Qəbul imtahanlarında keyfiyyət artımı ortaya çıxmadı

Rəqəmlər onu göstərir ki, imtahanda iştirak edənlərin 52 faizi keçid balını toplaya bilməyib


Dövlət İmtahan Mərkəzi (DİM) 2017-2018-ci tədris ili üçün Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmaq istəyən abituriyentlərin qəbul imtahanlarını yekunlaşdırıb.
Bu il ali məktəblərə qəbul imtahanlarında xeyli yeniliklərin şahidi olduq. Məsələn, qəbul imtahanları yaz və yayda təşkil olunub. Yəni abituriyentlərə iki dəfə şans verilib. Birinci imtahan əvvəlki illərin məzunları üçün, ikinci imtahan isə hamı üçün pullu keçirilib.

Artıq imtahanlarda iştirak etmiş bütün abituriyentlər topladıqları balları bilirlər. Bir neçə gündən sonra ixtisas seçimi başlayacaq.

Bəs görəsən, ümumi nəticələr fonunda ekspertlər builki qəbul imtahanlarını necə qiymətləndirir? Ötən illərlə müqayisədə hansı üstünlükləri və ya çatışmazlıqları ilə yadda qaldı?

2017-2018-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavr səviyyəsinə qəbul imtahanlarının bütün mərhələləri, təşkilatçılığı əvvəlki illərlə müqayisədə kifayət qədər zəif təşkil olunduğunu vurğulayan təhsil eksperti Kamran Əsədov "Şərq”ə açıqlamasında deyib ki, əsas dəyişiklik isə bu il ali məktəblərə qəbul imtahanlarının iki dəfə keçirilməsi olub: 

"Dövlət İmtahan Mərkəzi iyulun 14-də ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə 2017-2018-ci tədris ili üçün 2-ci dəfə qəbul imtahanlarını keçirib. Bununla da bu il üçün II və III qruplar üzrə keçirilən qəbul imtahanları başa çatıb. Aprelin 30-da ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanının nəticələrini iyulun 14-də ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanının nəticələri ilə müqayisə edəndə görürük ki, tədris ili başa çatmamış, hələ məktəblilərin proqramı tamamlanmamış göstərilən nəticələr daha yüksək olub. Ümumilikdə bütün göstəricilər baxımından aprel ayında keçirilən imtahan göstəriciləri üstün olub. Belə ki, 30 apreldə imtahanda iştirak etmək üçün sənəd vermiş 35433 abituriyentdən 706 nəfəri imtahanda iştirak etməmiş, imtahanda iştirak edən abituriyentlərdən 17 nəfəri imtahan qaydalarını pozduqlarına görə imtahandan xaric olunmuş və nəticələri ləğv edilmişdisə, 14 iyuldakı imtahanda iştirak etmək üçün ərizə vermiş 34042 abituriyentdən 1097 nəfəri imtahanda iştirak etməmiş, imtahanda iştirak edən abituriyentlərdən 33 nəfəri imtahan qaydalarını pozduqlarına görə imtahandan xaric olunmuş və nəticələri ləğv edilib. Bunlarla yanaşı, maksimum nəticə göstərənlərdə də fərq var. 30 apreldə keçirilən imtahanda II ixtisas qrupu üzrə 2 abituriyent (Ağcabədi şəhəri, 3 saylı məktəb-lisey və Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin məzunları) , III ixtisas qrupu üzrə isə 1 abituriyent (Bakı şəhəri, Zərifə Əliyeva adına liseyin məzunu) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplamışdısa, 14 iyulda keçirilən imtahanda yalnız III ixtisas qrupu üzrə 2 abituriyent (Bakı şəhəri, Nəsimi rayonu 111 saylı orta məktəb və Bakı şəhəri, Suraxanı rayonu 278 saylı orta məktəbin məzunları) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb, II qrupda isə apreldə keçirilən imtahandan fərqli olaraq maksimum nəticə göstərən olmayıb. Bu ildən etibarən ali məktəblərin I-IV ixtisasları üzrə qəbul imtahanları iki dəfə keçirilməsinə baxmayaraq bu heç də keyfiyyət artımına gətirib çıxarmadı”.

K.Əsədovun sözlərinə görə, Dövlət İmtahan Mərkəzi mayın 7-də ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələrinə görə imtahanda iştirak etmək üçün sənəd vermiş 30239 abituriyentdən 706 nəfəri imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 24 nəfəri imtahan qaydalarını pozduqlarına görə imtahandan xaric olunmuş və nəticələri ləğv edilib:

"İmtahanda I ixtisas qrupu üzrə 5 abituriyent, IV ixtisas qrupu üzrə isə 2 abituriyent onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb. Tədris ilinin başa çatmamasına baxmayaraq abituriyentlərin göstərdikləri nəticələr tədris ili başa çatandan sonrakı nəticələrlə müqayisədə yüksək idi. Dövlət İmtahan Mərkəzi iyulun 22-də ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələrinə görə, imtahanda iştirak etmək üçün ərizə vermiş 27962 abituriyentdən 1366 nəfəri imtahanda iştirak etməmişdir. 13 abituriyent imtahan qaydalarını pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib. İmtahanda I ixtisas qrupu üzrə iki abituriyent, IV ixtisas qrupu üzrə isə bir abituriyent onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.
Gözlənilirdi ki, bu abituriyentlərin nəticələrində artımlar müşahidə olunacaq. Lakin məlum oldu ki, bu heç də belə deyil. Abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar əvvəlki illərdə olduğu kimi aşağı səviyyədədir. Yuxarıdakı rəqəmlər onu göstərir ki, imtahanda iştirak edənlərin 52 faizi keçid balını toplaya bilməyib və bu il də qəbul imtahanlarında keyfiyyət artımı ortaya çıxmayıb.
Buna görə də, Dövlət İmtahan Mərkəzi ali məktəblərin plan yerləri boş qalmasın deyə, əvvəlcədən müəyyən olunmuş 200 ballıq keçid balını bütün ixtisas qrupu üzrə müəyyən ixtisarlar da 150 bala endirdi. Bu əlbəttə ki, ilk növbədə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almalarının qarşısını almaq və Azərbaycan universitetlərində boş plan yerlərinin qalmaması məqsədi daşıyır”.

Şəymən