Qarabağa yeni cığır...

Liderlər 5 rayonun qaytarılmasını ciddi şəkildə müzakirə ediblər
Türkiyə-Rusiya-Azərbaycan üçtərəfli formatının yaradılması münaqişənin həllinə təkan verəcək


Türkiyə-Rusiya münasibətlərinin normallaşması Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni situasiya yaradıb. Həm Prezident Putin, həm də Rəcəb Tayyib Ərdoğan səviyyəsində Qarabağ məsələsinə diqqət ayrılması, ardınca Putinin Sarkisyanı Moskvaya çağırması problemin çözümü istiqamətində ümidləri artırıb. Putinlə görüşdən sonra Türkiyə rəhbəri Ərdoğan Qarabağ münaqişəsinin həllində irəliləyişin olduğunu söyləyib. Prezident əvvəlcə Türkiyə-Azərbaycan-Rusiya üçtərəfli əməkdaşlıq formatından söz açıb. Onun sözlərinə görə, bu məsələyə Azərbaycan kimi, Rusiya da müsbət yanaşır: "Türkiyə xarici işlər naziri Türkiyə-Rusiya-Azərbaycan əməkdaşlıq formatının qurulması ilə bağlı azərbaycanlı həmkarı ilə danışıb. Biz də Rusiya Prezidenti Vladimir Putinlə bunu müzakirə etdik. Məqsədimiz bölgədə siyasi hadisələri yerində, yaxından izləməkdir. Hazırda bölgədə Qarabağ problemi var. Bu məsələnin həllində Türkiyənin üzvü olduğu ATƏT-in Minsk Qrupu daha fərqli nəticələr əldə edə bilər. Rusiya, ABŞ və Fransa Minsk Qrupunun həmsədridir. Lakin onlar 23-24 ildir bu problemi hələ də həll edə bilməyib, yaxud həll etmək istəməyiblər. Hazırda münaqişənin həlli prosesində bəzi irəliləyişlər mövcuddur. Putin bu məsələnin üzərinə gedir. Azərbaycan Prezidenti İlham Əliyev də bunu mənə bildirdi. 5 rayon azad edilərsə, problemlər sözün əsl mənasında rahatlıqla həll ediləcək, regionda normallaşma prosesi başlayacaq”.

Sərhədlərin açılması və Dağlıq Qarabağ problemi...

Qardaş ölkə başçısının məhz Putindən sonra belə bir açıqlama verməsi münaqişə ətrafında yeni bir durumun yaranmaqda olduğunun təzahürü sayıla bilər. Bir müddətdir ki, Ankara və Moskvanın Qarabağ məsələsinin həllinə birgə təkan verəcəkləri barədə fikirlər səslənməkdədir. Türkiyənin nizamlama prosesinə daha fəal şəkildə qoşulması haqda bəzi Rusiya rəsmilərinin də açıqlamaları olub. Xarici işlər naziri Sergey Lavrov erməni rəsmiləri ilə qapalı görüşündə Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsini gündəmə gətirib və bunun Dağlıq Qarabağ prosesinə təsir edəcəyini deyib. Bəzi ekspertlər ehtimal edirlər ki, Rusiya-Türkiyə yaxınlaşması qapalı sərhədlərin açılmasına və Dağlıq Qarabağ ixtilafının yeni müstəvidə gündəmə gəlməsinə səbəb ola bilər.

"Münaqişənin həlli Kremlin planlarına cavab verir”

Rusiyanın Qarabağ probleminə təsiri şübhəsizdir. Ancaq əsas məsələ real addımların atılmasıdır. Əksəriyyət hesab edir ki, əgər Moskva səmimi olarsa, problemə çözüm gətirə bilər. Politoloqlara görə, münaqişənin həlli Kremlin Avrasiya layihələri ilə bağlı planlarına da cavab verir. O halda nəinki Azərbaycanın, hətta Türkiyənin də Avrasiya İqtisadi Birliyinə qoşulması reallaşa bilər. Bu xüsusda Ermənistan Prezidentinin son Moskva səfəri və onun nəticələri də diqqət çəkir. Xəbər verildiyi kimi, görüşdə Sarkisyan öncə rusiyalı həmkarına Qarabağ məsələsində göstərdiyi "siyasi və diplomatik səylərə görə” minnətdarlıq edib. Putin vurğulayıb ki, Rusiya İrəvanla Bakı arasında gərginliyin azalmasında maraqlıdır və kompromisin əldə olunması üçün həll yollarının axtarılmasında yardımını davam etdirəcək. Göründüyü kimi, Rusiya lideri də diplomatik səylərin artırılmasının vacibliyini anlayır. İstisna deyil ki, "Lavrov sənədi” və ya "Kazan formulu” adlanan həll variantı da buna hesablanıb. Bu paketlər ən azından 5 rayonun qeyd-şərtsiz azad edilməsi, bölgədə kommunikasiya xətlərinin, o cümlədən Türkiyə ilə sərhədlərin açılmasını nəzərdə tutur. Heç şübhəsiz, Peterburqda Putin və Ərdoğan bu məqama da diqqət yönəldib. Həmçinin, Ərdoğanın səfərdən dərhal sonra 5 rayonun qaytarılmasından söz açması da boşuna deyilmiş ifadələr deyil. Türkiyə lideri xüsusi olaraq vurğulayıb ki, Ankara-Bakı-Moskva üçtərəfli əməkdaşlıq formatı sülh prosesini daha da sürətləndirə bilər. Bir şərtlə ki, işğalçı ölkə Rusiyanın təzyiqi ilə konstruktiv mövqeyə gəlsin.

