“İndiyədək bizi eşitmirdiniz, artıq eşidin!” şəklində Vaşinqtona ünvanlanan emosional çağırışın mənası budur”
Rusiya prezidenti Vladimir Putin ölkənin istehsalı olan yeni silahlardan və raketlərdən danışıb. Onun çıxışı zamanı qanadlı və strateji raketin buraxılışı da nümayiş etdirilib. Putin bildirib ki, qanadlı raketinin uğurlu sınağı zamanı nüvə enerjisi qurğusu nəzərdə tutulan gücə çataraq lazımi dartma gücünü təmin edib: "O, meteorit kimidir. Dünyada hələ bunun bənzəri yoxdur. Raketin havaya buraxılması və yerüstü bəzi sınaqlar nüvə silahlı strateji kompleks üzərində işə başlamağa imkan verir”.
Bundan başqa, Putin yeni raket kompleksininin kütləvi istehsalına başladıqlarını da bildirib: "Yeni raket sistemi hipersəs sürətinə malikdir. Artıq hipersəsli aviasiya silahları ölkənin cənubundakı hərbi hissələrə yerləşdirilib. Lazer silahı üzərində də iş aparılır”. Putin Rusiyanın heç kimi hədələmədiyini və heç kimə hücum etmək fikrində olmadığını bildirib: "Bizim hərbi potensialımızdan işğal məqsədi ilə istifadə etmək planımız olmayıb və yoxdur. Heç kimin əlindən heç nəyi almağa çalışmırıq”. Buna baxmayaraq Putin Rusiyanın özünü müdafiəyə hər an hazır olduğunu deyib. Onun sözlərinə görə, Rusiya özünə və tərəfdaşlarına qarşı istifadə edilə biləcək hər hansı nüvə silahını hücum hesab edəcək və onun cavabı dərhal veriləcək.
Kreml rəhbərinin açıqlamasını şərh edən politoloq Şahin Cəfərli bildirib ki, Putinin "analoqu olmayan silah düzəltmişik” bəyanatı ən əvvəl diplomatiyanın, ABŞ-la aparılan qapalı danışıqların nəticəsiz qaldığını göstərir. Onun sözlərinə görə, yanvar ayının sonlarında Rusiyanın 3 kəşfiyyat orqanının rəhbərləri - Bortnikov, Korobov və Narışkin Vaşinqtona səfər etmişdilər. Bu, indiyədək görünməmiş bir hadisə idi. İstər həmin səfər zamanı CİA direktoru Pompeonun Korobov ilə görüşdən imtina etməsi, istər səfərdən sonra ABŞ-ın Suriyada rusiyalı muzdluları bombardman etməsi, istərsə də Putinin qəzəbli tonda çıxışı göstərir ki, sövdələşmə ya baş tutmayıb, ya da ABŞ "dərin dövləti” Trampın iradəsi xaricində bu prosesi baltalamaqla məşğuldur.
Digər səbəblərdən Amerikanın yeni milli təhlükəsizlik strategiyasında Rusiyanın əsas hədəflərdən biri olması, 2019-cu maliyyə ili üçün 716 milyard dollar həcmində yeni hərbi büdcə müəyyənləşdirilməsi və orada Avropada Rusiyaya qarşı fəaliyyətlər üçün 6,3 milyard dollar ayrılması, ABŞ-ın nüvə arsenalının modernizasiyasına başlaması və s. məqamlar var. Həmçinin, Rusiya sərhədlərində NATO hərbi infrastrukturunun yaradılması, Avropa və Asiyada ABŞ raket hücumundan müdafiə sisteminin qurulması, NATO-nun genişlənmə siyasətini davam etdirməsi, Rusiyaya qarşı sanksiyaların səngimək əvəzinə getdikcə daha da sərtləşdirilməsi və başqa hadisələr də mühüm rol oynayır. Bütün bunlarla bərabər, Rusiya kosmik sənayesinin ABŞ-ın özəl şirkətindən (SpaceX) geri qalmasının da Rusiya tərəfinin cavab verməsində rolu var”.
Ekspertin fikrincə, Putini hövsələdən çıxaran əsas amil isə son vaxtlar Rusiyaya təzyiqlərin müəyyən qədər alçaldıcı xarakter almağa başlaması olub:
"Suriyada Rusiya vətəndaşlarından ibarət "Vaqner qrupu”na qeyri-proporsional şəkildə zərbə endirilməsi, Rusiya idmançılarının Olimpiya oyunlarında ölkənin adı və bayrağı altında çıxışdan məhrum edilməsi, WADA-nın Rusiyanı bundan sonra beynəlxalq idman yarışlarına ev sahibliyi etmək hüququndan məhrum edəcək qərarın qəbuluna hazırlaşması, Argentinada Rusiya hakim dairələrinin əlinin olduğu narkotrafikin üzə çıxarılması, Tunisdə Rusiya silahı və hərbi texnikasını daşıyan gəminin saxlanılması bu qəbildən olan hadisələrdir. Putin ABŞ-ın konstruktiv niyyətlə masaya əyləşməsinə nail olmağa çalışır. "İndiyədək bizi eşitmirdiniz, artıq eşidin!” şəklində Vaşinqtona ünvanlanan emosional çağırışın mənası budur. Lakin Vaşinqtonda, xüsusən Konqres dəhlizlərində hökm sürən əhval-ruhiyyəni nəzərə alsaq, bu bəyanatın əks effekt doğurması ehtimalının yüksək olduğunu söyləyə bilərik. Gərginliyin daha da artması, o cümlədən kiçik və orta mənzilli raketlərin ləğvinə dair 1987-ci il tarixli Qorbaçov-Reyqan müqaviləsinin pozulması, Strateji hücum silahlarının ixtisarına dair müqavilənin uzadılmaması, silahlanma yarışının başlaması tamamilə mümkündür. Bir sözlə, yeni "soyuq müharibə” davam etməkdədir”.
İsmayıl