“Qarabağ probleminin təməlində geosiyasi ambisiyalar durur”

Novruz Məmmədov: “Biz ədalət istəyirik, amma bu, baş vermir. Çünki aparıcı dövlətlər bunu istəmir”
“25 il ərzində nələr baş verdi? Münaqişə baş verən ölkələrin sayı dəfələrlə artıb. Çünki beynəlxalq münasibətlərdə ədalət mövcud deyil”


Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində "Mətbuat peşəkarlığı: Zorakı ekstremizmin təbliğatına qarşı müqavimətin təşkili üçün vasitələr” mövzusunda bölmə iclası keçirilib. İclasın moderatoru, Media və Öyrənmə Assosiasiyasının baş icraçı direktoru Sally Reynolds təhlükəsizlik sahəsinə yönəldilən vəsaitlərin təhsil sahəsinə yönəldilməsinin daha effektiv nəticə verəcəyinə inandığını bildirib. UNESCO-nun proqram mütəxəssisi Alton Grizzle deyib ki, KİV tənqidi məlumatları təhlil edərək cəmiyyətə çatdırmalı, sosial təbliğatla məşğul olmalıdır.

Rod Adaları Universitetinin professoru Rene Hobbs təbliğatın mənfi və müsbət istiqamətdə aparıla biləcəyini söyləyib: "Əsas odur ki, uşaqlar bu təbliğatın müsbət, yaxud mənfi xarakterli olduğunu qiymətləndirə bilsinlər”. Tennesse Universitetinin professoru Sanjay Asthana media sahəsində müstəqil tədqiqatçılara ehtiyac olduğunu qeyd edib: "Avropaya miqrasiyaya gələn insanlar arasında təlim aparılmalıdır”.

"Mədəniyyətlərarası dialoqun və tolerantlığın təbliğ edilməsində media ən effektiv vasitədir”

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov təəssüflə qeyd edib ki, münaqişənin təsirinə məruz qalmış ölkələrdə media yanlış istiqamətdə yönəldilir: "Media ekstremizmin, zorakılığın və irqi ayrı-seçkiliyin bir hissəsinə çevrilir. Bəzi hallarda bu, bilərəkdən siyasi rejimlər tərəfindən edilir, bəzi hallarda isə qeyri-peşəkarlığın nəticəsi kimi qiymətləndirilə bilər. Mədəniyyətlərarası dialoqun və tolerantlığın təbliğ edilməsində media ən effektiv vasitədir.”

"Azərbaycan tolerant cəmiyyətdir və bunu təbliğ edir, Ermənistan isə...”

Ə.Həsənov bildirib ki, Ermənistan mediası nifrət ritorikasından istifadə etməklə islamofobiya və türkofobiya təbliğatı aparır: "Ermənistan mediası Azərbaycanı ləkələmək və işğalı qanuniləşdirmək istiqamətində təbliğatla məşğuldur. Ermənistanın keçmiş və hazırkı prezidentləri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətlərinin rəhbərləri azərbaycanlılarla ermənilərin birgə yaşayışının qeyri-mümkünlüyü barədə beynəlxalq tribunalarda bəyanatlar verirlər. Onlar buna görə tənqid olunmur və ya pislənmir”. Aparat rəsmisi bildirib ki, vahid jurnalistika kodeksi qəbul edilməlidir: "Nə qədər ki, beynəlxalq səviyyədə belə bir sənəd qəbul edilməyib, vəziyyət belə də qalacaq. Məsələn, Azərbaycan tolerant cəmiyyətdir və bunu təbliğ edir. Ermənistan mediasında isə Bakı Bəyannaməsinin qəbul edilməməsinə dair çağırışlar yer alır. Ona görə də elə etmək lazımdır ki, BBC, CNN, digər transmilli media orqanları və Azərbaycan mediasında çalışan jurnalistlər məsələlərə vahid prinsipdən, vahid kodeksdən yanaşsınlar. Düşünürəm ki, Azərbaycan jurnalistikası Forumda təbliğ edilən ideyalardan istifadə edəcək. Azərbaycan bəşəri ideyaların, plüralist medianın yayılmasının tərəfdarıdır”.