"Ermənistan sülh istəmədiyinə görə, Türkiyənin vəsitəçilik təklifini qəbul etmir”

Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə deyib ki, ATƏT-in Minsk Qrupuna həmsədr olan dövlətlərin hamısında çox güclü, zəngin erməni diasporası var. Onlar Ermənistanla münasibətlərini çox mülayim tərzdə qururlar: "Münaqişə ilə bağlı Azərbaycanı hərtərəfli müdafiə edən yeganə ölkə Türkiyə sülhə öz töhfəsini verə bilər. Amma Ermənistan sülh istəmədiyinə görə, Türkiyənin iştirakını qəbul etmir”. Deputat bildirib ki, Ermənistanın yaxın müttəfiqi olan Rusiya və İran iqtisadi maraqlarından dolayı düşmən ölkəni sülhə vadar edə bilər: "Burada həm Rusiyanın, həm də İranın iqtisadi maraqlarından söhbət gedir. Onlar Azərbaycan ərazisini azad edərək nəqliyyat dəhlizi istiqamətində layihələr həyata keçirə bilərlər”.

"Türkiyə Ermənistanla konsensus əldə etməlidir”

Analitik Arzu Nağıyev hesab edir ki, Rusiya-Türkiyə-Azərbaycan formatının Dağlıq Qarabağ münaqişəsinin həllinə təsiri ola bilər. Ancaq münaqişə tək bu formatla həll edilə bilməz: "Ermənistan qəti surətdə Türkiyənin prosesdə iştirakını istəmir. Deməli, münaqişənin həlli üçün Türkiyə Ermənistanla hər hansı bir konsensus əldə etməlidir. Təbii ki, Rusiya açar oyunçudur və ondan çox şey asılıdır”.

"Türkiyənin təklifi Azərbaycan-Rusiya münasibətlərində yeni səhifə açacaq”

Siyasi ekspert Elşən Manafov deyib ki, sözügedən formatın yaradılması Azərbaycanın Cənubi Qafqazın aparıcı dövləti olduğunu bir daha təsdiq edir: "Ərdoğanın belə bir təkliflə çıxış edəcəyi istisna deyildi. Çünki Türkiyənin iştirakı olmadan regional təhlükəsizlik və regional əməkdaşlıq, o cümlədən bölgədəki iqtisadi və siyasi məsələlərin realizə edilməsi bir qədər müşkül məsələdi. Qardaş ölkə və strateji müttəfiqimiz olan Türkiyənin təklifi Azərbaycan-Rusiya münasibətlərinə də öz töhfəsini vermiş olacaq. Həmçinin, Türkiyə-Rusiya münasibətlərində müşahidə olunan yeni çalarlar Qarabağ probleminin məhz ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinə müsbət təsir göstərəcək. Məncə, indiki məqamda Ərdoğanın Türkiyə-Azərbaycan-Rusiya üçtərəfli format təklifini irəli sürməsi çox yaxşı düşünülmüş siyasi addımdır.

"Hər şey Rusiya-Türkiyə münasibətlərinin hansı istiqamətdə gedəcəyindən asılıdır”

Politoloq Vüqar Zifəroğlu da bu qənaətdədir ki, Türkiyə-Rusiya-Azərbaycan üçtərəfli formatının yaradılması Qarabağ konfliktinin həlli prosesində Bakının mövqeyinin daha da güclənməsinə xidmət edəcək: "Ərdoğanın rusiyalı həmkarı Putinlə görüşündən sonra üçtərəfli əməkdaşlıq formatının yaradılmasına müsbət yanaşdıqlarını açıqlaması, belə bir formatın reallaşa biləcəyindən xəbər verir. Üçlü formatın mövcud olması hər mənada regional münaqişələrin, xüsusilə Dağlıq Qarabağ probleminin həlli istiqamətində mühüm amil hesab olunur. Rusiya təklifə rəsmi reaksiya verməsə də, gələcəkdə bunu dəstəkləyə bilər. Hər şey Rusiya-Türkiyə münasibətlərinin yaxın gələcəkdə hansı istiqamətdə gedəcəyindən asılıdır”.

İsmayıl