Qarabağ münaqişəsi siyasi alətə çevrilib

Paşinyanın özündən əvvəlki hökumət rəhbərliyinə siyasi ölüm hökmü çıxarması səbəbsiz deyil
Baş nazir Respublikaçıların onu ən həssas nöqtədən – Dağlıq Qarabağ məsələsindən vura biləcəyindən ehtiyatlanaraq bütün diqqətini Sarkisyanın partiyasının tənqidinə ayırıb


Ermənistan baş nazirliyinə namizəd Nikol Paşinyan seçki kampaniyası çərçivəsində Respublikaçı Partiyasının rəhbərliyini və üzvlərini təhdid edib. O, seçiləcəyi halda bütün respublikaçı kənd rəhbərlərini vəzifələrindən uzaqlaşdıracağını deyib: "Niyə respublikaçı kənd rəhbərləri hələ də öz postlarında qalırlar? Seçkilərlə kəndliləri qorxutmaq üçün, yoxsa ağlımıza gəlməyən başqa səbəblər var? O zaman bilin ki, seçildikdən sonra ofislərinizə gələcəyəm və sizi boynunuzun arxasından tutub kənara atacağam. 

Hamınızın üzərinə asfalt tökəcəyəm. Respublikaçılar və oliqarxlar, sizin üzərinizdən asfalt yol çəkəcəyəm, o asfaltın altından çıxa bilməyəcəksiniz”. Paşinyanın təhdidləri Respublikaçılar tərəfindən kəskin etirazla qarşılanıb. Partiya rəsmiləri baş nazirin qanlı diktatura dövrünə hazırlıq gördüyünü ifadə ediblər.

Düşmən ölkədəki daxili qarşıdurma ilə bağlı "Şərq”ə danışan analitik Ehtiram Aşırlı deyib ki, Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanın özündən əvvəlki hökumət rəhbərliyinə siyasi ölüm hökmü çıxarması səbəbsiz deyil. Politoloqun sözlərinə görə, Ermənistanın daxili və xarici siyasətində ciddi və effektiv dəyişikliklərə nail ola bilməyən Paşinyan Respublikaçıların onu ən həssas nöqtədən – Dağlıq Qarabağ məsələsindən vura biləcəyindən ehtiyatlanaraq bütün diqqətini Sarkisyanın partiyasının tənqidinə ayırıb:

 "Paşinyan deyir ki, "Respublikaçılar partiyası məzarlardakı baş daşına bənzəyən qara rəngli plakatlar hazırlayaraq hələ də mövcud olduqlarını göstərməyə çalışırlar”. Baş nazirə görə, "əslində elə düz ediblər, çünki bu seçkilər qarətçi respublikaçılara siyasi ölüm hökmü verməlidir. Məhz budəfəki seçkilərdən sonra 20 ildən çoxdur ölkəni qarət edən partiya siyasi zibilxanaya atılacaq”. Məlumdur ki, Paşinyan Respublikaçıların "əgər Qarabağın gələcəyinə görə narahatsansa, onda Respublikaçıları seç!” şüarına da sərt münasibət bildirib. 

Baş nazir deyib ki, "20 ildir ordunu soyanların, buğda oğurlayan siçanların, əsgərləri mayka və tumanla təchiz edə bilməyənlərin Dağlıq Qarabağdan danışmağa heç bir mənəvi haqqı yoxdur”. 

Görünən odur ki, Paşinyanla yanaşı, digər partiyalar da seçkilərdə qələbə qazanmaq üçün təsir və təzyiq vasitəsi kimi Dağlıq Qarabağ məsələsini qabardırlar. Bu, bir daha göstərir ki, Ermənistanda rəhbərliyə kim gəlir-gəlsin, Qarabağ münaqişəsi onlar üçün yalnız öz hakimiyyətlərini möhkəmləndirməyə yönələn siyasi alət olaraq qalacaq”.

İsmayıl