QİÇS və siflisin müalicəsi təbabətə məlum deyil

Əgər nikaha daxil olmaq istəyən gənclərin hansındasa icbari tibbi müayinə zamanı yoluxucu xəstəlik aşkarlanarsa, birmənalı olaraq nikahdan imtina olunmalıdır


Ölkədə nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunduğu dövrdən bu ilin may ayının sonuna qədər 279383 nəfər müayinədən keçib.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, 2015-ci il iyunun 1-dən 2017-ci il mayın 31-dək müayinələrdən keçən şəxslərdən bəzilərində müxtəlif xarakterli infeksiyalar aşkar olunsa da, ümumilikdə müayinədən keçən və nikaha daxil olmaq istəyən şəxslərin əksəriyyətinin sağlamlıq durumunun qənaətbəxş olduğu aşkar olunub.

 Nazirlikdən bildirilib ki, indiyə qədər müayinədən keçmiş 11773 nəfərdə talassemiya daşıyıcılığı, 1101 nəfərdə siflis, 203 nəfərdə isə QİÇS aşkar olunub. Qeyd edək ki, məsələ ilə ilə bağlı önəmli məqamlardan biri də QİÇS xəstəliyi aşkarlanan cütlüklərin evlənməkdən imtina edib-etməməsidir. Maraqlıdır ki, cütlüklər sevgilərindən vaz keçirlər?

Dəri-zöhrəvi xəstəliklərinin müalicə yolu ilə sağalmasının mümün olduğunu vurğulayan tibb və fəlsəfə elmləri doktoru, həkim-terapevt Şəmsiyyə Namazova "Şərq”ə açıqlamasında QİÇS və siflis kimi xəstəliklərin müalicəsinin təbabətə məlum olmadığını deyib: 

"Düzdür, xəstəliyin kliniki gedişatı izlənilir, orqanizmdə baş verə biləcək fəsadların qarşısı alınır, amma xəstəlik tamamilə aradan qalxmır. Əgər nikaha daxil olmaq istəyən gənclərin hansındasa icbari tibbi müayinə zamanı yoluxucu xəstəlik aşkarlanarsa, birmənalı olaraq nikahdan imtina olunmalıdır. Bunun heç bir alternativi yoxdur ki, müalicə ilə xəstəlik xroniki formaya keçəcək, yaxud da yoluxma təhlükəsi azalacaq. QİÇS və siflisin təhlükəli infeksion xəstəliklər sırasına daxil olduğunu bilə-bilə kiminləsə evlənib, sağlam bir adamı yoluxdurmaq düzgün deyil. Səhiyyənin ən başlıca vəzifələrindən biri xəstəliklərə qarşı profilaktik tədbirlər aparmaq, yoluxucu xəstəliklərin zamanında aşkarlanması və virus daşıyıcılarının sağlam şəxsləri yoluxdurmasına imkan verməməkdən ibarətdir. O zaman sual oluna bilər ki, yoluxucu xəstəliklərin yayılması bu qədər problemli məsələ olduğu halda nədən virus daşıyıcıları aşkarlandığı halda gənclərin evlənməsinə razılıq verilməlidir?”.

Ş.Namazovanın sözlərinə görə, evliliyə daxil olan gənclərin bu məsələlərlə bağlı maarifləndirilməsinə böyük ehtiyac var: 

"Həm də ki burada söhbət sadəcə tibbi maarifləndirmədən getmir. Hər bir gəncin özünün intellektual və elmi səviyyəsi nəzərdə tutulur. Çox təəssüflər olsun ki, gənclərimizin intellektual dərəcəsi çox aşağıdır. Kitab oxumurlar, internetdəki elmi araşdırmalarla maraqlanmırlar. Bəlkə heç efirlərdə yayımlanan maarifləndirici çıxışları izləyib, mediadakı yazıları da oxumurlar. Savadlı, məlumatlı gənclər heç vaxt bu bataqlığın içinə düşmür. Onlar bilir ki, sağlamlıq bir insana xas məfhum deyil, geniş anlayışdır. Hər bir insan bioloji varlıq olmaqla yanaşı, həm də sosial varlıqdır. Ona görə də virus aşkarlanan şəxslər qeydiyyata götürülməli və ciddi nəzarət altına alınmalıdır. Başqa bir şəxsin həyatına təhlükə yaratmamaq üçün də evlilikdən imtina etməlidir. Ola bilsin ki, intellektual bilik səviyyəsi aşağı olan gənclər qarşı tərəfin xəstə olduğunu bilə-bilə onunla evlənməkdə israrlı olsun. Ancaq təbabətdə birmənalı olaraq yolverilməzdir”.

Şəymən