Qanlı gələcək cızılır...

Müasir dövrün insanlarını “ağıllı insan” adlandıran alimlər tələsiblər
“Silahlanma yüksələn xətt üzrə gedəcək və müharibələrin, münaqişələrin və böhranların sayı azalmayacaq”


Dünya ölkələri sürətlə silahlanır. Aparılan araşdırmalara görə, silah bazarına tələbat 2015-ci ildə son 10 ilin ən maksimal göstəricisinə çatıb. 2014-cü illə müqayisədə ötən il silaha tələbat 10 faiz artıb və ona xərclənən vəsait 65 milyard dollar həcmində olub.

Ən çox silahı hansı ölkə alıb?

Məlumata əsasən, ən çox silahı Səudiyyə Ərəbistanı alıb. Eyni zamanda silaha tələbat Cənub-Şərqi Asiya və Yaxın Şərq ölkələrində də artıb. Səudiyyə Ərəbistanı ötən il "F-15” qırıcı təyyarəsi və "Apache” helikopterləri əldə edib. Krallıq eyni zamanda ordusunun arsenalını zənginləşdirmək üçün digər silah-sursatlara da sahib olub. Bu ölkə silahlara 9,3 milyard dollar xərcləyib. Bununla da Səudiyyə Ərəbistanı 2015-ci ildə ən çox silah alanlar arasında ilk yeri tutub. Silah almağa görə ikinci yerdə Hindistan, üçüncü yerdə Avstraliya qərarlaşıb.

Ən çox silah 2015-ci ildə satılıb

2015-ci ildə 46,5 milyard dollarlıq silah satışının həyata keçirilməsi isə dünyada münaqişə ocaqlarının çoxalması ilə əlaqələndirilir. Geridə qoyduğumuz il əsasən Yaxın Şərqdəki münaqişələrlə yadda qalıb. 2015-ci il ərzində ABŞ dünya dövlətlərinə təxminən 46,6 milyard dollarlıq silah satıb. Bu silahların böyük hissəsi isə Yaxın Şərq dövlətlərinə göndərilib. Statistikaya nəzər salsaq, ABŞ-ın 2014-cü ildə 12,4 milyard, 2013-cü ildə 18,8 milyard dollar civarında silah satdığını görərik. Silah ixracına görə, Rusiya ikinci yerdədir. Ondan ən çox silah alan isə İrandır. Ekspertlər proqnoz verirlər ki, neft ixrac edən ölkələr yaxın üç il ərzində aldıqları silahın həcmini azaldacaqlar. Buna səbəb isə neftin qiymətindəki ucuzlaşmadır.

Müharibələrin və münaqişələrin sayı artacaq

Mövzu ilə bağlı "Şərq”ə danışan təhlükəsizlik üzrə mütəxəssis Sülhəddin Əkbərin fikrincə, sürətli silahlanma dövlətlərin düşdükləri mürəkkəb durumla bağlıdır: "Dünyada qanlı müharibələr gedir və bu savaşlar eyni zamanda "vəkalət müharibələri” xarakteri daşıyır. Yəni müharibədə birbaşa qarşı-qarşıya duran tərəflərlə bərabər dolayısı yolla savaşa qoşulan güclər də olur. Eyni zamanda dünyanın bir çox yerlərində həll olunmamış münaqişə ocaqları mövcuddur. Ümumilikdə dünyada strateji şərait dəyişib. Çoxsaylı risklər, çağırışlar, təhdidlər var. Dünyamız daha təhlükəli bir hala gəlib. Belə təhlükəli məqamda dövlətlər özlərini rahat hiss etmirlər. Ona görə də öz müdafiələrini gücləndirməyə ehtiyac duyurlar və bu məqsədlə silahlanırlar. Fikrimcə, silahlanma yüksələn xətt üzrə gedəcək və müharibələrin, münaqişələrin və böhranların sayı azalmayacaq”.

Silahlanma gələcək qanlı toqquşmaların xəbərçisidir

Politoloq bildirib ki, statistikada adı çəkilən ölkələr hələlik heç bir müharibəyə, münaqişəyə cəlb olunmayıblar. Amma buna baxmayaraq onlar da silahlanma ehtiyacı duyurlar: "Bu onu göstərir ki, həmin dövlətlərin kəşfiyyatları siyasi rəhbərlərinə dünyanın təhlükəli gələcəyi haqqında xəbərdarlıq ediblər. Əslində silahlanma müdafiə üçün nəzərdə tutulsa belə, bunun özü gələcək qanlı toqquşmaların xəbərçisidir. Təəssüflər olsun ki, dünya yaranandan silah olub. Xüsusən odlu silahların kəşfindən sonra nə müharibələrin sayı azalıb, nə də keyfiyyəti aşağı düşüb. Tam tərsinə, getdikcə münaqişə ocaqlarının sayı artır və döyüşlərdə istifadə olunan silahlar təkmilləşir. Hər il öldürücü silah sistemləri kəşf olunur, kütləvi qırğın silahlarından istifadə edilir. Bunların hamısını edənlər isə insanlardır. Hər gün demokratiyadan, insan haqqlarından, gözəl dünyadan, silahlanmanın təhlükəli olduğundan danışan toplumlar təkmil silah əldə etmək üçün biri-biri ilə yarışırlar. Hesab edirəm, müasir dövrün insanlarını "homosapiens” (ağıllı insan) adlandıran alimlər bir qədər tələsiblər.

İsmayıl