“Putinin Bakı səfəri Paşinyanı bərk narahat edib” – Şərh




"Ermənistan baş nazirinin Dağlıq Qarabağla bağlı əlaqəsiz və təhrikedici bəyanatlar verməsinə baxmayaraq, o, davamlı sülhün yaranması üçün maraqlıdır”.

Bunu "Sherg.az”a açıqlamasında Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndiyev deyib.

Analitik bildirib ki, Paşinyanın indiyə qədər verdiyi sərsəm bəyanatlar daxili auditoriya hesablanmışdı və siyasi hakimiyyətin möhkəmlənməsinə xidmət edirdi: 

"Paşinyan hakimiyyətdə möhkəmləndikcə danışıqlar prosesinə daha da çox maraq göstərəcək. İndiyə qədər keçmiş Ermənistan rəhbərləri Qarabağın işğalını uzatmaq üçün hər variantdan istifadə ediblər. Artıq demək olar ki, bu manevrlər bitib və problemin həllinə başlamağın zamanı yetişib. Hesab edirəm ki, bundan sonra "qarın ağrısı” bəhanəsi ilə danışıqlar masasından qaçmaq mümkün olayacaq. Prezident İlham Əliyevlə Paşinyanın ayaqüstü söhbətləşməsini görüş kimi təqdim etmək yanlışdır. Əgər Paşinyan Prezident İlham Əliyevlə görüşə gəlmək istəyirsə, konkret tədbirlər planını gətirməlidir. Buna hazır deyilsə, onunla bütün söhbətlər ayaqüstü olacaq. Rusiya prezidentinin Bakıya səfərinin ardından Ermənistana getməməsi Paşinyanı bərk narahat edib. Ona görə də Ermənistanın baş naziri ciddi düşünməlidir və indiyə qədər aldadılmış erməni xalqını başa salmalıdır ki, Dağlıq Qarabağa Azərbaycan tərəfindən təklif olunan ən yüksək idarəetmə statusu tarixi şansdır”.

V.Əfəndiyevin sözlərinə görə, ermənilər bu şansdan istifadə etməsələr, daha sonra bizə muxtar vilayət statusu almaq üçün yalvaracaqlar:

 "Azərbaycanın mövqeləri get-gedə güclənməkdədir. ABŞ-ın Kaliforniya ştatının Qubernatoru Cerri Braunun erməni lobisinin hazırladığı qanun layihəsinə veto qoyması çox mühüm hadisədir. Bu qanun layihəsinə əsasən, Kaliforniya ştatı qondarma erməni soyqırımını tanıyaraq, Türkiyəyə qarşı embarqo tətbiq etməli idi. Əgər onlar belə bir maneə ilə rastlaşırsa, demək xarici siyasətimizdə doğru yoldayıq. Son illər Azərbaycan və Türkiyə diplomatlarının eyni mövqedən çıxış etməsi və atılan bütün addımların razılaşdırılması belə bir uğurun əldə olunmasına gətirib çıxartmalı idi. Cerri Braun Azərbaycana xüsusi rəğbəti olan Qubernatordur”.

İsmayıl