Qəbul imtahanlarına ehtiyac yoxdur

Necə olur ki, Qazaxıstan bunu bacarır, amma biz yox?
Şahlar Əsgərov: “Biz ali məktəblərin qapılarını geniş açmalıyıq, əvəzində çıxışı daraltmalıyıq”


Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "ASAN radio”nun "Qəbuldasan” verilişində maraqlı açıqlamalarla çıxış edib. M.Abbaszadə yaxın bir neçə ildə ali məktəblərə qəbul imtahanlarında əsaslı dəyişikliklər ediləcəyinin anonsunu verib. Sədr bildirib ki, bakalavriat pilləsinə qəbul imtahanlarında cəmi 3 fəndən imtahan veriləcəyi gözləniləndir. Lakin M.Abbaszadə bu mərhələnin başlanması üçün bir sıra məsələlərin həllinin vacib olduğunu deyib: "Bakalavr imtahanında Ana dili və Riyaziyyat fənlərinin nəticələri eyni fənlərdən buraxılış imtahanlarının nəticələri ilə əvəzlənə bilər. Amma hələlik buraxılış imtahanlarının səviyyəsi, qəbul imtahanlarında, xüsusilə bir və ikinci qruplar üzrə Riyaziyyat fənninin suallarıyla eyni səviyyədə deyil.

Bu səbəbdən də hələ bu prosesin reallaşması mümkün deyil. Biz bununla bağlı iş görürük və proses 3 il davam edəcək. Çalışacağıq ki, gələcəkdə ixtisas qrupları üzrə qəbul imtahanları 3 fəndən ibarət olsun”.

Gözlənilən dəyişikliklə bağlı sabiq millət vəkili, Milli Məclisin Təhsil Komissiyasının sədri olmuş, professor Şahlar Əsgərov "Şərq”ə açıqlamasında M.Abbaszadənin indi səsləndirdiyi fikirləri bir neçə il əvvəl irəli sürdüyünü dedi:

- Hələ 2003-cü ildə vahid milli test ideyasını irəli sürmüşdüm. Hər iki imtahan uşağın orta məktəbdə aldığı biliyin yekunudur. Şagird orta məktəbi bitirəndə buraxılış imtahanı verir, attestat alır, üzərindən iki ay keçməmiş həmin bilikdən ali məktəbə imtahan verir. Bir adamı iki dəfə yükləməyin, eyni biliyi iki dəfə yoxlamağın nə mənası var?! Bunun əhəmiyyətsiz bir şey olduğunu anlamaq üçün bizə 13 il (!) vaxt lazım gəldi. Mən həmişə bu fikirdə olmuşam ki, buraxılış imtahanları ilə qəbul imtahanları birləşdirilməlidir. Qəbul imtahanlarına ehtiyac yoxdur. İmtahanlar qeydiyyatla əvəz edilməlidir. İndi deyirlər ki, orta məktəblər bu yeniliyə hazır deyil. Səviyyə eyni deyil və s. Necə olur ki, Qazaxıstan bunu bacarır, amma biz yox?! Qazaxıstanı ona görə misal çəkirəm ki, biz də sovetlərdən qopmuşuq, onlar da. Onlar 220 min abituriyenti bir gündə test edir, axşam saat 6-da da hamının qiymətini deyirlər. Biz isə 90 min nəfəri test edirik, amma qiymətləri 20 gündən sonra deyirik.

Həmişə demişəm ki, gənclərin ali təhsil almasının önü kəsilməməlidir. Biz ali məktəblərin qapılarını geniş açmalıyıq, əvəzində çıxışı daraltmalıyıq. Sovet vaxtı belə bir öhdəlik vardı ki, hamı orta təhsilli olmalıdır. Bu öhdəlik hələ də bizim üçün dəyişməz qalır. Avropada isə öhdəlik artıq çoxdan dəyişib. Avropada "bütün gənclər ali təhsilli olmalıdır” prinsipi əsasdır. Orta məktəbi bitirən gənclərə ali təhsil almaq imkanı yaradılmalıdır. Avropada məhz belədir. Təkcə Avropada da yox, uzaq Monqolustanda da. Baxın, ali təhsillə əhatə əmsalı Cənubi Koreyada 95, ABŞ-da 90, Monqolustanda 50, bizdə isə vur-tut 17 faizdir. Deməli, Cənubi Koreyada orta təhsili başa vuran hər 100 gəncdən 95-i ali məktəbə daxil olur, Monqolustanda yarı-yarıyadır, bizdə isə 100 nəfərdən cəmi 17-si ali təhsil alır. Nədir bu geridəqalmanın səbəbi? Orta məktəbdə pis oxuyub deyə, niyə o gəncin ali təhsil almaq yolunu bağlamalıyıq? Bəlkə ali məktəbdə yaxşı oxuyacaq?! Təhsilimizdə inkişaf tempi çox zəifdir. "Mersedes”ə minə bilirik, amma təhsildə irəliləyə bilmirik.

Ailə o zaman xoşbəxt olur ki, cütlüklər biri-birini sevib evlənir. İxtisas seçimi də belədir. Kimsə gəncin ixtisas seçiminə müdaxilə etməməlidir.

Ş.Əsgərov qeyd etdi ki, vahid imtahan sisteminə keçidin bir neçə üstünlükləri var: "Bununla biz gəncləri əlavə stressdən, iki dəfə psixoloji təzyiqə məruz qalmaqdan qurtararıq. Gənc qısa müddət ərzində iki dəfə yox, bir dəfə imtahan verir. Bu çox əhəmiyyətli bir şeydir, çünki həm gəncin bilik səviyyəsini, həm təhsil sisteminin özünün vəziyyətini, həm də müəllimlərin keyfiyyətini müəyyən edirsən. Ona görə də ali məktəblərə qəbul və orta məktəblərin buraxılış imtahanlarını birləşdirmək vacibdir. Əlbəttə, bununla bağlı mexanizmləri fikirləşib tapmaq lazımdır. Bundan əlavə, bir imtahanın keçirilməsi vətəndaşları da, dövləti də əlavə xərclərdən azad edər. Belə olanda cəmiyyət də rahatlaşar. Dünyanın bir sıra ölkələrində buraxılış imtahanları ilə qəbul imtahanları birləşdirilmiş formada həyata keçirilir. Ali məktəblərə qəbulu buraxılış imtahanı ilə ona görə aparırlar ki, orta məktəblərdə təhsilin səviyyəsini yoxlasınlar. Eyni zamanda, qəbul imtahanını ali məktəbə seçim etmək üçün aparırlar. Belə bir forma gec-tez olmalıdır.

Məlahət Rzayeva