Qanun qəbul olunmayıb

Ona görə Bakı merinin seçki yolu ilə təyinatı mümkün deyil



Prezident İlham Əliyev Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb. Təyinatlardan biri də Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla bağlıdır. O, vəzifəsindən azad olunaraq, Baş nazirin müavini təyin edilib. Bakı Şəhər İcra Hakimiyyəti başçısı postu isə boş qaldığından təbii olaraq paytaxtın yeni merinin kim olacağı ilə bağlı sualın cavabı da böyük maraq doğurur.

Ehtimallar isə çoxdur. Sosial şəbəkələrdə, mediada adı hallanan namizədlərdən birinin yaxın günlərdə bu vəzifəyə təyin ediləcəyi iddia edilir. Bundan əlavə, Bakı merinin seçilməsi məsələsi də gündəmə gəlib. Qeyd edək ki, Bakı merinin seçki keçirməklə təyin edilməsi tövsiyəsi uzun müddətdir verilib. Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi hələ 2003-cü ildə Azərbaycan hökumətinə tövsiyə edib ki, Bakı şəhərinə yerli özünüidarə hüququ verilsin, Bakı Şəhər Bələdiyyəsi yaradılsın, seçkili idarəçilik tətbiq edilsin və paytaxtın statusu haqqında qanun qəbul olunsun. Konqres "Paytaxtın statusu haqqında” xüsusi qanun qəbul etməyi məsləhət görür.

2008-ci ildə isə Azərbaycan Avropa Şurasına üzv olan digər ölkələr kimi paytaxt merinin seçkilər yolu ilə müəyyənləşməsi öhdəliyinə imza atıb. Ancaq hələ də Bakı Avropa Şurasına üzv olan dövlətlərin paytaxtları sırasında yeganə paytaxtdır ki, mer seçkisi keçirilmir, idarəçilik seçki ilə formalaşmır. Azərbaycan bununla bağlı götürdüyü öhdəliyi icra etməyib.

Konstitusiya Araşdırmalar Fondunun prezidenti, Əliməmməd Nuriyevin sözlərinə görə, "Bakının statusu haqqında” qanun qəbul olunmadığı üçün indiki reallıqda Bakı Şəhər İcra Hakimiyyəti başçısının seçki yolu ilə təyinatı mümkün deyil.

İlk növbədə qanunvericilikdəki boşluqlar aradan qaldırılmalı və burada idarəetmə orqanlarının formalaşması prinsipi öz əksini tapmalıdır: "Bakı şəhər icra hakimiyyəti institutu yalnız təyinat yolu ilə formalaşır. Azərbaycan konstitusiyasına görə, yerli icra hakimiyyəti başçıları ölkə başçısının sərəncamı ilə təyin edilir və ya vəzifəsindən azad edilir”.

Azərbaycanda mer vəzifəsinin olmadığını qeyd edən hüquq müdafiəçisinə görə, nə vaxtsa qanunvericilikdə dəyişiklik baş versə və "Bakı şəhərinin statusu haqqında” qanun qəbul edilsə, mer vəzifəsi də təsis edilə bilər. Bu gün üçün bu məsələ aktual deyil. Çox güman ki, yaxın günlərdə, bəlkə də elə bu gün Bakı Şəhər İcra Hakimiyyətinə yeni başçı təyin olunacaq. Onun kimliyi barədə isə konkret ad çəkə bilmərəm. Bu məsələ prezidentin müstəsna səlahiyyətlərinə aiddir. Hazırda hökumətin formalaşdırılması prosesi davam edir və prosesin həlli çox vaxt aparmayacaq. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsi öz statusuna görə kifayət qədər yüksək vəzifə olduğu üçün hökumətin formalaşdırılması mərhələsində bu məsələ də öz həllini tapacaq.

Yeni başçı kimi adları hallanan şəxslərin hansınınsa bu vəzifəyə təyin olunacağı ehtimalına gəldikdə isə Ə.Nuriyev ad çəkmək istəmədiyini deyib:

 "Sözügedən şəxslərin hər biri ayrı- ayrılıqda qabiliyyətli insanlardır, lakin kimin təyin olunacağını yalnız prezident müəyyən edə bilər. O, ən doğru namizədi, bu vəzifəyə layiq bildiyi şəxsi təyin edəcək.

Şəymən