“Sual olunur, bəs nə üçün Azərbaycanın ərazisini işğal etmiş Ermənistana qarşı sanksiyalar tətbiq olunmur?”
Asim Mollazadə: “Biz istəyirik bütün demokratik parlamentlərdə Ermənistan işğalçı dövlət kimi qəbul olunsun və sülhə məcbur edilsin”
Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın fəallıq göstərməsi ABŞ-ın passivliyi və Moskva ilə gizli anlaşması barədə rəy formalaşdırıb. Lakin əksər müşahidəçilərə görə, bu, heç də belə deyil. Onların fikrincə, Qərb hələlik gözləmə mövqeyindədir. Əgər Rusiyanın sülh təşəbbüsü nəticə verərsə, o zaman Qərb prosesə müdaxilə edəcək.
Əslində isə istər Dağlıq Qarabağ, istərsə də Ukrayna və Suriya kimi böhranlı məsələlərdə iki güc mərkəzi bir-biri ilə gizli və ya açıq rəqabət halındadır. Ötən gün ABŞ Konqresində Rusiya əleyhinə "Akt STAND” adlı yeni qanun layihəsinin qeydiyyatdan keçməsi də bu mübarizənin
təzahürüdür. Konqresdə qəbul edilən sənəd Rusiya tərəfindən Krımın qanunsuz ilhaqı, bütövlükdə postsovet məkanında rus işğalları və Kremlə qarşı sanksiyaların gücləndirilməsi barədədir. Qanun layihəsinin müəllifləri hesab edirlər ki, Rusiyanın Ukraynaya qarşı təcavüzü sonuncunun suverenliyini sarsıdıb, eyni zamanda ABŞ-ın bütöv, azad və dinc Avropaya uzunmüddətli sərmayələrinə təhlükə yaradıb. Qanun həmçinin, "Maqnitski qanunu”nun təsirini Rusiyanın işğal elədiyi və ya nəzarətdə saxladığı Krım, Abxaziya, Cənubi Osetiya, Dnestryanı bölgə kimi ərazilərə yaymağı nəzərə tutur. Qanun layihəsində bilavasitə Azərbaycanın və Dağlıq Qarabağın adı çəkilmir. Sənəddə Rusiyanın ilhaq etdiyi Krımdan, Abxaziya və Cənubi Osetiyadan, Dnestryanı bölgədən danışılır. Amma bəzi ekspertlərə görə, sanksiyalar nəticəsində Rusiyanın zəifləməsi, onun dəstək verdiyi forpost Ermənistanın da gücdən düşməsinə, sınmasına gətirib çıxaracaq. Bu səbəbdən sözügedən sənədin Azərbaycanın faydasına olduğu iddia edilir.
Layihə barəsində "Şərq”ə danışan millət vəkili, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə deyib ki, biz bütün Qərb dövlətlərindən və təşkilatlarından Azərbaycanın haqq səsinə dəstək gözləyirik: "Söhbət təkcə ABŞ Konqresindən getmir, bütün nüfuzlu ölkələrdən, parlamentlərdən, beynəlxalq təşkilatlardan tələbimiz odur ki, Dağlıq Qarabağla bağlı qəbul olunmuş qətnamələrə dəstək versinlər və ölkəmizin ərazi bütövlüyünü dəstəkləsinlər. Təbii ki, işğallara görə Rusiyaya qarşı sanksiyaların hazırlanması çox müsbət haldır. Amma sual olunur ki, bəs bunun fonunda nə üçün Azərbaycan ərazisini işğal etmiş Ermənistana qarşı heç bir sanksiya hazırlanmır? Bu məsələ heç müzakirə mövzusu da olmur. Niyə postsovet məkanının bir hissəsi olan Ukraynaya, Gürcüstana görə Moskvaya təzyiq edilir, amma birbaşa rusların dəstəyi ilə həyata keçirilən erməni işğalına göz yumulur? Fikrimcə, bu ayrıseçkilik erməni diasporasının Qərb ölkələrindəki güclü fəaliyyəti ilə bağlıdır. Amma biz istəyirik və çalışırıq ki, bütün demokratik parlamentlərdə Ermənistan işğalçı dövlət kimi qəbul olunsun və sülhə məcbur edilsin”.
İsmayıl