“Qərb dünyasında böyük sevgisizliyin hakim olduğunu görürük”

Aysel Vəlizadə: “Bu sevgisizliyi ölümdən xilas olmaq üçün sahib olduqları hər şeyi ataraq Avropaya üz tutan miqrantlara münasibətdə aydın müşahidə edirik”“Deməli, elm və texnologiyanın inkişafı mədəniyyətin üstünlüyünə dəlalət etmir”

-Əgər bu gün imtahandan kəsildiyi üçün evdə tənbeh ediləcəyindən qorxub intihar edən gənclərimiz varsa, bunun səbəbini hər kəs özündə, ailəsində axtarmalıdır...
Müasir dövrdə gənclərimizin mənəvi inkişafı, sağlam ruhda formalaşması və milli dəyərlərə yiyələnməsi cəmiyyətin ən ağrılı yeridir. Xüsusən, dini radikalizmin, yad ünsürlərin və əxlaqsız davranışların geniş vüsət aldığı indiki məqamda bu mövzunun gündəmə gətirilməsinə daha çox ehtiyac duyulur. Bunu nəzərə alaraq sözügedən problemlə bağlı Gənclərin Mənəvi İnkişafı İctimai Birliyinin sədr müavini, təhlilçi Aysel Vəlizadə ilə söhbətləşmək qərarına gəldik. "Şərq”in suallarını cavablandıran Aysel Vəlizadə gənclərin mənəvi inkişaf yoluna işıq tutdu...
- Gənclərin mənəvi inkişafı dedikdə nə nəzərdə tutulur, ümumiyyətlə, mənəviyyat hansı üsullarla inkişaf etdirilməlidir?
- Mənəviyyat, ümumiyyətlə, mənəvi dəyərlər gözəl əxlaq deməkdir. Gənclərimizin mənəvi inkişafı dedikdə onların gözəl əxlaqa yiyələnmələri nəzərdə tutulur. İnsan öz mənəviyyatını yalnız yaradılış məqsədinə uyğun yaşamaqla inkişaf etdirə bilər. Allah Mülk surəsində insanın yaradılış məqsədini belə bildirir: - "Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq üçün ölümü və həyatı yaradan Odur...”. Ayədən də başa düşüldüyü kimi, insanların yaradılış məqsədi kimin əməlcə daha gözəl olduğunu ortaya çıxarmaqdır. Gənclərimizin həyata nə üçün gəldiklərini öyrənmələri, dünyada gözəl işlər görmək üçün yaradıldıqlarını bilmələri, onların mənəvi aləmlərinin zənginləşməsinə, şəxsiyyətlərinin formalaşmasına kömək edir.
- Sizin təşkilat gənclərin mənəvi inkişafı istiqamətində hansı işləri görür?
- Təşkilatımız 2007-ci ildən fəaliyyət göstərir. Bu günə kimi vətəninə, dövlətinə sadiq, milli-mənəvi dəyərlərini qoruyan, elmli, müasir və inanclı gəncliyin yetişməsində dövlətimizə dəstək olmağa çalışmışıq. Bir çox tədbirlər təşkil etmişik. Eyni zamanda internet imkanlarından da yararlanmağa çalışırıq. Məhz bu məqsədlə elmə təşviq edən bir sıra saytlar qurmuşuq. Dövlətçiliyin mühafizəsində mənəvi dəyərlərin müstəsna rolunu anlatmaq, gənclərimizin radikal axınların və təlqinlərin təsiri altına düşməsinin qarşısını almaq məqsədilə "Heydər Əliyev irsi və dövlətçiliyin qorunmasında mənəvi dəyərlərin rolu”, "İslam terroru lənətləyir”, "Sosial problemlərin həlli yolları " adlı tədbirlər keçirmişik. Həmçinin, dini istismar edərək insanları xurafata sürükləyən zehniyyətin qarşısının alınmasını hədəfləyən, İslam dininin xurafata qarşı olduğunu və bu dinin insanları elmə təşviq etdiyini diqqətə çatdıran "Quran elmə yol göstərir” mövzusunda konfrans təşkil etmişik.
- Ən çox müzakirə olunan məsələlərdən biri gənclərdə müşahidə olunan mənəvi aşınma prosesidir. Sizcə, bunun səbəbi nədir? Niyə gənc nəsli mənəvi boşluqla ittiham edirlər?
