Qabanelli erməni lobbisinin təsiri altındadır

“Report” proqramının sonuncu buraxılışında o, ləqəbinin nə qədər dürüst olduğunu bir daha sübut edib
62 yaşlı jurnalist anti-Azərbaycan fəaliyyətində “sapı özümüzdən olan baltalardan” məharətlə istifadə edir


62 yaşlı italyan jurnalist Milena Qabanelli Azərbaycan barədə həqiqətə uyğun olmayan
məlumatları yaymaqdan əl çəkmir. Qalmaqallı yazıları, "etibarlı mənbələrdən alınan
informasiyaları” əsasında hazırlanan reportajları ilə "ad çıxaran” bu xanım ermənipərəst
mövqeyi ilə dünya ictimaiyyətini aldatmaqla məşğuldur.

İtaliya cəmiyyətinə kimliyi bəlli olan Qabanelli islah olunmaq əvəzinə Avropada fəaliyyət
göstərən erməni lobbisinin təsiri altında ölkəmizə qarşı şər və böhtanlar uydurmaqdadır.
Dəhşətlisi odur ki, jurnalist anti-Azərbaycan fəaliyyətində "sapı özümüzdən olan baltalardan”
məharətlə istifadə edir. Daha dəqiq, layaqətini, şərəfini və ən nəhayət, vətəndaşlıq hissini
itirmişləri Azərbaycana qarşı ustalıqla yönəldə bilir. Belə ki, "Report” proqramının sonuncu
buraxılışında o, ləqəbinin nə qədər dürüst olduğunu bir daha sübut edib. Proqramda M.QabanelliLuka Volonteyə qarşı məhkəmə prosesindən danışandan sonra sevimli mövzusuna keçib.

