"Qardaşı Şəhidin büstünü dağıdıb, yerində pivəxana tikir - DƏHŞƏT

Akif Nağı: ""Bəzən elə hallar olur ki, şəhidin qohumları onun adından sui-istifadə edir. Bu məsələ qanuni çərçivədə həllini tapmalıdır. Şəhidin qardaşı əməlinə görə cəzalandırılmalıdır"


"Şəhidlərin xatirəsinə hörmət etmək ciddi mənəviyyat məsələsidir”.

Bunu Sherg.az-a Xətai rayon NZS qəsəbəsində şəhidlər üçün ayrılan park yerində şəhidin büstünün dağıdılıb, yerində pivəxana açılmasına münasibət bildirərkən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı deyib. 

O bildirib ki, dövlət və cəmiyyət səviyyəsində şəhidlərə, şəhid ailələrinə xüsusi münasibət olmalıdır:

"Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün xüsusi proqram qəbul olunub. Ona görə, hesab edirəm ki, şəhid Azərbaycanda xüsusi diqqət olunmalı kateqoriyadır. Kim olur olsun şəhidlərə, onların xatirəsinə qarşı əl qaldırırsa, ədalətsizlik edirsə, o mütləq cəzalandırılmalıdır. Heç bir halda insanlara əsas verilmir ki, şəhidin adından xüsusi istifadə etsinlər. 

Bəzən elə hallar olur ki, şəhidin qohumları onun adından sui-istifadə edir. Hətta bu addıma cəmiyyət, dövlət göz yumur. Çünki şəhidin yaxınlarıdır, onların ehtiyaclarını ödəməliyik. Amma şəhidin adından bu cür şəxsi məqsədlər üçün istifadə etmək yolverilməzdir.

Qanun səviyyəsində bu məsələ həllini tapmalıdır. Cinayət məcəlləsinə dayanaraq həmin şəhidin qardaşı əməlinə görə cəzalandırılmalıdır. Şəhid parkının salınması dövlətin səlahiyyətində olmalı və şəhidin adına layiq abidə qoyulmalıdır”.

Qeyd edək ki, şəhid Rəşid Bağırovun oğlu Xəyal Bağırovun mətbuata açıqlamasına görə, bu əməli şəhidin qardaşı Məhərrəm Bağırov edib. Hazırda şəhidin ailəsi qəsəbə şəhidlərinin adına verilmiş torpaq sahəsinin geri qaytarılması və orada şəhidlər üçün parkın salınmasını tələb edir.

Aysel Aslan