- Həqiqətən, mənəvi aclıq gənclərin əsas problemlerindən biridir. Bu, əsasən, o gənclərdə müşahidə edilir ki, onlar yaradılış məqsədləri haqqında düşünmürlər. Niyə yaradıldığını bilməyən hər kəsin mənəvi böhran yaşaması qaçılmazdır. Təəssüflər olsun ki, əksər KİV-lərdə dini, əxlaqi-mənəvi dəyərlərdən uzaq verilişlər yayımlanır, yazılar dərc olunur. Halbuki indiki dövrdə bunun tamamilə əksi olmalıdır. TV, mətbuat, internet saytları gözəl əxlaqa, mənəviyyatın zənginləşməsinə xidmət edən yayımlar etməlidir. Əgər bu gün imtahandan kəsildiyi üçün evdə tənbeh ediləcəyindən qorxub intihar edən gənclərimiz varsa, bunun səbəbini hər kəs özündə, ailəsində axtarmalıdır, kənarda yox. Çox istərdim ki, televiziyalarda insanlara yaradılış həqiqətlərindən bəhs edən dini proqramlar yayımlansın. Hazırda televiziyalarda bu məqsəd üçün ayrılan vaxt heç də qənaətbəxş deyil. Əlbəttə, bu proqramlarda məzhəblərdə olan şəri hökmlərin deyil, insanları mənəvi boşluqdan çıxaracaq ümumi elmi məlumatların verilməsi daha gözəl olar. Məsələn, kainatın yaradılması və bədənizmizdə qüsursuz şəkildə çalışan sistemlər haqqında hazırlanmış filmlərin cəmiyyətə çatdırılması insanların sağlam düşünməsinə şərait yaradar.
- Hər bir xalq üçün milli-mənəvi dəyərlər müqəddəs hesab olunur. Amma bəziləri milli dəyərlərimizi Qərb, Avropa mədəniyyəti ilə müqayisə edir, bunu gericilik kimi görürlər. Bu cür müqayisə düzgündürmü?
- Avropa elm və texnologiya sahəsində yüksək inkişaf edib. Ancaq Qərb dünyasının mənəvi aləminə baxdıqda orada çox böyük sevgisizliyin hakim olduğunu görürük. Bu sevgisizliyi ölümdən xilas olmaq üçün sahib olduqları hər şeyi ataraq Avropaya üz tutan miqrantlara münasibətdə aydın müşahidə edirik. Miqrantlara qarşı fədakar münasibət göstərən Türkiyə kimi müsəlman ölkələrin nümunəvi davranışı isə dini-mənəvi dəyərlərindən qaynaqlanır. Deməli, elm və texnologiyanın inkişafı mədəniyyətin üstünlüyünə dəlalət etmir. Bizim milli-mənəvi dəyərlərimiz Avropa dəyərlərindən çox üstündür. Düzəltməli olduğumuz nüans isə, müsəlmanların elmi-texnoloji inkişafa daha çox diqqət ayırmaları, mənəvi dəyərlərə sadiq ultra-modern gənclik yetişdirilməsidir.
- Mənəviyyat və dindarlıq arasında bağlılıq nə qədərdir?
- Mənəviyyat və din iç-içədir. İnsanın mənəvi aləmini gözəlləşdirməsi üçün lazım olan ən gözəl xüsusiyyətləri ona məhz din təqdim edir. Mənəviyyat insanın daxili aləminin gözəl olmasını tələb edir. Din isə bizə gözəlin, yaxşının, haqqın, ədalətin nə olduğunu öyrədir. Dolayısı ilə, din olmazsa, mənəviyyat da olmaz.
- Gənclərimizin radikal dini qruplaşmalara, İŞİD kimi terrorçulara qoşulmasının kökündə nə dayanır, dinsizlik, yoxsa aşırı dinçilik?
- Dinin əsl qaynağından deyil, xurafatlardan öyrənilməsi, saxta hədislərin İslam kimi təqdim edilməsi "Quran”ı bilməyən insanları asanlıqla ələ almağa səbəb olur. Dinin əslini "Quran”dan öyrənən heç bir insan başqa şəxsin canına qəsd edə bilməz. Çünki Allah müqəddəs kitabda "bir insanı öldürməyin bəşəriyyəti öldürməyə bərabər böyük bir cinayət olduğunu” bildirir. Bəli, islama ən çox fanatizm və radikalizm zərər verir. Bunun aradan qaldırılması üçün islamdakı sevgini, mərhəməti və sülhü əsas alaraq dini izah edə bilən, xurafata qarşı "Quran”la mübarizə aparan, müasir və səmimi müsəlmanlar olmalıdır. Tək çarə "Quran”a əsaslanan əxlaq ilə yaşamaqdır və dini yalançı hədislərdən deyil, qaynağından öyrənməkdir.
- Gənclərin əxlaqi tərbiyəsi mühüm əhəmiyyət kəsb edir? Sizcə vətəndaş mənəvi cəhətdən harada formalaşmalıdır - ailəsində, təhsil aldığı məktəbdə, yoxsa yaşadığı ictimai mühitdə?
