Arzu Nağıyev: “Putin daha güclü lider ola bilər, lakin güclü prezident yox”
Putinlə Obamanın müqayisəsi...
Natiq Miri: “Putinin qurduğu idarəetmə rejiminin əsas gücü hay-küy üzərində, yalan üzərində qurulub”
Arzu Nağıyev: “Putin daha güclü lider ola bilər, lakin güclü prezident yox”
Arzu Nağıyev: “Putin daha güclü lider ola bilər, lakin güclü prezident yox”
Dünyanın əsas oyunçusu adı uğrunda Amerika Prezidenti Barak Obama ilə Rusiya Prezidenti Vladimir Putin arasında ciddi rəqabət başlayıb. Obama Rusiya Prezidenti Vladimir Putinin beynəlxalq siyasətdə onu üstələdiyi barədə suala cavabında bunun absurd olduğunu və insanların buna inanmasının onu sadəcə təəccübləndirdiyini deyib.
Obama deyib ki, Putinin rəhbərliyi nəticəsində Rusiya dövlət olaraq iqtisadi və siyasi baxımdan ancaq itkilər verib: "Rusiya Federasiyasının milli lideri Vladimir Putinin fəaliyyəti Rusiyanın beynəlxalq oyunçu kimi mövqelərinin yalnız zəifləməsinə aparır. Onun həyata keçirdiyi işlər Rusiya üçün heç də yaxşı olmayan reputasiyanın yaranmasına səbəb olub”.
Putin isə dəfələrlə öz bəyanatlarında dünyada əsas oyunçunun Rusiya olduğunu vurğulayaraq bütün dövlətlərin onunla hesablaşmaq məcburiyyətində olduğuna dair mesajlar verib. Bəs, haqlı olan tərəf hansıdır? Dünyada əsas oyunçu supergüc sayılan Amerika, yoxsa "şimal ayısı” Rusiyadır?
Politoloq Natiq Miri bu rəqabətdə Barak Obamanın haqlı olduğunu deyib və bunu öz arqumentləri ilə əsaslandırıb: "Obama hakimiyyətə gələndə dünyada çox böyük kriz vardı. Amerika Birləşmiş Ştatları hər il 80-100 min iş yeri itirirdi. İctimai narazılıqlar kəskin hal almışdı. Onu da xatırladım ki, Obama hakimiyyətə gələn vaxt iki dövlətin ərazisində ABŞ-ın hərbi qoşunları yerləşdirilmişdi. Hər gün Amerikanın paytaxtına ABŞ əsgərlərinin cənazələri gəlirdi. Amma Obamadan sonra bütün əsgərlər Amerikaya qaytarıldı. Günü bu gün də hərbi bazası aktiv olan ölkələrin heç birində Amerika əsgərləri döyüşmür. Bu, Obamanın ilk və ən əsas üstünlüyüdür.
Eyni zamanda, Obama hakimiyyətə gələndən sonra Amerika iqtisadiyyatında xeyli yüksəliş oldu və bu gün də proses davam edir. Yeni iş yerlərinin açılması baxımından Amerika Rusiyadan dəfələrlə irəlidədir. Ölkədə həm sosial, həm də iqtisadi stabillik var. Ən nəhayəti isə Obamanın rəhbərliyi ilə Birləşmiş Ştatlar öz siyasətində "ilanı Seyid Əhməd əli ilə tutmağ”a üstünlük verir. Bu gün bütün dünya üçün qlobal təhdid kimi görünən İŞİD terror təşkilatına qarşı bir nəfər Amerika əsgəri döyüşmür. Əksinə, məhz ABŞ-ın yardımı ilə bölgə gücləri və kürdlər kimi etnik qruplar belə ABŞ-ın maliyyə dəstəyi əsasında döyüşürlər. Bütün bunlar Obamanın üstünlüyüdür və onu dünyanın əsas oyunçu lider hesab olunmasına rəvac verir”.
