Putin mesaj ünvanladı

Ankara ilə münasibətlər normallaşandan sonra “Türk axını” icra olunacaq



"Rusiya "Cənub axını” və "Türk axını” layihələrindən qəti olaraq imtina etməyib, sadəcə, Avropa Komissiyasının aydın mövqeyi gərəkdir”.

Bunu İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşdən sonra mətbuat konfransında Rusiya Prezidenti Vladimir Putin söyləyib. "Qara dənizin dibi ilə qaz ixrac marşrutlarına toxunan Rusiya lideri onu diqqətə çatdırıb ki, Türkiyə ilə bağlı məlum siyasi çətinliklər var: "Lakin biz heç bir layihədən imtina etmirik. Bizə, sadəcə olaraq, Avropa Komissiyasının aydın, anlaşılan, tam başa düşülən mövqeyi lazımdır. Lakin qeyd olunan layihələrin heç biri ilə bağlı bunu, hələ ki, görmürük”.

Putinin açıqlamasını şərh edən Neft Araşdırmaları Fondunun rəhbəri İlham Şaban bildirib ki, sözügedən layihələrin reallaşması mümkündür: "Bir şərtlə ki, Moskva və Ankaraya məxsus "Qazprom” və "Potaş” şirkətləri arasında müvafiq kommersiya sənədləri imzalansın. Yəni hökumətlərarası müvafiq kommersiya sənədləri imzalanmalıdır. Bundan sonra layihələrin reallaşması təbii ki, mümkündür. 2014-cü ildə "Türk axını” layihəsinə start verilmişdi. Bu layihənin marşrutu müəyyənləşdirilməsi istiqamətində böyük işlər görülmüşdü. Sonradan proseslər Ankara və Moskva arasındakı gərginliyə görə yarımçıq dayandı. İndi Putin bu açıqlaması ilə göstərmək istəyir ki, hökumətlər arasındakı münasibətlərin bu səviyyədə qalması daimi deyil. Vəziyyət yaxşılaşandan sonra həmin layihə icra oluna bilər. Əslində Putin bu mesajı verib”.

Ayyət Əhməd