"Putinin "danışan dili" Lavrovun getməsini istəyirsə, deməli..."

Tofiq Abbasov: "...XİN rəhbərinin fəaliyyətindən narazılıqlar var”
"Qarabağ problemi, Rusiyanın postsovet məkanındakı siyasəti Sergey Lavrovun fəaliyyətindəki böyük boşluqları, qərəzliliyi və subyektivliyi göz önünə sərir”.
Bunu "Sherg.az”a Rusiya Liberal Demokrat Partiyasının lideri, tanınmış siyasətçi Vladimir Jirinovskinin Rusiya xarici işlər naziri Sergey Lavrovun vəzifəsindən getməsi haqqında təklifinə münasibət bildirərkən politoloq Tofiq Abbasov deyib. 
O bildirib ki, hazırda Rusiyanın xarici siyasətində problemlər var:
"Rusiyanın digər ölkələrlə münasibətlərində görürük ki, onun yürütdüyü xarici siyasət enişli yoxuşludur. Aydındır ki, XİN başçısı Sergey Lavrov böyük təcrübəyə malik şəxsdir. Uzun müddət siyasətlə məşğul olub. Lakin son vaxtlar onun davranışlarında gözlənilməz və Rusiyanın mövqelərinin güclənməsinə xidmət etməyən məqamlar görürük. Buna görə, Rusiya elitası, xüsusilə Vladimir Jirinovski məsələni ictimailəşdirirsə, deməli ölkənin daxilində XİN rəhbərinin fəaliyyətindən narazılıqlar var”.
V.Jirinovskinin qərəzli yanaşma sərgiləməsi ehtimalını da istisna etməyən politoloq deyib ki, məsələ geniş müzakirəyə çıxarılıbsa, deməli əsaslı iddiadır:
"Bir halda ki, Qərb birliyi Rusiyanı qaynar nöqtələrlə əhatələmək planını həyata keçirir, onda bu ölkə siyasətinə daha çox diqqət etməlidir.
Rusiyanın həll etməyi boynuna götürdüyü problemlərdən biri də Dağlıq Qarabağ münaqişəsidir. Bu məsələdə belə Sergey Lavrov və Mariya Zaxarovanın subyektiv mövqeyinin şahidi oluruq. Bu, onu göstərir ki, Qərb çalışır, Rusiyanın ətrafında münaqişə ocaqlarını qızışdırmağa çalışırsa, deməli Rusiya diplomatiyası o bölgələri sabitləşdirməlidir. Onlar isə əksinə addımlar atır, münaqişə ocaqlarında süni gərginliklər yaradır. Ona görə, biz V.Jirinovskinin belə bəyanatı ilə üzləşirik”.
"Rusiyanın yeni XİN başçısı kim ola bilər?” sualına gəlincə, T.Abbasov bunun qeyri-müəyyən olduğunu diqqətə çatdırıb:
"Rusiya XİN uzun siyasi dövr keçmiş aparatdır. Rusiya siyasətinin böyük ənənələri, diplomatik irsi var. Və indiki nəsil də bu sahədə yaxşı potensialla yetişib. Bu, çox şaxəli təşkilatdır. Məsələ gündəmə gəldiyi təqdirdə təyinat əsasında Rusiya prezidentinin istəyi aparıcı rol oynayacaq. Yeni XİN rəhbəri elə siyasətçi olmalıdır ki, Lavrovdan zəif olmasın və təcrübəsi də çox olsun”.
Qeyd edək ki, Jirinovski Rusiyanın daha sərt siyasət yürütməli olduğunu bəyan edib. O, bu səbəbdən Rusiya XİN başçısının dəyişdirilməsini təklif edib.
Aysel Aslan