"Neftin qiymətinə siyasi amillərin təsiri çox böyükdür”.
Bunun "Sherg.az”a neftin qiymətinin 88 dollara yaxınlaşması haqqında danışarkən Milli Məclisin Büdcəyə nəzarət daimi komissiyasının sabiq sədri Cümşüd Nuriyev bildirib.
Onun sözlərinə görə, neftin qiymətinin artması ölkəmiz, iqtisadiyyatımız üçün yaxşı haldır:
"2018-ci ildən başlayaraq neftin qiyməti artmağa davam etdi. Lakin "qara qızıl”ın dəyərinin qalxmasında elə bir əsaslı iqtisadi amillər olmadı. Əsasən dünyada və xüsüsən də Yaxın Şərqdə baş verən siyasi proseslər neftin qiymətinə təsir göstərdi. ABŞ-ın prezidenti Donald Trampın dünya ölkələrinə qarşı mövqeyi bazarda hərəkətliliyi qızışdırdı.
Son zamanlar ABŞ-ın dünyaya rəhbərlik etməsindən narahat olan Avropa ölkələri, Rusiya və Çinin əks addımlarını müşahidə edirik. Həmçinin bu ildən başlayaraq D.Tramp İrana sanksiyalar tədbiq etdi. Sanksiyalarda cənub qonşumuzun bazara çıxartdığı neftin ixracını dayandırmağı nəzərdə tutulur. ABŞ-ın bildirdiyinə görə, İrandan neft idxal edən ölkələrə də həmin sanksiya tətbiq olunacaq. Artıq bu kimi proseslər dünya bazarında neftə tələbatı yüksəltdi.
Tələbatın artması da qiymətlərin bahalaşması ilə nəticələnir. Hazırda Azərbaycan neftinin bir bareli 88 dollar təşkil edir. Əslində "qara qızıl”ın qiymətinin artması ölkəmiz, iqtisadiyyatımız üçün əvəzolunmaz haldır.
Çünki 2018-ci ilin başlanığıcında neftin bir barelinin büdcə qiyməti 45 dollar həddində qoyuldu. Qiymətlərin əhəmiyyətli dərəcədə qalxmasından sonra neftin büdcə qiyməti 55 dollar oldu.
Lakin "qara qızıl”ın dəyərinin 80 dolları aşaraq 90 dollar həddinə yaxınlaşması ölkəmizə əlavə valyuta gətirir. Beləliklə də Azərbaycan həmin vəsaitdən istifadə edərək turizm, kənd təsərrüfatı, emaledici sənaye sahələri kimi qeyri-neft sektorunu inkişaf etdirə bilər. Bununla da iqtisadiyyatımız güclənər, ölkə xərcləmələri artar, əhalinin yaşayış səviyyəsi, maddi rifahı yüksələr”.
Qeyd edək ki, Azərbaycan neftinin qiyməti 88 dollara yaxınlaşıb. Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,55 dollar və yaxud 0,63% artıb. "Sherg.az" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin qiyməti 87,51 dollar/barelə bərabər olub.
Kənan Eynuroğlu