Bu gün hər bölgədə Rusiya əsgərlərinin öldüyünü və cənazələrin Rusiya paytaxtına gəldiyini vurğulayan politoloq deyib ki, Putinin "möhtəşəm” ideyaları hesabına Rusiya iqtisadi cəhətdən çox ağır bir vəziyyətdədir: "Bu il ümumdaxili istehsal 4 faiz geriləyib. Beynəlxalq Bankın proqnozlarında isə gələn il vəziyyətin daha da gərginləşəcəyi göstərilib. Bundan əlavə Rusiya Yaxın Şərqdə böyük bir savaşın içərisinə girib, bununla da Rusiya özünün düşmən çevrəsini böyütmüş oldu. Faktiki olaraq bütün Yaxın Şərq və ərəb dünyası Rusiyaya qarşı cihad elan edib. Putinin geosiyasi maraqları kontekstində özünü bataqlığa sürüyür. Bəlkə də qısa müddətdə bu uğur kimlərinsə gözünü parıldada bilər. Amma uzunmüddətli perspektivdə bu, Rusiya üçün Əfqanıstan modeli olacaq və Putin çox ağır məğlubiyyətə uğrayacaq. Ukraynadakı uğursuzluqdan sonra Rusiya üçün ikinci böyük uğursuzluq Yaxın Şərq cəbhəsində - Suriyada olacaq. Bu gün Rusiya Putinin yeritdiyi siyasət nəticəsində dünya çapında siyasi izalədədir. Özünə hörmət edən heç bir dünya gücü Putinlə qarşı-qarşıya oturub, səmimi danışıqlar aparmaq niyyətində deyil. Bu isə heç bir halda siyasətçinin uğuru sayıla bilməz. Rusiyanın dövlət siyasətinin, Putinin qurduğu idarəetmə rejiminin əsas gücü hay-küy üzərində, yalan üzərində qurulub. Rusiyanın təbliğat maşını təkcə dünyanı aldatmaqla məşğul deyil, hər gün rus televiziyaları öz ictimaiyyətini aldadaraq yalandan onların başının altına yastıq qoyur. Obama çox haqlı olaraq Rusiyanın gücünün onun yalanlarında olduğunu deyib. Yalanla isə çox uzağa getmək olmaz”.
Analitik Arzu Nağıyev isə deyib ki, belə bir müqayisə 2014-cü ildə edilib və Rusiya kütləvi-informasiya vasitələrində kimin daha güclü siyasətçi olduğu haqqında müəyyən məlumatlar dərc edilib: "Burada əsas məqamlar hər hansı bir siyasi prosesə münasibət və ya ölkə daxilində reytinqin nə qədər olduğunu əsas götürməkdən ibarətdir. Obama dəfələrlə öz çıxışlarında bildirib ki, 2008-ci ildə prezident seçiləndə ölkə ciddi maliyyə problemləri ilə üz-üzə idi, dövlət iki müharibədə iştirak edirdi, ABŞ-ın vəziyyəti Çindən və Rusiyadan da acınacaqlı idi, hər ay 800 min işçi qüvvəsi itirilirdi. Yəni bunların onun fəaliyyəti sayəsində düzəldiyini demək istəyir, əksinə, Putin gəldikdən sonra iqtisadiyyatda tənəzzül yaranıb. Obama Rusiyanın Yaxın Şərq siyasətini də pisləyir və Suriya məsələsindən bəhs edir. Düşünürəm ki, Putinin reytinqi ölkə daxilində daha çoxdur, buna səbəb isə Ukrayna, Krım hadisələridir. Bundan başqa, onun lehinə çox güclü media PR sistemi işləyir. Obama və Putinin reytinqlərinə səbəb məhz iki dövlət arasında bitib-tükənməyən narazılıqdır. Mənim fikrimcə, Putin daha güclü lider ola bilər, lakin güclü prezident yox. Həm də müqayisədə Rusiyanı idarə etmək ABŞ-dan qat-qat çətindir. ABŞ-da demokratik dəyərlər daha üstün olduğuna görə böyük reytinqə malik Prezident olmaq çox çətindir. Bir sözlə, xalqın sosial rifahı, korrupsiyanın olmaması, iş yerlərinin açılması, ölkə təhlükəsizliyinə təhdidlərin vaxtında qarşısının alınması, mənəvi dəyərlərə hörmət dövlət başçısının reytinqinə təsir edən ən böyük faktordur. Bu amillər harada çoxdursa, o dövlətin Prezidentinin də reytinqinin yüksək və güclü olması əsas göstəricidir. Bu baxımdan Rusiyanı və ABŞ-ı müqayisə edəndə Obama daha güclü görünür...”.
Şəymən