Qarabağ işğaldan azad olunur?

Markov çox ağıllı politoloqdur
Bu cür açıqlamalar verməklə Azərbaycan ictimaiyyəti və mediasının reaksiyasını öyrənirlər


Rusiyalı politoloq Sergey Markov Dağlıq Qarabağ münaqişəsinin həlli yollarından danışıb. O, bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli indi yekun sıçrayışa olduqca yaxındır. Bu, artıq cari ildə baş tuta bilər.

Ekspertin sözlərinə görə, bu sıçrayış Kazan həll formulu əsasında mümkündür: "Dağlıq Qarabağ ətrafındakı 7 rayonun qaytarılması qarşılığında Azərbaycan tərəfdən Ermənistanın blokadası götürülür. Kazan formulu əsasında artıq indidən ciddi anlaşmaya çıxmaq olar”.

Markovun iddiasını şərh edən siyasi elmlər doktoru Cümşüd Nuriyev "Şərq”ə söyləyib ki, ölkəmizin aprel uğurundan sonra Azərbaycanın xarici siyasəti, Prezidentin iradəsinin ortada olması, xalqın Prezident və ordunun arxasında dayanması birmənalı şəkildə göz qabağındadır: "Rusiyada da ağıllı adamlar var. Ermənistanda da bunu dərk edirlər. Kazan prinsipləri əslində Sergey Lavrov prinsipləridir. Burada Ermənistan onsuz da çox ağır durumdadır. Türkiyə sərhədləri açmır. Şərti var. Yenə də açmayacaq. Gürcüstanla Ermənistan arasında gərginlik var. İran da separatçı ölkəyə köməklik göstərə bilmir. Uzağı, xırda-para işlər görə bilirlər. Ermənistanın əsas kommunikasiya sistemi, xüsusilə dəmiryolu Azərbaycan üzərindən açıla bilər. Bu, Azərbaycan üçün də sərfəli variantdır. Markov çox ağıllı politoloqdur. Onu şəxsən tanıyıram. O, Kremlin sözçüsüdür. Bu cür açıqlamalar verməklə Azərbaycan ictimaiyyəti və mediasının reaksiyasını öyrənirlər. Açıqlama həm də buna hesablanıb”.

Ekspertin fikrincə, 7 rayonumuz qaytarılarsa, Azərbaycan blokadanı götürə bilər: "Bu, eyni zamanda Naxçıvanın blokadadan çıxması deməkdir. Rusiya və Ermənistan da anlayır ki, Bakı-Qars dəmiryolu açılandan sonra artıq bizim Naxçıvanla sərbəst gediş-gəlişimiz təmin olunacaq. Bütün daşınmalar ordan həyata keçiriləcək. Bu, Azərbaycana bütün hallarda sərf edir. Ölkəmizin uduzması ilə bağlı heç bir məqam yoxdur”.

Ayyət Əhməd