Qarabağın həllində tərəflər nə qalib, nə də məğlub sayılsınlar
Qabil Hüseynli: “Putinin Bakı səfərindən sonra Sarkisyanı Moskvaya dəvət etməsi də qaranlıq məsələdir”
"Biz Azərbaycan və Ermənistana hansısa hazır reseptləri qəbul etdirməyə çalışmırıq”. Bunu Rusiya Prezidenti Vladimir Putin "Azərtac”a müsahibəsində deyib. Prezident bəyan edib ki, tərəflər kənardan təzyiq olmadan özləri razılığa gəlməli, qarşılıqlı məqbul həll yollarını tapmalıdırlar: "Bu, bizim qəti mövqeyimizdir. Rusiyanı Azərbaycan və Ermənistan ilə dərin tarixi köklər, strateji xarakterli münasibətlər, coğrafi yaxınlıq bağlayır.
Buna görə də biz maraqlıyıq ki, regionda sülh və asayiş yenidən bərqərar olsun. İnsanlar həlak olmasın, sərhədlər açılsın, iqtisadi əlaqələr bərpa edilsin. Bunun üçün nə mümkündürsə edirik”. Putin xatırladıb ki, Rusiyanın birbaşa köməyi ilə 1994-cü ilin mayında atəşkəs haqqında saziş imzalanıb və bu saziş indiyə qədər atəşkəsin əsasını təşkil edir: "2008-ci ildə Moskva Bəyannaməsinin qəbul edilməsi mühüm mərhələ oldu. Sənəddə təsdiq edilib ki, münaqişənin tənzimlənməsinə yalnız siyasi yolla nail olmaq mümkündür. Yeri gəlmişkən, bu, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair Azərbaycan və Ermənistan prezidentlərinin imzaladıqları ilk və hələlik yeganə sənəddir. Bu il aprel ayının əvvəlində irimiqyaslı döyüş əməliyyatlarının dayandırılmasında da məhz Rusiya həlledici rol oynayıb”. Putin deyib ki, elə bir razılaşma olmalıdır ki, tərəflər nə qalib, nə də məğlub sayılsınlar: "Güzəştlər qarşılıqlı olmalıdır. Tərəflərin qazancı həm Azərbaycanda, həm də Ermənistanda ictimai rəy üçün aydınlaşmalıdır. Rusiya bütün tərəfləri razı salacaq həll variantını dəstəkləməyə, digər vasitəçilərlə birlikdə tənzimləmənin qarantı kimi çıxış etməyə hazırdır”. Putinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dedikləri Azərbaycan ictimaiyyətində birmənalı qarşılanmayıb. Bir çox ekspertlər Kreml rəhbərinin məsələyə bu cür yanaşmasına etiraz ediblər. Bu barədə "Şərq”ə açıqlama verən Qabil Hüseynli Rusiya Prezidentinin məsələyə münasibətini qeyri-ciddi adlandırıb və təəssüf doğurduğunu bildirib: "Postsovet məkanındakı bütün münaqişələrin arxasında Rusiya dayanır.
Bunu gizlətmək lazım deyil. Dağlıq Qarabağ probleminin yaranmasında da Moskvanın həlledici rolu olub. Rus hərbiçiləri ermənilərlə birgə torpaqlarımızın işğalında bilavasitə iştirak ediblər. Biz bunları unutmamışıq. Ancaq Rusiya uzun müddət Ermənistan vasitəsilə münaqişəni dondurmağa nail olub. Məsələnin bu cür dondurulmuş şəkildə qalması isə Kremlin strateji maraqlarına xidmət edir və Cənubi Qafqaza nəzarət məqsədi daşıyır”. Politoloqun sözlərinə görə, Rusiya keçmişdən nəticə çıxartmayıb: "2-5 aprel savaşında Azərbaycan tərəfi üstünlük əldə edəndə müəyyən canfəşanlıq göstərdilər. Məhz Moskvanın səyi nəticəsində atəşkəs imzalandı və danışıqlar prosesi canlandı. Ancaq məsələnin həlli mərhələsinə gəldikdə yaxalarını kənara çəkdilər. Necə yəni tərəflər öz aralarında razılığa gəlsinlər. Kriminal erməni rəhbərliyi ilə dil tapmaq mümkün deyil axı. İrəvan diplomatiya dili ilə danışmır. Rusiya isə düşmən tərəfə təzyiq göstərmək əvəzinə onlara kömək edir, dəstəkləyir, pulsuz silah göndərir. Əgər özümüz razılığa gələ bilirdiksə, onda Minsk Qrupu, həmsədrlər, vasitəçilər nəyə lazımdır? Putinin Bakı səfərindən sonra Sarkisyanı Moskvaya dəvət etməsi də qaranlıq məsələdir. Deməli, "Rusiya problemin həllinə çalışır, tərəfləri razı salır, ortaya həll paketi qoyur” kimi sözlərin hamısı cəfəngiyyat imiş. Məqsəd başımızı qatmaqdır. Putinin dedikləri Minsk Qrupunun həmsədr dövlətinə yaraşmır”.
İsmayıl