Qafqaz Müsəlmanları İdarəsi bu dəfə AZAL-a üstünlük verəcək

Müqəddəs Payızov: “Həcc mövsümündə təyyarə reyslərinin təşkil edilməsi ilə məşğul olan şirkət Səudiyyə kralının qardaşı oğluna məxsusdur”Hacı Şahin Həsənli: “Səudiyyə Ərəbistanı indiyədək belə şərt qoyurdu”
Builki Həcc mövsümü başa çatsa da, söz-söhbəti hələ də səngimir. Həm Məkkədə qaldırıcı kranın aşması nəticəsində 100-dən artıq zəvvarın vəfatı, ardınca isə Minada zəvvarların kütləvi şəkildə həlak olması Səudiyyə Ərəbistanının Həcc təşkilatçılığına əməlli kölgə saldı. Bu azmış kimi, zəvvarların vətənlərinə dönüşündə də problemlər yaşandı. Azərbaycanlı zəvvarları Bakıya gətirəcək təyyarə reyslərində də gecikmələr oldu və zəvvarlarımız vəd edilmiş vaxtda Vətənə dönə bilmədilər. Zəvvarları Azərbaycana gətirməli olan aviaşirkət məcbur qalıb zəvvarları mehmanxanalarda yerləşdirdi.
Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyəti - AZAL isə Həcc səfərləri zamanı aviareysləri icra etməyi üzərinə götürməyə hazır olduğunu bəyan edib. Qurumun mətbuat xidmətindən bildirilib ki, AZAL gələcəkdə Azərbaycan vətəndaşlarının Həcc ziyarətinə aparılması və qayıdışı üzrə vəzifələri yerinə yetirməyə hazırdır: "Məlumdur ki, zəvvarlar Məkkə şəhərinə AZAL-ın təyyarələri ilə səfər ediblər. Lakin Səudiyyə Ərəbistanı tərəfindən irəli sürülən qəti şərtlərə görə zəvvarların dönüşünü qarşı tərəf həyata keçirməli idi. Amma təəssüf ki, Səudiyyə Ərəbistanı tərəfi bu vəzifənin öhdəsindən gələ bilmədi. Bunun nəticəsində azərbaycanlı zəvvarlar qayıdışda ciddi problemlərlə üzləşdilər”. Bunu nəzərə alaraq AZAL zəvvarların həm gedişi, həm də qayıdışını üzərinə götürə bilər.
Bəs bu iddiaya Qafqaz Müsəlmanları İdarəsinin reaksiyası necədir?
QMİ-nin xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov "Şərq”ə açıqlamasında növbəti Həcc mövsümündə bu məsələnin qaldırılacağını dedi:
- Biz növbəti il bu məsələni qaldırmağı düşünürük. Çünki builki hadisələr göstərdi ki, Həcc təşkilatçılığında ciddi nöqsanlara yol verilir. QMİ istəyirdi ki, zəvvarların gedişini də, qayıdışını da AZAL həyata keçirsin, müqavilə də bağlamışdıq. Amma Səudiyyə Ərəbistanı şərt qoydu ki,
zəvvarların qayıdışını yerli şirkət həyata keçirməlidir. Amma o şirkət üzərinə götürdüyü işin öhdəsindən gələ bilmədi. Mümkündür ki, AZAL bu iddiayla çıxış etsin və Səudiyyə Ərəbistanı şirkətini vəzifəsini yerinə yetirə bilməməklə ittiham etsin, zəvvarların gedişini də, qayıdışını da öz üzərinə götürsün. Ancaq bununla razılaşacaqlarına da inanmıram. Çünki Həcc mövsümündə təyyarə reyslərinin təşkil edilməsi ilə məşğul olan şirkət Səudiyyə kralının qardaşı oğluna məxsusdur. İnanmıram ki, onlar bu işin icrasından imtina etsinlər. Növbəti il bilinəcək. Hər halda QMİ bu məsələni qaldıracaq.
Təyyarə reyslərinin gecikmə səbəbinə gəlincə, M.Payızov bunun aviaşirkətin günahından baş verdiyini bildirdi:
- Qaydaya görə, zəvvarlar hava limanına uçuşdan 8 saat öncə gəlməlidir. Qeydiyyatdan keçdikdən sonra isə təyyarəyə minik üçün 4 saat vaxt verilir. Zəvvarlar hava limanına göstərilən vaxtda gəliblər. Uçuşun ləngiməsi aviaşirkətin işi düzgün qurmaması səbəbindən baş verib.
Qafqaz Müsəlmanları İdarəsi sədrinin səlahiyyətli nümayəndəsi, "Məşədi Dadaş” məscidinin imam-camaatı, builki Həcc ziyarətində qrup rəhbəri olmuş Hacı Şahin Həsənli də zəvvarların gedişi və qayıdışının AZAL tərəfindən həyata keçirilməsinin daha məqsədəuyğun olduğunu vurğuladı:
- QMİ də buna çalışır ki, zəvvarlarımız AZAL-ın təyyarələri ilə gedib, AZAL-ın təyyarələri ilə də qayıtsınlar. Səudiyyə Ərəbistanı indiyədək belə şərt qoyurdu ki, zəvvarlar AZAL-la gəlsinlər, amma dönüşdə SƏ-nin yerli aviaşirkətlərinin təyyarələri ilə qayıtsınlar. Amma bu il Həcc mövsümündə baş vermiş faciəli hadisələr, həmçinin zəvvarlarımızın qayıdan zaman gecikməyə məruz qalmaları da nəzərə alınmaqla, QMİ növbəti Həcc ziyarəti zamanı AZAL-a üstünlük verilməsi şərti ilə çıxış edə bilər. Buna QMİ-nin tam haqqı var. Çünki bizim zəvvarların gecikməsinə səbəb məhz Səudiyyə Ərəbistanı aviaşirkəti oldu və şirkət məcbur qalıb zəvvarlarımız üçün mehmanxana tutdu.
Məlahət Rzayeva