Qənirə Paşayeva 12 ədəd ağac əkdi: Ermənistan işğal etdiyi torpaqları tərk etməsə...

Türkiyənin  Dənizli şəhərinə  gələn millət vəkili Qənirə  Paşayevanı burada çox sayda Türk ocaqları mənsubu qarşılayıb. "Milliyet" xəbər verir ki,  Paşayeva daha sonra Xocalının  xatirəsinə salınmış  meşəyə doğru yürüyüb. Millət vəkili xatirə olaraq burada    12 ədəd ağac əkib. Cəbhədəki son atışma zamanı  həyatını itirən 12 azərbaycanlı şəhid  üçün 12 ağac əkdiyini   ifadə edən Paşayeva, jurnalistlərin suallarını da cavablandırıb. 2 gündür davam edən Ermənistan-Azərbaycan  gərginliyini qiymətləndirən Qənirə  Paşayeva, "Ermənistan Azərbaycan torpaqlarının yüzdə 20 faizini  işğal altında saxlayır. Ermənilər  torpaqlarımızı tez-tez atəşə tuturlar, təxribat törədirlər. Evində işləyən insanlarımıza atəş açırlar.  Təbii ki, Azərbaycan ordusu da Ermənistanın  bu təxribatlarına çox ciddi şəkildə layiqli  cavab verir. Bu dəfə də Ermənistanın işğal etdiyi torpaqlarda törətdiyi  təxribatlara ölkəm lazım olan cavabı verdi''deyə millət vəkili bildirib.
Paşayeva sözlərini belə tamamlayıb:
"Azərbaycan xalqı və dövləti daha  on illərlə  torpaqlarının işğalda qalmasını gözləməyəcək. Bizim dövlətimizin haqqları var. Əgər Ermənistan bu mesajı alıb,  işğal etdiyi torpaqları tərk etməsə, daha betər cavablarını alacaqlar. Daha betər vəziyyətə düşəcəklər. Ermənistanın və arxasındakı güclər bunu anlamalıdır. Ermənilərin o torpaqlardan çıxması lazımdır. Bu müddətdə hər etdikləri təxribatın daha ağır əvəzini alacaqlar. Bizim buradan çağırışımız işğal etdikləri torpaqları buraxıb, getmələri yönündədir. Əgər ölmək istəmirsinizsə çıxın gedin. İşğal etdiyiniz torpaqlarda əsgərlərinizin ölməsini istəmirsinizsə, çıxın gedin. Çünki Ermənistan işğalçıdır. Nə qədər işğal davam etsə ordumuz sizi rahat buraxmayacaq. Mənim orada 1 milyon insanım evinə dönə bilmirsə,  biz işğalçıların orada oturmasına icazə verməyəcəyik.''