Terror Türkiyəni yenə qana bələdi
Qərb susdu...
Qanlı hadisə zamanı 400 kiloqram ağırlığında partlayıcıdan istifadə olunub
Terror Türkiyəni yenə qana bələdi
Terror Türkiyəni yenə qana bələdi
Dekabrın 10-da Türkiyə növbəti qanlı terror aktına məruz qaldı. İstanbulun mərkəzindəki
"Vodafone Arena” stadionunun çıxışı yaxınlığında baş verən iki güclü partlayış nəticəsində 44 nəfər həyatını itirdi, 155 nəfər yaralandı. İlkin araşdırmadan aydın oldu ki, biri-birinin ardınca törədilən iki partlayışda çevik polis qüvvələri hədəfə alınıb.
Rəsmi qurumların açıqlamasına görə, partlayışlardan biri bomba yüklü avtomobillə, digəri isə canlı bomba tərəfindən törədilib. Çevik polis alayının avtobusuna doğru hərəkət edən "canlı bomba” hədəfinə 10 metr qalmış polislər tərəfindən saxlanılıb. Özlərini "canlı bomba”ya sipər edən 5 polis daha artıq itkinin qarşısını alıblar. Terror zamanı 300-400 kiloqram ağırlığında partlayıcı istifadə olunub. Türkiyə hökuməti olayla bağlı ölkədə bir günlük matəm elan edib.
İstanbuldakı terrorun əsl hədəfi nədir?Xatırladaq ki, Türkiyədə hakim partiya uzun müddətdir yeni konstitusiya hazırlanması üzərində iş aparır. Böyük mübahisə və müzakirələrə səbəb olan dəyişiklik nəhayət ki, son mərhələsinə qədəm qoyub. Bu həftə isə parlament yeni konstitusiyanı müzakirəyə çıxaracaq. Hazırda AKP ilə yanaşı,müxalif MHP-də hökumətin konstitusiya dəyişikliyi təkliflərini müdafiə edir. Bu səbəbdən yeni anayasanın qəbul olunması qarşısında ciddi maneə artıq mövcud deyil. Türkiyəli rəsmilərə görə, məhz yeni qanunnamə layihəsinin parlamentə təqdim olunduğu bir gündə İstanbulda qanlı terror aktının baş verməsi heç də təsadüfi deyil.
Terrordan sonra PKK əməliyyatı: 235 nəfər tutuldu
Terror hadisəsindən sonra hüquq-mühafizə orqanları geniş miqyaslı əməliyyatlara start veriblər.
Türkiyənin Daxili İşlər Nazirliyi 11 şəhərdə terror təşkilatının fəaliyyətlərində rolu olan və sosial
şəbəkələr vasitəsilə təbliğat aparan 235 nəfəri saxlayıb. Manisada keçirilən əməliyyatda "HDP”
vilayət rəhbəri Əhməd Ertaş, rayon rəhbəri Əbdülqadir Murgunda həbs edilib. Ankarada HDP-çilər
polis tərəfindən saxlanılıb. Əməliyyat davam etdirilir.
İstanbuldakı terroru PKK-ya yaxın qrup törədib
PKK-ya yaxın qruplardan olan "Kürdüstan Azadlıq Qırğıları” İstanbulda törədilən terror aktına görə
məsuliyyəti öz üzərinə götürüb. Terror qrupu bu barədə özü məlumat yayıb. Qrupun məlumatında
vurğulanıb ki, terror birbaşa türk xalqına yönəlməyib. Bu qrup əvvəllər də Türkiyədə törədilən bir
sıra terrorlara görə məsuliyyəti üzərinə götürüb.
"Bunun əvəzini çox ağır ödəyəcəklər”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan terror aktını törədənlərin cəzasız qalmayacaqlarını deyib.
Ərdoğan bildirib ki, türk xalqı terrorçulara boyun əyməyəcək: "Millətim və xalqım əmin olsun ki,
biz bu bəlaya qarşı sonadək mübarizə aparacağıq. Terrorçular bunun əvəzini çox ağır ödəyəcəklər”.
"Terrora qarşı mübarizədə
Türkiyəyə yardım etmək lazımdır”
Almaniya kansleri Angela Merkellə Türkiyə prezidenti Ərdoğan arasında telefon danışığı olub.
Almaniya hökumətinin mətbuat katibinin müavini Ulrike Demmer bildirib ki, Merkel terrora qarşı
mübarizədə Türkiyəyə yardım etməyin vacib olduğunu söyləyib: "Telefon danışığı zamanı tərəflər
terrora qarşı mübarizədə əməkdaşlığı dərinləşdirmək barədə razılığa gəliblər. Almaniya kansleri
İstanbulda törədilən terror aktı nəticəsində xəsarət alanlara tibbi yardım etməyə hazır olduqlarını da
vurğulayıb”. İngiltərənin xarici işlər naziri, türk əsilli Boris Conson da qardaş ölkədəki terroru
lənətləyib və Ankaraya hər cür dəstək verməyə hazır olduqlarını bəyan edib.
