"Onlar ayrı-ayrı məmurların əli ilə özəlləşdirilib, başqa məqsədlər üçün istifadə olunur"
"Kitab mağazaları dönərxana, geyim dükanları deyil ki, bazar iqtisadiyyatının ixtiyarına buraxılsın. Ona görə, dövlət mədəniyyətə xidmət edən digər sahələrə diqqət etdiyi kimi kitab biznesinə də önəm verməlidir"
"Paytaxtda əvvəlki dövrlərə nisbətən kitab mağazaları azalıb”.
Bunu "Sherg.az”a açıqlamasında yazar Qan Turalı deyib. Əvvəllər şəhərin çox yerində kitab mağazalarının olduğunu qeyd edən tanınmış yazar mağazaların azalmasının səbəbinin tələbatın zəifləməsi ilə əlaqələndirib:
"Kitab mağazalarını açan şəxslər ilk növbədə həmin kitabların satılmasını və icarə haqlarını, xərcləri ödəməyi düşünürlər. Əslində bu, yerində olan iqtisadi analizdir. Məsələ budur ki, hər bir dövlətin, o cümlədən Azərbaycan Respublikasının ali məqsədi vətəndaşların rifah halını gücləndirmək, onlara daha təhsilli, mədəni mühit yaratmaqdır. Lakin təəssüf ki, son nəticədə kitab satışı da sərbəst, azad bazar iqtisadiyyatının ağuşuna atılır, kitab biznesi qorunmur.
Kitab satışını teatrlarla müqayisə edə bilərik. Məsələn, yaxşı bilirik ki, teatrlarımız dövlət dəstəyi olmadan özünü maliyyələşdirə bilməz. Dövlət ən qocaman teatrdan tutmuş xırda teatrlara qədər hər birinin ayaqda durmasına dəstək olur. Düşünürəm ki, kitab mağazalarına da bu cür dövlət dəstəyi olmalıdır. Vergi güzəştlərindən tutmuş, maddi dəstəyə qədər edilərək kitab mağazaları ayaqda saxlanmalıdır”.
Müqayisə olaraq, Belarusiyada kitab mağazalarının icarə haqqını dövlətin qarşıladığını diqqətə çatdıran yazar bunu kitab mağazalarının təmin olunması üçün böyük dəstək kimi qiymətləndirib:
"Təəssüf ki, ölkəmizdə kitab mağazları ilə bağlı proseslər barbarcasına aparıldı. Kitab mağazaları özəlləşdirildi. Qanunda mədəniyyət müəssisələrinin özəlləşdirilsə belə, təyinatı üzrə istifadə olunması haqqında müddəa salındı. Buna rəğmən həmin göstərişə bəzən əməl olunmadı. Dövlətin də bu sahədə görməli olduğu işlər var.
Yazıçılarımız, Azərbaycan Yazıçılar Birliyinin (AYB) özü dövlətdən yazıçılara təqaüd istəyir. Halbuki yazıçılar birlik olub, dövlətdən tələb etməlidir ki, kitab mağazalarına güzəştlər edilsin, onların sayı artırılsın. Kitab biznesinə sadə biznes kimi baxmaq olmaz. Kitab mağazaları dönərxana, geyim dükanları deyil ki, bazar iqtisadiyyatının ixtiyarına buraxılsın.
Cəmiyyətin maarifçiliyinə, mədəniyyətin inkişafına xidmət edən sahədir. Ona görə, dövlət mədəniyyətə xidmət edən digər sahələrə diqqət etdiyi kimi kitab biznesinə də önəm verməlidir. Təəssüf ki, qayğı olmaması bir yana, çox ağır vergilər tətbiq edilir, kitab mağazaları ayrı-ayrı məmurların əli ilə özəlləşdirilib, başqa məqsədlər üçün istifadə olunur.
Sovet vaxtı Bakının mərkəzində bir çox kinoteatrlar var idi. "Araz” kinoteatrının yerində "Paris Gallery” açılıb, "Vətən” kinoteatrının yerində çay evi açılır. Amma bu kinoteatrlar bizim mədəni sərvətimizdir. Çay evlərini, başqa obyektləri şəhərin digər hissələrində də açmaq olar”.
Aysel Aslan