Qadın polislər...

Səidə Qocamanlı: “...Avropa Oyunlarının gətirdiyi müsbət cəhətlərdən biridir”“Çox istərdim ki, qadınların polis orqanlarında, mühafizə sistemində çalışması təcrübəsi, Avropa Oyunlarından sonra da davam etsin”
Hazırda xəbər saytlarında ən çox baxılan boz kostyumlu qadın polislərin fotolarıdır. Onlar barədə belə məlumat verilir; I Avropa Oyunları zamanı paytaxtda yeni geyimli polislər xidmət göstərəcək. Daxili Qoşunların xidmətə cəlb olunan hərbi qulluqçuları ictimai qaydanın qorunması, ictimai təhlükəsizliyin təmin edilməsində qarşıya qoyulmuş tapşırıqların icrasına başlayırlar.
Üzərində Avropa Oyunlarının atributlarını əks etdirən boz geyimli hüquq-mühafizə orqanlarının əməkdaşları digər polislərdən fərqlənir. Həmin polislər xarici görünüşlərilə yanaşı, xarici dildə səlis danışa bilirlər. Qadın və kişi heyətindən ibarət polislər xüsusi təlim keçiblər. Daxili İşlər Nazirliyinin Daxili Qoşunları da şəxsi heyətin hazırlığı və bütün təminatı üzrə qarşıya qoyulan mühüm tapşırıqları tam yerinə yetirmək qabiliyyətinə malikdirlər.
Yarışlarda iştirak edəcək vətəndaşları xüsusi aparatlarla yoxlamaq məqsədilə hərbi qulluqçularımızla polis orqanlarının əməkdaşları ilə birlikdə müvafiq kurslar keçirilib. Buraxılış rejimini təmin edəcək qadın hərbi qulluqçularımızla 45 günlük ingilis dili kursları təşkil olunub. Bununla yanaşı, styuard xidmətinin aparılmasına cəlb olunacaq şəxsi heyət və qadın hərbi qulluqçuların xüsusi geyim forması ilə, perimetr boyu xidmət aparacaq hərbi qulluqçuların isə xüsusi önlüklərlə təminatına da artıq baxış keçirilib.
Əslində, qadın polislərin ictimai təhlükəsizliyin qorunmasında iştirakı çoxdan arzuolunandır. Hüquq-mühafizə, ədliyyə, fövqəladə hallar, milli təhlükəsizlik sistemində qadınlar çalışır. Lakin çiynində paqon daşıyan zərif cinsin nümayəndələri ictimaiyyət arasında az-az görünür. Halbuki, bir sıra ölkələrdə ictimai asayişin qorunmasında qadın polislərin iştirakı ilə bağlı bəlli təcrübə formalaşıb. Qonşu Türkiyədə, həmçinin Gürcüstanda qadın polislər tez-tez gözə dəyir. Onlar həm ictimai yerlərdə asayişin qorunmasında, həm polis, həm də ədliyyə sistemində gündəlik iş rejimində çalışırlar. Xüsusilə də, şübhəli şəxslər qadın olduqda onların saxlanması və ədliyyəyə təhvil verilməsində məhz qadın əməliyyatçılar iştirak edir.
Bizdə bunun örnəyi hazırda gömrük orqanlarında var. Gömrük yoxlamaları zamanı qadınları məhz qadın əməliyyatçılar yoxlayır. Belədə, heç bir narahatlıq yaranmır. Ancaq təəssüf ki, küçələrdə, parklarda hələ də qadın polislərə rast gəlmirik. Halbuki, yaranan hər hansı anlaşılmazlıq, təhlükə zamanı qadınlar qadın polislərə daha çox ürək qızdırar, nəinki kişi polislərə. Adətən xanımlar kişi polislərə yaxınlaşmaqdan ehtiyat edir. Bu baxımdan qadın polislərlə təmas qurmaq xanımlara daha rahat ola bilər. İndi qadın polislərin fotolarını sosial şəbəkələrdə görənlər də, "kaş bu xanımlar, Avropa Oyunlarından sonra da xidmətdə qalsınlar” deyir.
Məsələyə münasibət bildirən İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri Səidə Qocamanlı "Şərq”ə açıqlamasında Avropa Oyunlarının bir çox müsbət presidentlərə səbəb olacağını bildirdi:
- Biz artıq şəhərimizin necə dəyişdiyini, necə gözəlləşdiyini görürük. Hər yerdə səliqə-sahman yaradılır. Ola bilməz ki, Avropa Oyunları bitdikdən sonra bütün bu müsbət ənənələr unudulsun. Avropa Oyunları bitəcək, amma bu oyunlar sayəsində qazanılmış müsbət ənənələr qalacaq.
Qadın polislər də Avropa Oyunlarının gətirdiyi müsbət cəhətlərdən biridir. Mən çox istərdim ki, qadınların polis orqanlarında, mühafizə sistemində çalışması təcrübəsi, Avropa Oyunlarından sonra da davam etsin. Mən o xanımlar barədə yazılanları da oxumuşam, fotolarını da görmüşəm. Çox xoşuma gəldi. Hamısı gözəl xanımlardır. Biz xarici ölkələrdə oluruq. Avropada, Türkiyədə polis sistemində qadınların çalışdığını görmüşük. İctimai yerlərdə, parklarda, gəzinti yerlərində polis geyimində qadınlar nəzarət edir. Hətta İranda da qadın polislər var. Başlarını örtüblər, amma polis geyimindədirlər. Qadınlar qadın polislərə daha çox etibar edir. Təsəvvür edin ki, küçədə bir hadisə baş verdi, sizinlə, yaxud, başqa bir vətəndaşla, o halda kimə üz tutarsınız, əlbəttə, birinci, qadın polisə yaxınlaşarsınız. Qadınlar kişi polislərə yaxınlaşmaqdan çox vaxt çəkinirlər. Doğrudur, bizdə də xanımlar hüquq-mühafizə orqanlarında çalışırlar. Amma ictimaiyyətlə birbaşa təmasları olmur. Polis idarələrində, yol polisində, çevik polis alayında xanım əməkdaşlar olsa, bu, daha böyük üstünlüklərin əldə olunmasına kömək edər.
S.Qocamanlı qeyd etdi ki, Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi edən bir ölkəyə çevrilib. Avropa Oyunlarından sonra İslam Ölkələrinin idman yarışları keçiriləcək. Xanım polislərə yenə ehtiyac yaranacaq:
- Avropa Oyunlarında artıq təcrübə toplamışıq. Bir halda ki, indi qadın polislər, xüsusi təyinatlı mühafizə sisteminin xanım əməkdaşları işə cəlb edilib, deməli, bu təcrübə polis-vətəndaş münasibətlərinə çox gözəl töhfə verə bilər. İstərdim ki, bu müsbət hal davam etsin. Biz qadın polisləri bundan sonra ictimai həyatın bütün sahələrində görək. İnanıram ki, belə də olacaq və qadın polislərin fəallığının artırılması onların asayişin qorunmasına cəlbi üçün də müsbət president olacaq.
Məlahət Rzayeva