- Bir çox cəmiyyətlərdə əxlaq böhranı və bundan qaynaqlanan problemlər mövcuddur. Müxtəlif millətlərin maddi və texniki baxımdan inkişaf etməsinə baxmayaraq, əxlaqi cəhətdən tənəzzül etdikləri bir həqiqətdir. Bu tənəzzüldən çıxış yolu gözəl əxlaqı öyrənmək və buna yiyələnməkdir. Ətrafımızda hər zaman dürüst, sevgi dolu, ədalətli, mərhəmətli, şəfqətli insanlar görmək istəyirik. İnsanların bu xüsusiyyətlərə sahib olması lap körpə yaşlarından, ailədən formalaşır. Uşaqları tərbiyə edərkən valideynlər onlara mərhəmətsizliyi, şiddəti, eqoistliyi deyil, sevgini və şəfqəti öyrətməlidirlər. Əgər övladlarımız kiçik yaşlarından sevgiylə, gülərüzlə, səmimiyyətlə böyüdülsələr, gələcəkdə hər biri yüksək insani keyfiyyətlərə sahib fərdlər olacaq və cəmiyyətlər bu cür gözəl əxlaqlı şəxslərdən formalaşacaq.
- Maarifləndirmə ilə gənclərin mənəviyyatsızlaşmasının və radikallaşmasının qarşısını almaq mümkündürmü, yoxsa daha sərt üsullara, inzibati cəzalara əl atmaq lazımdır?
- Tək çıxış yolu maarifləndirmədir. Əgər maarifləndirmə işi yaxşı aparılarsa, sərt üsul və inzibati cəzalara ehtiyac olmaz. Buna görə ilk öncə gənclər "Quran”da bildirilən islama, modern elmə, incəsənətə təşviq edən, hansı dinə, məzhəbə mənsub olmasından asılı olmayaraq, hər kəsə sevgi və ədalətlə yanaşan həqiqi din modelinə yönləndirilməlidirlər.
- İslam dininin mahiyyətini yaxşı bilməmək hansı fəsadlar yarada bilər?
- Dinimizin mənbəyi "Quran”dır. Bu kitab müsəlmanları Allahın razılığını qazanmaq məqsədi ilə sevgiyə, birliyə, xeyirlərdə yarışmağa, yoxsulu doyurmağa, yetimi himayə etməyə, insanlarla gözəlliklə davranmağa, ədalətli olmağa çağırır. Çoxunu sadalaya bilmədiyimiz bu gözəl xüsusiyyətlər islamın əsas mahiyyəti və hədəfidir. Təbii ki, islamın mahiyyəti doğru başa düşülməzsə, sadaladığımız bütün gözəlliklərdən məhrum olarıq və cəmiyyətdə onların əksi yaşanar.
- Çox ziddiyyətli məqamdır. Baş kəsən İŞİD-çi də "Allah” deyir, öldürülən müsəlman da. Sizcə, müsəlman toplumlar həqiqi islamı anlamaqda niyə problem yaşayırlar?
- Terrorun qaynağı cəhalət, xurafat və fanatizmdir. Bunun yeganə çıxış yolu təhsildir. Terrora yönələn insanlara islama, müsəlmanlara və bütün insanlığa zərər verdikləri açıq şəkildə izah edilməlidir. İslamın sevgi, sülh, dostluq dini olduğu göstərilməlidir. İnsan haqları, demokratiya, azadlıq, gözəl əxlaq, elm və incəsənət kimi anlayışlar önə çıxmalı, bu faktorları mənimsəyən müsəlman modeli formalaşmalıdır. Din sevgini, mərhəməti, sülhü əmr edir. Terror isə mərhəmətsizdir, onun qayəsi qan tökmək, öldürmək, işgəncə verməkdir. Bu səbəbdən, terror hərəkatına günahkar axtararkən qaynağı dində deyil, dinsizlikdə, faşist, kommunist, irqçi, materialist düşüncəli insanlarda axtarmalıyıq. Günahsız insanları göz qırpmadan öldürürlərsə, onlar dindar deyil, tam əksinə, dinsizdirlər. Allahdan qorxmayan, tək məqsədi qan tökmək olan bir şəxs əsl canidir. İslam dinində terrora yer yoxdur. Əksinə, islama görə "terror” adlandırdığımız hərəkətlər böyük cinayətdir və müsəlmanlar terrorla mübarizədə məsuliyyət daşıyırlar.
- Ara-sıra sünni-şiə söhbətini qabardaraq, ölkədə məzhəb qarşıdurması yaratmağa da səy göstərirlər. Tolerantlığı ilə dünya ölkələrinə nümunə olan Azərbaycanda din və məzhəb problemi yaratmaq mümkündürmü?
