Qaz sayğaclarının sıfırlanmasından sevinməyə dəyməz

Yanvar ayından istehlakçıya yenidən 1700 kubmetr qaz limiti veriləcək və ödəmələr ona uyğun aparılacaq
İllik 1700 kubmetr qaz limiti kənd yerlərində imkansız ailələr üçün çətinlik yaradır





Mavi yanacağa görə istehlakçıların il ərzində keçdiyi limit yeni ildən sıfırlanacaq. Bu barədə "Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev bildirib. Qurum rəsmisi xatırladıb ki, Tarif Şurasının qərarına uyğun olaraq sərf edilən təbii qazın dəyərinin 1700 kubmetri 10 qəpiklə, 1700 kubmetrdən artığı isə 20 qəpiklə hesablanır:

"Qərar 2017-ci il yanvarın 1-dən qüvvəyə minib. Bu il ərzində keçilən limit yeni ildən sıfırlanacaq. 2018-ci ildə 1700 kubmetr təbii qazın hər kubmetr dəyəri 10 qəpiklə, 1700 kubmetrdən artıq sərf edilən təbii qazın dəyəri isə hər kubmetr üçün 20 qəpiklə hesablanacaq”. Məlumat üçün deyək ki, son günlər bəzi istehlakçılar qaza görə tətbiq edilən limitin yeni ildən sıfırlanmayacağını iddia edərək, narahatlıqlarını ifadə edirdilər.

 Məsələ ilə bağlı "Şərq”ə danışan Azad İstehlakçılar Birliyinin kommunal məsələlər üzrə eksperti Nüsrət Qasımov deyib ki, əgər istehlakçı illik normanı istifadə edibsə və üzərində əlavə qaz sərfiyyatı varsa, o zaman ödənişi 20 qəpikdən etməlidir: 

"Lakin il başa çatdığı üçün ödəniş 20 qəpikdən edilməyəcək. Yanvar ayından istehlakçıya yenidən 1700 kubmetr qaz limiti veriləcək və ödəmələr ona uyğun aparılacaq. Burda elə də ciddi, sevindirici məqam yoxdur”. 

Ekspert bildirib ki, illik 1700 kubmetr qaz limiti kənd yerlərində imkansız ailələr üçün çətinlik yaradır:

"Kəndlərdə evlər 4-5 otaqlı olur, hər otaqda "ceyran” tipli bir soba yanır. Həmin sobaların saatlıq sərfiyyatı 3 kubmetrdir. 3 kubmetri 12-yə, yaxud 10-na vuranda 30 kubdan çox edir. 30-u da bir aya vuranda 900 kubmetr edir. 

Deməli, həmin evdə 2 ay ərzində limit keçilir. Bəs, o yazıqlar qalan 10 ayı nə etməlidirlər? Hündürmərtəbəli evlərdə yaşayan insanlara da həmin limit verilir. Nəzərə alaq ki, belə mənzillərdə sadəcə yemək bişirmək üçün qaz sobası və bir də çimmək üçün "kalonka” olur. Bunlara isə çox az miqdarda qaz sərf edilir. Ona görə də bu cür binalar üçün il ərzində 1700 kubmetr artıqlaması ilə bəsdir. Lakin kənd yerlərində yaşayanlar üçün kifayət etmir. Kəndlər üçün norma ən azından 2500-3000 kubmetr olmalıdır”.

İsmayıl