Qərb rəsmiləri Türkiyədəki qanlı aktı terror adlandırmadı
Boris Conson və Almaniya kansleri Merkel istisna olmaqla, Qərbin digər dövlətləri qanlı terror
aktını pisləməyə cəsarət etməyiblər. Hətta əksər beynəlxalq televiziyalar hadisəni "terror”adlandırmaqdan belə çəkiniblər. Nüfuzlu "Deutche Welle” nəşrinin jurnalisti terror aktı ilə bağlı tvitter səhifəsində beləcə yazıb: "Bu, PKK-nın böyük uğurudur”. Düzdür, sonradan rüsvayçı status silinib. Ancaq Qərbin niyyəti bəlli olub. Avropa Parlamentinin sədri Martin Şults "qəlbi ilə Türkiyə vətəndaşları ilə olduğunu” söyləsə də, hadisəni terror adlandırmaqdan imtina edib. Həmçinin,
Avropa Birliyinin xarici işlər naziri Federiko Moqerini şablon yanaşma sərgiləyərək, yalnızca
Türkiyə ilə həmrəylik ifadə edib. AB-nin qonşuluq və genişlənmə siyasəti üzrə ali komissarı
Yoxannes Xan da "terror” sözünü işlətməyib. Yalnız "demokratik cəmiyyətdə zorakılığa yer
yoxdur” kimi abstrakt və əhəmiyyətsiz ifadə ilə kifayətlənib.
Kadırovdan Ərdoğana çağırış: "Terrorçuları bizə verin...”
Çeçenistan lideri Ramzan Kadırov instaqram səhifəsində növbəti dəfə Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğana çağırış edərək çeçen terrorçuların təhvil verilməsini istəyib. Kadırov qeydində
əvvəlcə İstanbulda baş verən terror aktı ilə bağlı başsağlığı verib: "Çeçen xalqı terrorçuların necə
təhlükəli olduğunu bilir. Çeçenistanda baş verən bir çox terror olaylarının iştirakçıları hazırda
Türkiyədədir. Mən dəfələrlə Türkiyə hakimiyyətinə müraciət edərək bu şəxslərin Rusiyaya təhvil
verilməsini istədim. Bu gün də təkrar sizə çağırış edirəm. Mən qəti şəkildə əminəm ki, onlarla sərt
davranmaq və onların anladığı dildə danışmaq lazımdır”.
"Terrorçuları öz silahları ilə vurmaq lazımdır...”
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, PKK-çılar İŞİD-in
texnologiyasını mənimsəyib. Artıq onlar da terrorçu kamikadzelər yetişdirirlər:
"Bu cür texnologiya ilə ənənəvi üsullarla mübarizə aparmaq çətindir. Ona görə terrorçuları elə onların öz silahları ilə vurmaq lazımdır. Məsələn, bir dəfə eşitmədik ki, PKK-nın bazalarının birində kimsə içəridən terrorçuları partlatsın. Türkiyənin intiqamını almağa hazır olan vətənsevər kürdlər yetişdirilməlidir.
Fələstinin terrorçu qruplaşması Münhen olimpiadasında bir qrup israilli idmançını qətlə yetirdi.
Əvəzində İsrail kəşfiyyatı kənarda yəhudi ideologiyasına sadiq olan qrup yaradaraq, onlara
tapşırığını elan etdi. İsrailli idmançıların qətlinə əmr verən və həyata keçirənlərin tamamı dünyanın
istənilən nöqtəsində tapılıb qətlə yetirilməlidir. Bir neçə ilin ərzində dünyanın müxtəlif ölkələrində
həmin fələstinli terrorçuların və onların mənəvi liderlərinin meyitləri tapıldı. Rusiyanın özü
İstanbulda nə qədər keçmiş çeçen döyüşçünün qətlinə əmr verdi. Çoxları bu üsuldan istifadə edir.
Terrorçu bilməlidir ki, əgər o, 20 nəfər öldürəcəksə, qarşı tərəf ondan on qat artığını qətlə yetirəcək.
Türkiyə bir dəfə bu yolu keçib, türkiyəli diplomatları qətlə yetirən erməni "Asala” təşkilatı terror
əməlinə görə çox ağır hesab verib. Demək, bu üsulun yenidən tətbiqinə ehtiyac var”.
İsmayıl