- Bildiyimiz kimi, bu il Azərbaycanda "Multikulturalizm ili” elan olunub. Ölkəmiz bir çox fərqli mədəniyyətlərin qovuşduğu məkanda yerləşir. Amma buna baxmayaraq, Azərbaycanda heç vaxt dini və milli zəmində qarşıdurma olmayıb. İnsanlar arasındakı münasibətlər qarşılıqlı ehtirama əsaslanıb. Azərbaycan vətəndaşları müxtəlif dini təriqətlərə mənsub olsalar belə, hər zaman sülh və əmin-amanlıq şəraitində yaşayıblar. Bu gün də proses davam etməkdədir və gələcəkdə də belə olacaq.
- Ölkədə islamı mükəmməl bilən və yaşayan din mütəxəssisləri kifayət qədər varmı? Bəzən bu məsələdə problem olduğunu vurğulayırlar...
- Etiraf etmək lazımdır ki, bu sahədə boşluq var. Əsasən, xaricdə deyil, Azərbaycanda təhsil almış ilahiyyatçıların sayının çox olmasına ehtiyac böyükdür.
- Zaman-zaman müzakirə olunan mühüm məsələlərdən biri də türk-islam birliyinin formalaşmasıdır. Sizcə, bu faktor müsəlman toplumların əmin-amanlıq içində yaşaması üçün nə qədər önəmlidir? Ümumiyyətlə, türk-islam birliyinin yaradılması nə dərəcədə realdır?
- Hazırda müsəlmanların əsas problemlərindən biri parçalanmış vəziyyətdə olmalarıdır. Avropanın təxminən bütün dövlətləri iqtisadi və siyası təşkilat olan Avropa Birliyi adı altında birləşdikləri halda müsəlmanlar ittifaq qura bilməyiblər. Müsəlman ölkələri arasında həmrəylik olmadığı kimi, fərqli məzhəblər, təriqətlər və təşkilatlar arasında da əməkdaşlıq yoxdur. Halbuki, Allah bütün müsəlmanların birlikdə hərəkət etmələrini və yaşamalarını əmr edir:”Hamınız Allah’ın ipindən möhkəm yapışın və parçalanmayın!...” (Ali İmran surəsi, 103) Müsəlmanların birləşmədiyi təqdirdə güclərinin az olacağını isə belə xəbər verir: "Allaha və Onun Elçisinə itaət edin, bir-birinizlə mübahisə etməyin, yoxsa ruhdan düşər və zəifləyərsiniz. Səbr edin, çünki Allah səbr edənlərlədir.” (Ənfal surəsi, 46).Bu ayədə hazırda müsəlmanların güclü olmamalarının səbəblərindən birinin birləşməmələri olduğu bildirilir. Əgər bütün müsəlmanlar birləşsələr, islam ölkələrini inkişaf etdirə, abadlıq və yenidənqurma işləri apara, zülmə məruz qalan insanlara kömək edə bilərlər.
- Bir çox hallarda islam ölkələrindəki məzhəb və təriqət fərqi irimiqyaslı birliklərin, koalisiyaların yaradılmasına maneçilik törədir. Hansı yollarla vahid islam dünyasını yaratmaq mümkündür?
- İslam ölkələrinin fikir ayrılıqlarını kənara qoyaraq bir-birlərinə sevgi ilə yanaşmağa və problemlərini öz güc və birlikləri ilə həll etməyə ehtiyacları var. Yaxın Şərq ötən əsrdən bu yana məzhəb müharibələrinin mərkəzinə çevrilib. Buradakı insanların eyni dinə mənsub olmalarına baxmayaraq, az qala bir-birlərini düşmən kimi görmələri Yaxın Şərqin ən böyük problemidir. Halbuki, sünni və ya şiə olmasından asılı olmayaraq bütün müsəlmanlar asanlıqla birləşə bilərlər. Bu da öz növbəsində, bölgədəki parçalanmanın qarşısını alıb müharibələrə son qoyar. Müsəlman cəmiyyətlər arasında tarixən mövcud olmuş etnik, məzhəb fərqləri ola bilər. Ancaq bu fərqliliklərin heç biri onların düşmən olmasına əsas vermir. Heç bir fərqlilik islam aləminin başında bu qədər bəla olduğu halda, müsəlmanların birlikdə hərəkət etməmlərinə bəraət qazandırmır. Bu, ilk başda "Quran”a uyğun bir davranış deyil. Çünki islam inancında başqa məzhəbin nümayəndələrini "kafir” elan etmək, fərqli düşüncədəki bir insanı öldürmək anlayışı yoxdur. Hazırkı zamanda islam aləmi güclü olmaq, öz torpaqlarında ölüm qorxusu ilə yaşayan, soyqırımlara, işgəncələrə məruz qalan müsəlmanları xilas etmək üçün birləşmək məcburiyyətindədir.
İsmayıl