu, genefonda yetərincə təhlükə yaradan məsələdir. Tədricən bu prosesə nəzarət olunmalı, profilaktik işlər görülməlidir. Azərbaycan, az qala, talassemiyanın endemik zonası sayıla bilər. Açıqlanan statistika əhali sayına nisbətdə çox böyük, təkrarolunmaz bir rəqəmdir”.
Adil Qeybulla əhali arasında bir dəfə dispanserizasiya həyata keçirib bütün daşıyıcıları müəyyən etməyi vacib sayır.
Şəymən