"Qətiyyən inanmaq lazım deyil"

Adil Qeybulla: "Valideynlər çox vaxt şayiələrə uyurlar ki, peyvəndin fəsadları var"
"Müəyyən problemli uşaqlarla bağlı həkimlə məsləhətləşib, peyvənd olunmalıdır. Peyvənd çox vacibdir. Bu cür epidemiyalara qarşı qorunmağımıza birbaşa kömək edir”


Ölkənin baş pediatrı, tibb elmləri doktoru, professor, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev İranda, Türkiyədə, Orta Asiya ölkələrində, Gürcüstanda, Ukraynada qızılca xəstəliyinin epidemiya şəklində yayılması ilə bağlı xəbərdarlıq edib. Onun sözlərinə görə, Azərbaycanda isə bu xəstəlik tək-tək "gətirilmə" olaraq var: 

"Bəzən uşaqlar digər ölkələrdə qızılca xəstəliyinə yoluxur və Azərbaycana qayıtdıqları zaman onu digər peyvənd olunmamış uşaqlara və şəxslərə keçirirlər. Buna görə də valideynlərə uşaqlarını peyvənd etdirməyi məsləhət görərdim. Azərbaycanda 11 yoluxucu xəstəliyə qarşı peyvənd aparılır. Bu xəstəlikləri viruslar törədir".

N.Quliyev bu xəstəliklər sırasında məxmərək və qızılcanı da qeyd edib:

 "Uşaqlar xəstəliklərə qarşı peyvənd edildikdə, onlar bu xəstəliklərə yoluxmurlar. Valideynlər uşaqlarını vaksinasiyadan yayındırmamalıdır. Bu zaman uşaqlarda xəstəliklərə qarşı immunitet formalaşmış olacaq".

Qeyd edək ki, müxtəlif ölkələrdə uşaqlara edilən peyvəndlərin ağır fiziki və psixi problemlərə səbəb olması barədə kifayət qədər faktlar var. Peyvənd məsələsi bizim ölkəmizdə də mübahisəli məsələlərdən biridir. Məsələ burasındadır ki, bir çox valideynlər övladını peyvənd etdirməkdən imtina edir. Buna səbəb ölkəyə gətirilən peyvəndlərin tərkibinin dəqiq aydın olmaması, bir çox hallarda isə təhlükəli həddə kimyəvi maddələrlə zəngin olmasıdır. İddialara görə, ölkəmizə gətirilən peyvəndlərin tərkibindəki maddələr Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təyin etdiyi normadan on dəfələrlə çoxdur ki, bu da uşaqlarda ciddi problemlər yaradır.

Qızılca epidemiyasına qarşı uşaqlara xüsusi vaksinlər vurulmasını vacib hesab edən tibb elmləri doktoru, professor Adil Qeybulla cəmiyyətdə peyvəndə qarşı birmənalı münasibətin olmamasının səbəblərinə də toxunub. Onun sözlərinə görə, bu xəstəliyi keçirən şəxsdə ömürlük immunitet yaranır: 

"Peyvənd vurulmasından sonra isə həmin virusa yoluxma riski sıfıra enir. Buna görə, vaksinasiya çox önəmlidir. Vaksinasiya nəticəsində "təbii çiçək” xəstəliyi dünyada 4 karantin infeksiyadan biri kimi sıradan çıxıb. Yaşlı və orta nəslin nümayəndələrində diqqət etdikdə, qol nahiyəsində kiçik çapıq görərik. Bu, həmin xəstəliyə qarşı edilən peyvəndin immunizasiya yeridir. Sıradan çıxan "təbii çiçəy”i qrip əvəz edir. Yenə də 4 karantin infeksiya qalır: taun, vəba, sarı qızdırma, qrip.

Bu gün Azərbaycanda uşaqlara peyvəndlər poliklinika şəraitində həyata keçirilir. Amma valideynlər arasında vaksinlərin əleyhinə şayiələr gəzir. Qətiyyən bu fikirlərə inanmaq lazım deyil. Müəyyən problemli uşaqlarla bağlı həkimlə məsləhətləşib, peyvənd olunmalıdır. Peyvənd çox vacibdir. Bu cür epidemiyalara qarşı qorunmağımıza birbaşa kömək edir”.

Uşaqları peyvənd etdirməyin son dərəcə zəruri olduğunu vurğulayan professor deyib ki, valideynlər çox vaxt şayiələrə uyurlar ki, peyvəndin fəsadları var: 

"Əsla, bu haqda deyilənlər ancaq şayiə ola bilər. Düzdür, peyvənd olunmamışdan öncə uşaqlar yoxlanılmalıdır. Allergik reaksiyası olan, müxtəlif başqa xəstəlikləri olan uşaqlar öz həkimlərinin nəzarəti altında və onların müəyyən tövsiyəsi ilə peyvənd olunmalıdır. Peyvənd xəstəliklərdən qorunmaq üçün çox mühüm bir vasitədir. Hesab edirəm, peyvəndə cəmiyyətimizdə isti yanaşılmalıdır. Biz çox şükür etməliyik ki, peyvəndlər var”.

Həkim uşaqlara vurulan peyvəndlər zamanı istisnaların da mövcud olduğunu diqqətə çatdırıb: 

"Bu tipdə çox şayiələr var. Nə bilim, uşağım peyvənddən şikəst oldu, çarəsiz xəstəliyə tutuldu və s. bunların hamısı şayiədir. Düzdür, nadir hallarda peyvənd nəticəsində müxtəlif reaksiyalar, güclü allergiyalar ola bilər. Belə olan halda, elə uşaqlara nəinki peyvənd, adi bir iynə də vursan, onlarda reaksiyalar görünəcək. Belə uşaqların öz pediatrları olur, nəzarətdə saxlanılırlar. Pediatrlar bəzən uşaqların kəllədaxili hipertenziyaları ilə bağlı peyvənd vurulmasını təxirə salırlar. Amma onun icazəsindən sonra peyvənd vurulur. Belə hallar kütləvi deyil. Bu cür istisnalar da mövcuddur. Onlara fərdi yanaşılmaldır”.

Şəymən