Hərbi təşkilatın başında cinayətkarların durması biabırçılıqdır
Yaxın günlərdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturov postunu tərk edəcək.
Erməni mətbuatının məlumatına görə, KTMT-yə üzv dövlətlərin prezidentləri Xaçaturovun bu təşkilatda tutduğu postdan geri çağırılması barədə Ermənistan rəhbərliyinin tələbinə razılıq veriblər.
Həmin vəzifəyə İrəvanın başqa bir namizəd irəli sürməsinə icazə verilməyəcək deyə, KTMT-nin yeni baş katibinin Belarus təmsilçisi olacağı ehtimal olunur. Çünki rotasiya qaydalarına uyğun olaraq məhz Belarus namizəd təklif edə bilər.
Qeyd olunub ki, İrəvanın bu istəyinə üzv dövlətlərin razılığı təşkilatın nüfuzunun daha da zədələnməsinin qarşısını almaq məqsədi daşıyıb. Belə davranışla Ermənistanın yeni rəhbərliyi müttəfiq dövlətlərin etimadına zərbə vurub. Gələcəkdə bu zərbə İrəvanın özünə qarşı yönələ bilər.
Xatırladaq ki, Yuri Xaçaturov Ermənistanda 2008-ci ilin mart qırğını ilə əlaqədar açılan cinayət işi çərçivəsində ölkənin konstitusiya quruluşunu devirməyə cəhddə ittiham olunur.
Politoloq Natiq Miri isə "Şərq"ə açıqlamasında deyib ki, Ermənistanın baş katibi Nikol Paşinyanın rəqiblərini zəiflətmək məqsədi ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi haqqında cinayət işi açması təşkilatın nüfuzuna ciddi zərbədir: "KTMT-də "rotasiya qaydasında sədrlik" sistemi fəaliyyət göstərir və təşkilata rəhbərlik edən ölkə hər il dəyişir. Bir müddətdir ki, KTMT-nin baş katibi erməni general Yuri Xaçaturovdur.
Onun vaxtının bitməsinə isə o qədər də çox qalmayıb. Ona görə də, Ermənistanın tələbi ilə Xaçaturovun dəyişdirilməsi gündəmə gələndə prosesin rotasiya qaydasında növbəti ölkəyə keçirilməsi məsələsində razılıq əldə olundu. Bəlkə də Ermənistan bu posta namizəd olaraq başqa bir hərbiçini təklif edə bilərdi. Rotasiyaya az müddət qalmış olsa belə, baş katiblik postunu ilin sonuna qədər erməni generalın davam etdirməsi onların haqqı idi. Görünür, bu istiqamətdə yaranan qalmaqal digər KTMT üzvlərinin bir o qədər də ürəyincə olmayıb. Haqqında cinayət işi açılan bir şəxsin beynəlxalq səviyyədə tanınan KTMT-nin sədri olması təşkilatın nüfuzuna da ciddi bir zərbədir. Istənilən halda hərbi təşkilatın başında bir cinayətkarın durması həmin təşkilatın fəaliyyətinin kriminallaşmasına işarədir. Ortada məhkəmə predmeti olduğu üçün bunun əksini sübut etmək də mümkün deyil.
Başda Rusiya olmaqla digər ölkələrin bunu təbii qarşılaması inandırıcı olmazdı. Odur ki, qısa müddətə belə olsa növbəti erməni hərbiçinin KTMT-yə rəhbərlik etməsi gündəmə gəlmədi".
N.Mirinin sözlərinə görə, Ermənistanın quyuya atdığı daşı KTMT üzvləri çıxarmağa çalışsalar da, yeganə yol kimi sədrliyi Ermənistanın əlindən Belarus hərbiçiyə verməyi tapıblar: "Amma bu hadisənin dövlətlərarası münasibətlərə bir xələl yetirəcəyini güman etmirəm. Çünki KTMT hərbi ittifaq olsa da, strateji məsələlərdə, xüsusən də Azərbaycanla münaqişə məsələsində KTMT-nin əksər üzvləri Ermənistanı müdafiə etmirdi".
Şəymən