Azərbaycanda insan hüquqları və vətəndaş cəmiyyəti barədə paroksizm həddinə çatan
yalanlardan sonra jurnalist Xədicə İsmayıl, AXCP sədri Əli Kərimli, Almaniyanın insan haqları
üzrə ombudsmanı Kristof Ştrasser, habelə İtaliyanın Apuliya regionunun rəhbəri Mikele
Emiliano "estafeti bir-birilərinə ötürüblər”. Kimdir, bu şəxslər, onların Azərbaycanla nə
bağlantısı var? Məlumat üçün qeyd edək ki, sözügedən proqramda çıxış edənlərin tam
əksəriyyəti uzun illərdən bəridir ki, Azərbaycan əleyhinə kampaniyalarda fəallıq nümayiş
etdirirlər. Özü də milli xəyanətkar, milli satqınlarla birgə. Təbii ki, Azərbaycana nifrətlərini
sərgiləmək üçün "etibarlı” efir axtarışında olan naqislər fürsəti əldən verə bilməzdilər. Elə bu
səbəbdən də Avropanın ən çox marağında olan "siyasi məhbus” məsələsini qabartmağa üstünlük
veriblər. İstər özünü medianın Janna D-Arkı hesab edən jurnalist Xədicə İsmayıl, istərsə də
siyasət çirkabında çabalayan Əli Kərimli ürəklərini italyanlara açıblar. Nə qədər qəribə olsa da,
guya, Azərbaycanda baş verənlərdən narahatçılıq keçirdiyini ifadə etməyə çalışan Kristof
Ştrasser də onlara dəstək olub. Yeri gəlmişkən qeyd edək ki, bu insanın ümumiyyətlə insan
hüquqlarından danışmağa haqqı yoxdur. Nəzərə almaq lazımdır ki, Kristof Ştrasser
Azərbaycandakı "köçəri” müxalifətin, habelə "demokratiya fədailəri”nin dostu imicini qazanıb.
1977-1982-ci illərdə Almaniyada uşaqbazlığın qanuniləşdirilməsinə çalışmış siyasətçilər
arasında yer alan bu insan utanmaz-utanmaz mənəvi-əxlaqi dəyərlərdən "dərs verməyə” çalışır.
Apuliyanın rəhbəri Mikele Emiliano da ölkəmizin siyasi, iqtisadi dirçəlişinə qarşı çıxanlardandır.
O, Azərbaycanın təbii qazını Avropa Birliyinə çıxaracaq Transadriatik boru kəməri (Trans
Adriatic Pipeline, TAP) layihəsinə qarşı isterik çıxışları, "zeytun ağacları məhv olacaq bu boru
çəkilsə” kimi atmacaları ilə yadda qalıb. Təsadüfi deyil ki, M.Qabanellinin proqramında TAP da
hədəfə alınmışdı. Guya yerli "ekoloji lobbi”nin nümayəndələrini danışdıran aparıcı anlamaq
istəmirdi ki, TAP qonşu Yunanıstan və Albaniya ilə yanaşı, İtaliyanın özündə minlərlə yeni iş
yeri yaradacaq. TAP-ın Apuliya regionunun ekologiyasına və landşaftına ziyan vuracağı barədə
iddialarsa yalandır. Əslində Qabanellidən bundan artığını gözləmək də sadəlövhlük olardı. Çünki
bu şəxs Azərbaycan barədə reallığı qətiyyən qəbul edə bilmir, Azərbaycanın beynəlxalq və
regional layihələrdə iştirakına qısqanclıqla yanaşır. Proqramda Azərbaycana qarşı isterika o
həddə çatıb ki, hətta Roma Papasının Azərbaycana səfəri zamanı ölkəmizə qarşı işlətdiyi xoş
sözlərdən qıcıqlandıqları açıq-aşkar sezilib. Buna dözümsüzlük nümayiş etdirən M.Qabanelli
Vatikanla Bakı arasındakı əlaqələri tənqid edib, Roma Papasını "reallıqları görməmək”də
suçlayıb. Bununla usanmayan M.Qabanelli bütün tamaşaçılara "Dağlıq Qarabağ ermənilərinin
həyatı barədə” reportaj təqdim edib. Üstəlik, reportaja özünəməxsus qaydada şərh verib. Amma
özündən asılı olmayan səbəblər ucbatından verilişin sifarişçilərini ifşa edib: "Bizə göstərdikləri
köməyə və xüsusilə də təqdim etdikləri faktlara görə erməni dostlara təşəkkür etmək istərdim”.
Onu da qeyd edək ki, reportajda Milena Qabanelli Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin səbəblərini kontekstdən çıxararaq ona dinlərarası münaqişə donu geyindirməyə
çalışıb. Milena Qabanelli Dağlıq Qarabağ münaqişəsini "xristianlarla müsəlmanlar arasında
konflikt” kimi qələmə verir və bununla da qərəzkarlıqda, yalanda, üstəlik, islamofobiyada bir
zamanlar "müsəlmanlar siçovul kimi artırlar” demiş başabəla italyan yazıçı Oriana Fallaçini də
üstələyir. Belə məlum olur ki, Azərbaycan torpaqları işğal olunmayıb, müharibə, tökülən qan
dinlərarası konfliktin nəticəsidir. Azərbaycanın ittiham olunduğu, Bakının ünvanına hədyanların
səsləndiyi proqramda Azərbaycanın dövlət qurumlarının mənsubları, deputatlar, siyasətçilər,
ekspertlər, "demokratiya qəhrəmanı” sayılmayacaq normal, adekvat jurnalistlər belə, yoxdur. Ən
maraqlısı isə odur ki, Milena Qabanelli "ermənilərdən dəstək və yardım” aldığını etiraf edir.
Qabanellinin erməni lobbisi ilə işbirliyinə sahib olduğunu, üstəlik onun fərdi keyfiyyətində
tamahkarlıq və qərəzkarlıq motivlərini nəzərə alsaq, həmin yardımların sadəcə "informasiya”
deyil, reallıq olduğu qənaətinə gəlmiş olarıq.

İsmayıl