"Fabrik və parkları necə təmir etdiririksə, ailə inistitutu məsələlərini də o cür tənzimləməliyik".
Bunu "Sherg.az”a ötənlərdə Qəbələdə 32 yaşlı qadının ərini qətlə yetirib, cəsədini həyətlərindəki sanitar qovşağa atmasına münasibət bildirərkən sosioloq, professor Əhməd Qəşəmoğlu söyləyib.
O qeyd edib ki, bütün müsahibələrində Azərbaycanda ailə institutunun çökəcəyini ürək ağrısı ilə söyləyib: "
"Çox təəssüf ki, bu praqnoz özünü doğruldur. Bu barədə sizin qəzetə bir neçə dəfə danışmışam. Min illərdən bəri bütün dini kitablar, peyğəmbərlər, müdrik insanlar ərz edirlər ki, hansı cəmiyyətdə ki maddi dəyərlər mənəvi dəyərin önündə dayanır, o cəmiyyət inkişaf edən deyil. Beləliklə də get-gedə gərginlik yaranır, arzuolunmaz münasibətlər formalaşır, xoşagəlməz hallar artır. Bu, mənim kəşfim deyil. Bunu min il bundan əvvəl dini kitablar, müdrik insanlar deyib. Sual hasil oluna bilər ki, biz neynəyək, bu proseslər bütün dünyada cərayan edir ? Bəli, yer üzünün hər tərəfində arzuolunmaz proses sürətlənir. Maddiyat və başqa dəyərlər ön plana keçib, mənəvi dəyərlər isə arxa planda qalıb. Bu hadisələrin də əsas səbəbi odur. Mənəvi dəyərlərə diqqət zəifləyib. O da ailədə özünü göstərir. Digər tərəfdən biz Azərbaycanda çox yanlış bir siyasətin şahidiyik. Artıq uzun illərdir ki, qadınlara qarşı zorakılıq olur, qadın hüquqları pozulur.
Son 10 ildə bu hadisələr artıb. Belə fikir formalaşdırıblar ki, guya Azərbaycan kişiləri vəhşiləşib, Azərbaycan qadınlarına zorakılıqlar edir. Bu dorğu yanaşma deyil. Söhbət Azərbaycan ailəsinin problemindən getməlidir. Hazırda Azərbaycan ailəsi gərgindir. Ailədə münasibətlərin pisləşdiyi halda deyirsən ki, qadınlara qarşı zorakılıq halları artıb. Bunun qarşısını alın. Sanki burada iki dalaşan şəxsin birinə gəlib kömək çıxırsan. Belə olmamalıdır. Ailələrmizdə böyük gərginlik var. Ona görə də, biz bu gün ailə problemləri barəsində tez-tez bütövlükdə danışmalıyıq. Qadınlara qarşı zorakılıqdan danışmaq bu məsələni qızışdırmaqdır. Dəfələrlə deyirdim ki, gərginlik yarandıqca belə axmaq hadisələr ortaya çıxacaq. Kişi fiziki cəhətdən güclü olduğuna görə, hələlik daha çox qadınları öldürür. Bir azdan vəziyyət elə gətirəcək ki, qadınlar da kişiləri öldürəcək. Bunu mətbuata dəfələrlə demişəm. Kişi bıçağı qaldırıb bir qadına vurursa, onu düşünən varmı ki, qadın o kişini neçə dəfə pisixoloji olaraq aşağlayıb, və yaxud da əksinə. Bu vəziyyətin yaranması ailə problemləri ilə məşğul olan qurumların məlum məsələyə lazımi qədər diqqət yetirməməsidir".
Sosioloq onu da əlavə edib ki, belə amansız halların aradan qalxması üçün elmi təminata böyük ehtiyac duyulur:
"Amma belə məsələlərdə elmin köməyindən istifadə etmirlər. Hətta elmin köməyini təklif edənləri də eşitmək istəmirlər. Məsələn mən iyirmi ildir danışıram. Ailə problemləri ilə məşğul olan bir qurumun "Əhməd müəllim, o müsahibəni oxuduq, yaxşı idi və ya pis idi" rəyini görməmişəm. Ailə məsələləri ilə bağlı çoxsaylı məqalələrim olub. Bu fikirləri nə vaxt deyəndə bunlar gülüblər, özlərini ağıllı hesab ediblər. Ailə problemlərinə elmi yanaşmalıyıq. Fəaliyyət proqramları hazırlamalıyıq. Bu məsələlər diqqət mərkəzində olmalıdır. İndiki ailə əlli il bundan qabaqkı ailə deyil. Əlli il bundan qabaq ailə qurulanda bilirdilər ki, bununla bağlı onun qarşısında konkret borcları var. Indiki ailələr isə bunu bilmir. Buna görə bu, məsələlərə çox ciddi, elmi əsaslarla yanaşmaq lazımdır”.
Qeyd edək ki, Qəbələdə bir neçə gün əvvəl rayonun Tikanlı kənd sakini, 32 yaşlı Dursun Rəfiyevin itkin düşməsi ilə bağlı polisə müraciət daxil olub. Rayon Polis Şöbəsi və Prokurorluq əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, martın 25-də Dursun Rəfiyevlə arvadı Vüsalə Məmmədşərifova arasında münaqişə baş verib. Bu zaman sonuncu ərinin qardaşı Vüsal ilə birgə daşla onu vuraraq (baş nahiyəsinə) qətlə yetirib cəsədini həyətdəki sanitar qovşağına atıb. Görülmüş tədbirlərlə D.Rəfiyevin meyiti oradan çıxarılıb.
Kənan Eynuroğlu