Qadağanın aradan qaldırılması heç nəyi dəyişməyəcək

“Düşüncəsi, dərrakəsi olan adam dollarla kredit götürməyəcək”



Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) kredit təşkilatlarına xarici valyuta ilə kreditlərin verilməsinə qoyduğu qadağanı aradan qaldırıb. Bu barədə banklardan birindən məlumat verilib. Məlumata əsasən, banklar xarici valyutada kreditləri bəzi şərtlərlə verə bilər:

"Yaxın vaxtda Palata yeni şərtləri ictimaiyyətə detallı açıqlayacaq”. Məlumata görə, aprelin 5-də MBNP Direktorlar Şurasında keçirilən iclasında Azərbaycanda xarici valyuta ilə kreditlərin verilməsinin bir ay müddətinə dayandırılması barədə qərar qəbul edib.

Qərarı şərh edən iqtisadçı-ekspert Fuad İbrahimov "Şərq”ə deyib ki, Palata məlum məhdudiyyəti götürsə belə, artıq bankların biznes mühiti məhv olub: "Düşüncəsi, dərrakəsi olan adam dollarla kredit götürməyəcək. Azərbaycan insanı məsuliyyətini dərk edir. Bilir ki, dollarla kredit risklidir. Ona görə də qadağanın aradan qaldırılması heç nəyi dəyişməyəcək. İnsanlar dollarla kredit götürməyəcək. Amma deyim ki, məhdudiyyətin götürülməsində cinayət tərkibli iş yoxdur. Çünki banklar istədiyi fəaliyyəti həyata keçirə bilərlər. Məsələ odur ki, ümumiyyətlə bank kredit sistemi şəffaflaşdırılmalıdır. Makroiqtisadi səviyyədə dürüstlük yaranmasa, bankların kredit sistemi bərpa olunmayacaq. İnsanlar rahat şəkildə, istədiyi qədər kredit götürə bilməyəcəklər. Maliyyə kredit sistemimiz manatımın məzənnəsinin dayanaqlığı əsasında qurulub. Devalvasiyalardan sonra qiymətəmələgəlmə prosesi pozuldu. Bu pozulanda isə maliyyə sistemi çökür. Faciə də ondadır ki, biz iqtisadçı-ekspertlər bu işləri bir il bundan qabaq demişdik. Baxın, "Bank Standart” və "Azəriqazbank”da problemlər yaranıb. Vətəndaşların depozit hesablarını qaytara bilmirlər. Banklar çətinə düşüb”.

Ekspertin fikrincə, bankların sürətlə tənəzzülə getmə prosesi davam edəcək: "Palata yardım olaraq "Bank Standart”a 15 milyon manat məbləğində maliyyə dəstəyi göstərmək istəyir. Bu çıxışın özü institutsional səviyyədə yanlışdır. "Quyuya su tökməklə quyu dolmur”. 15 milyon manat yardım etməklə bankın biznes mühitini yüksəltmək mümkün deyil. O pullar borc əvəzinə əhaliyə qaytarılacaq. Biznes mühiti isə olduğu kimi çətin durumda qalacaq. Çünki bankların vəziyyəti ölkənin makroiqtisadi səviyyəsinə bağlıdır”.

F.İbrahimov qeyd edib ki, banklar bazarın təhlükəsini üzərlərində hiss edirlər: "Onlar bilirlər ki, hər dəqiqə manatın yenidən ucuzlaşması prosesi gedə bilər. Banklar da özlərini sığortalamaq üçün krediti milli deyil, xarici valyuta ilə təklif edirlər. Təəssüflər olsun ki, bu gün də banklarla vətəndaşların arasındakı ağır vəziyyətin ortadan qaldırılmasına dair heç bir dövlət orqanı qərar qəbul etmir. Çox acınacaqlı vəziyyət yaranıb. Azərbaycan dövlətçiliyinə yaraşmayan durum yaranıb”.

Ayyət Əhməd