Qarabağ üç dövlət arasında...

Bakı Paris və Vaşinqtonun fəallaşmasında istifadə etməlidir
Əsas məsələ odur ki, münaqişənin həllində Kremlin təkbaşına vasitəçiliyinə yol verilməsin


"Ermənistan-Azərbaycan arasında yenə birbaşa qarşıdurma müşahidə edəcəyiksə, bu, bütün Qafqazı "partladacaq””. Bu barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja bildirib. Onun sözlərinə görə, belə olan halda bir çox dövlətlər cəlb olunacaq, bütün Qafqaz xalqlarına təsir edəcək: "Bu çox ciddi məsələdir. Hesab edirəm ki, bu gün orada sülh təmin olunmalıdır. Əks təqdirdə, Qafqazda böyük müharibə olacaq”.

Baş katibin müharibə ehtimalını şərh edən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu "Şərq”ə söyləyib ki, cəbhə bölgəsində atəşkəsə riayət olunmur. Hər iki tərəf ağır texnikadan istifadə edir, itkilərin sayı azalmır: "Azərbaycan tərəfdən əsasən Tərtər rayonu atəş altındadır. Buna cavab olaraq da Azərbaycan silahlı qüvvələri Ermənistan ordusunun Ağdərədəki postlarına zərbələr endirir. Tərtərin daima atəş altında olması Azərbaycan ordusunun Ağdərə istiqamətində irəliləməsi məsələsini aktuallaşdırır”.

Cəbhə bölgəsində vəziyyətin yenidən gərginləşməsinin səbəbləri barədə danışan ekspert bunu iki amillə izah edib: "Birinci səbəbi odur ki, 2-6 aprel döyüşlərindən sonra beynəlxalq aləm danışıqları intensivləşdirməyib. Rusiyalı rəsmilər isə həmişəki kimi şablon ifadələr veriblər və bölgəyə səfərləri də real nəticə verməyib. Belə olan halda cəbhə bölgəsində sakitlik və tərəflərin atəşkəsə riayət edəcəyini gözləmək çətindir. İkinci səbəb isə odur ki, Ermənistan Prezidenti Serj Sarkisyan itirdiyi yüksəklikləri geri qaytarmaq haqqında düşünür. O, hələ cəmiyyətinə "Ermənistan həmin yüksəklikləri niyə itirdi” sualına cavab verməyib. Ona görə də bu sual aktuallaşmamış cəbhədə əks-hücumla uğur qazanmaq istəyir. Ancaq nəticədə Ermənistanın itkiləri artır. Sadalanan hər iki səbəb Azərbaycanın maraqlarına cavab verir. Çünki həm beynəlxalq aləmin passivliyi, həm də Ermənistan Prezidentinin əks-hücuma keçmək istəyi ordumuza növbəti mərhələdə işğal altındakı yeni ərazilərin azad olunması imkanı qazanırdırır. Azərbaycan ordusunun hərbi heyəti komandanlıqdan hücum əmri gözləyir. Orduda bu əhval-ruhiyyə komandanlığın gələcək qərarlarına da təsir göstərəcək”.

Politoloqun qənaətincə, 4 günlük döyüşlər və əldə olunan nəticələr Azərbaycan cəmiyyətində Dağlıq Qarabağ münaqişəsinin həll formulunu aydınlaşdırdı: "İşğal altındakı Ermənistan ordusuna zərbələr endirməklə qarşı tərəfin itkilərini artırmaq və bu yolla İrəvana təzyiqi gücləndirmək. Moskva ilə isə tərəfdaşlıq oyununu davam etdirmək lazımdır. İkinci amil ona görə vacibdir ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinə birbaşa qarışmayana qədər rəsmi Bakı Kremllə münasibətləri tərəfdaş səviyyəsində saxlayacaq. Dağlıq Qarabağ Abxaziyaya, Cənubi Osetiyaya və ya Donbasa bənzəmir. Rusiyanın bu separatçı bölgələrdən fərqli olaraq Dağlıq Qarabağla sərhədi yoxdur ki, birbaşa bölgəyə qoşun və ya desant qüvvələrini yeritsin. İkinci tərəfdən Gürcüstan və Ukraynadan fərqli olaraq Azərbaycan Rusiya ilə strateji tərəfdaşlığından imtina etmir. Ancaq Rusiya hakimiyyəti və hərbi komandanlığı Dağlıq Qarabağdakı döyüşlərə birbaşa müdaxilə edərlərsə, həm Azərbaycanla münasibətləri gərginləşdirəcəklər, həm də müharibənin miqyasının genişlənməsinə şərait yaradacaqlar”.

E.Şahinoğlu hesab edir ki, bu aralar Vaşinqton da fəallaşmağa qərar verib: "ABŞ Dövlət katibi Con Kerri aprelin 25-də Azərbaycan və Ermənistan Prezidentlərinə zəng edərək, İlham Əliyev və Serj Sarkisyanla Dağlıq Qarabağ münaqişəsinin həlli vacibliyindən danışıb. Əslində Kerrinin telefon zəngi gecikib, 6 aprel tarixindən sonra rusiyalı rəsmilər Bakı və İrəvana səfərlər etdilər, tərəflərlə intensiv danışıqlar apardılar, münaqişənin həlliylə bağlı 5 il öncəki Kazan planını xatırlatdılar. Bu müddətdə Vaşinqton Moskvanın təkbaşına fəallığına seyrçi qaldı. Ümumiyyətlə, ABŞ Prezidenti Barak Obama üçün Cənubi Qafqaz aktual deyil. Obamanın bu siyasəti Moskvaya Cənubi Qafqazda geniş manevr imkanı qazandırır. Vaşinqton Bakı ilə təmaslarını yalnız enerji reruslarının dünya bazarlarına daşınması və Əfqanıstana yardım üzərində qurub. Dağlıq Qarabağ münaqişəsinin həllinə maraq göstərmir”.

Ekspert diqqətə çatdırıb ki, Fransa münaqişənin həlli məsələsində Vaşinqtondan ön plandadır: "Azərbaycan və Ermənistan Prezidentlərini görüşdürməyə çalışdıqları fikrini də aprelin 26-da ATƏT-in Minsk Qrupunun məhz Fransadan olan həmsədri Pyer Andrie bildirdi. Bundan başqa, Prezident İlham Əliyev aprelin 26-da Bakıda Fransa Xarici İşlər Nazirliyinin dövlət katibi Arlem Dezir ilə görüşdü. Bu görüşdə Fransa ilə Azərbaycan arasında ikitərəfli və regional məsələlərlə yanaşı, Dağlıq Qarabağ münaqişəsinin həlli və son proseslər ətrafında geniş fikir mübadiləsi aparıldı.C.Kerrinin Bakı və İrəvana telefon zəngləri Rusiyaya mesaj idi. Vaşinqton telefon zəngi ilə Moskvaya mesaj göndərdi ki, "Cənubi Qafqazda biz də varıq”. Əlbəttə, Fransa və ABŞ-ın fəallaşmasının sülhün əldə olunması prosesini sürətləndirəcəyini söyləmək çətindir. Ancaq rəsmi Bakı bütün hallarda Paris və Vaşinqtonun fəallaşmasından istifadə etməlidir. Əsas odur ki, Kremlin Dağlıq Qarabağ münaqişəsinin həllindəki təkbaşına vasitəçilik təşəbbüslərinin qarşısı mümkün qədər əngəllənsin. Çünki bu təşəbbüslər Azərbaycanın xeyrinə deyil”.

Ayyət Əhməd