"Dağlıq Qarabağ probleminin təməlində geosiyasi ambisiyalar dayanır”

BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində "Sülhün bərqərar edilməsi və terrorun aradan qaldırılması” mövzusunda keçirilən bölmə iclasında iştirak edən Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib. N.Məmmədov SSRİ-nin süqutundan sonra baş verənlərə diqqət yetirməyi zəruri sayıb: "25 il ərzində nələr baş verdi? Münaqişə baş verən ölkələrin sayı dəfələrlə artıb. Çünki beynəlxalq münasibətlərdə ədalət mövcud deyil, geosiyasi ambisiyalar üstünlük təşkil edib. İŞİD məsələsinə müxtəlif prizmalardan yanaşırıq. Məsələn, hazırda 220 qız "Boko Haram” terror təşkilatı tərəfindən girov götürülüb, heç kim buna mövqe bildirmir, hərəkətə keçmir. Yalnız onu eşidirik ki, qızlar sağdır, ailələri ilə təmasdadır. Azərbaycana gəlincə, tutaq ki, Dağlıq Qarabağ mübahisəli bölgədir. Belə olmasa da, belə təsəvvür edək. Ancaq Dağlıq Qarabağın ətrafında 7 rayon işğal altındadır, bu barədə heç kim danışmır. Beynəlxalq hüquqa əməl edilməlidir. Deyirlər ki, Azərbaycan gedib Ermənistanla danışsın. Dağlıq Qarabağ probleminin təməlində geosiyasi ambisiyalar durur”.

"Liviya ilə bağlı BMT qətnaməsi dərhal icra olundu”

N.Məmmədov deyib ki, Azərbaycan beynəlxalq hüquqa ədalət mənbəyi kimi baxır. Amma ATƏT-in Minsk Qrupu, yəni vasitəçilər heç vaxt demir ki, münaqişə beynəlxalq hüquq əsasında həll olunmalıdır: "Liviya ilə bağlı BMT qətnaməsi dərhal icra olundu. Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsinə dair BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsindən isə heç kim danışmır. Beynəlxalq hüquqdan danışılmadığı üçün bir çox regionlarda və Azərbaycanda belə durum mövcuddur. Biz ədalət istəyirik, amma bu, baş vermir. Çünki aparıcı dövlətlər bunu istəmir”. N.Məmmədov deyib ki, BMT İkinci Dünya müharibəsindən sonra dünyada sülhün bərqərar olunmasına kömək etmək üçün yaradılıb: "BMT öz missiyasını yerinə yetirə bilmədiyi üçün Türkiyə və İspaniya BMT-nin Sivilizasiyalar Alyansının yaradılması təşəbbüsü ilə çıxış edib və Alyans yaradılıb”.

"Ermənistan Prezidenti danışıqlara getməməklə özünə və xalqına pislik edir”

Novruz Məmmədov deyib ki, Ermənistan Prezidenti Serj Sarkisyan danışıqlara getməməklə özünə və xalqına pislik edir: "Azərbaycan münaqişəni yalnız sülh və danışıqlar yolu ilə həll etmək istəyir. 20 ildən artıq müddətdə Azərbaycan bu yola sədaqətini göstərib. Ancaq münaqişənin həlli ilə bağlı irəliyə getmək üçün hər hansı imkan yarananda Ermənistan təxribata əl atır. Bu, 10-12 il əvvəl, 2009, 2014 və bu il aprel ayının əvvəlində olub. Ermənistan münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk Qrupu həmsədrlərinin marağını görüb, təxribata əl atdı, təxribatının cavabını da aldı. İki gün əvvəl isə Ermənistan Prezidenti Serj Sarkisyan deyib ki, artıq danışıqlara getməyəcək. Ermənistan Prezidenti danışıqlara getməməklə özünə və xalqına pislik edir. Biz torpaqlarımızı mütləq işğaldan azad edəcəyik. Beynəlxalq birliyin köməyi ilə buna nail olacağıq. Ermənistan rəhbərliyi öz xalqının gələcəyini düşünsün”.

İsmayıl