"Qış gecəsində qarın üstünə atılmış KÖRPƏ..." - İnsan dəhşətə gəlir

Vaqif Qarayev: “Yanıma 12 yaşında uşaq gətirmişdilər. İntellekti 3 yaşında uşağın intellekti səviyyəsində idi. Düşünün, 12 ildir, uşaq ailədədir, amma valideyn laqeyd yanaşıb""Hətta son zamanlar azalsa da, evdə doğum halları da var. Bu sosial inkişafın ən pis göstəricisidir"
"Əvvəlki hamiləlik və növbəti hamiləlik arasında fasilə bəzən 10-15 ilə qədər olur. Bu zaman da həmin uşaq qüsurlu doğula bilər"
"İrsi-genetik xəstəliklərin əksəriyyəti ana bətnində müəyyənləşdirilə bilmir”.
Bunu "Sherg.az”a anadangəlmə fiziki məhdudiyyətli körpələrin sayının artmasına münsibət bildirərkən pediatr Vaqif Qarayev söyləyib.
O bildirib ki, daun sindromu kimi bəzi ağır xəstəliklər ana bətnində təyin olunur:
"Sonradan seçim valideynə qalır ki, uşaq doğulsun, ya hamiləlik yarımçıq dayandırılsın. Amma hələ dölün ana bətninə düşməsindən əvvəl, hansı hallarda məhdudiyyətli körpə doğula bilər ? Bax, bu istiqamətdə insanları maarifləndirməliyik. Məsələn, erkən qurulan və ya qohum nikahlarda "deffektiv uşaq” doğulması ehtimalı həddindən yüksəkdir. Xüsusilə, ananın və ya atanın nəslində fiziki qüsurlu uşaqlar varsa, qan qohumluğu olan şəxslər evlənməməlidir. Yüngül və ya ağır qüsurlar olmasının fərqi yoxdur, burada xromosom kodunda dəyişiklik olur.
"Məhəmməd Peyğəmbər öz qohumu ilə evlənib”
Bu məsələləri qabardıqda insanlar nümunələr çəkir ki, filankəs qohumu ilə evlənib, övladları sağlamdır. Qəbul edirəm ki, bu, mümkün ola bilər. Amma ehtimal həddindən artıq yüksəkdir. Hətta müxtəlif millətlərdən olan şəxslərin nikahlarından doğulan uşaqlarda irsi xəstəliklərin ehtimal səviyyəsi çox aşağıdır. Əhali üçün mentalitet önə çəkilir, "dədə-babadan belə görmüşük”, "dini nümunələr var”, "Məhəmməd Peyğəmbər öz qohumu ilə evlənib” və s. fikirlər səsləndirilir. Bu fikirlərlə addım atmaq düzgün deyil. Mən qohum evliliklərin tibbi fəsadlarından yazdıqda hüquq müdafiəçiləri insan hüquqlarını önə çəkir, həmin şəxslərin evlənmək hüququnun olduğunu vurğulayır. Lakin belə evlilikdən əlil, fiziki məhdudiyyətli doğulma ehtimalı həddindən artıq yüksək olan körpənin, insanın hüququnu kim qoruyacaq?"
"Mütləq oğlan doğmalısan”
Pediatrın fikrincə, bütün dünyada ananın 35-dən yuxarı yaşı risk yaşı hesab olunur:
"Bizdə isə erkən yaş risk yaşıdır. Əvvəlki hamiləliklərdə düşüklərin, ölü doğulmaların, qanaxmaların olması da doğulacaq körpədə əlillik riskini artırır. Əvvəlki hamiləlik və növbəti hamiləlik arasında fasilə bəzən 10-15 ilə qədər olur. Bu zaman da həmin uşaq qüsurlu doğula bilər. Üstəlik, anaların zərərli vərdişlərinin olması kimi məsələlər də ciddi risk faktorlarıdır. Belə şəxslər hamiləlikdə mütəmadi həkim nəzarətində olmalıdır.
"Ailənin planlaşdırılması” deyə ifadə var. Bizdə isə cütlük heç nə planlaşdırmır, onların əvəzinə valideynlər ailəni planlaşdırır. "Mütləq 5 uşaq dünyaya gətirməlisən”, "indi ana olmalısan, 5 ildən sonra olmaz”, "mütləq oğlan doğmalısan” kimi düşüncələr aradan qaldırılmalıdır. Həmin gənc ailəyə imkan vermək lazımdır ki, istədikləri şəkildə ailə planlaşdırmasını həyata keçirsinlər.
Bir neçə il əvvəl telekanalların birində bir ailənin 4 fiziki və əqli məhdudiyyətli övladları ilə bağlı veriliş hazırlanmışdı. Bu, sadəcə faciədir. Ana-ata bir övladı əgər bilmədən qüsurlu dünyaya gətirirsə, mütləq növbəti uşaqlar dünyaya gəlmədən mütəmadi həkimə getməlidir. Maddi çətinlikləri bəhanə etmək əsaslı deyil. Heç bir ginekoloq problemli hamiləliyə laqeyd qala bilməz. Buna həmin həkimin öz məsuliyyəti də imkan verməz”.
"...Amma valideyn laqeyd yanaşıb"
Fiziki qüsurlu uşaqlarla bağlı öz təcrübəsindən çıxış edən V.Qarayev valideyn məsuliyyətsizliyindən də söz açıb:"
"Yanıma 12 yaşında uşaq gətirmişdilər. İntellekti 3 yaşında uşağın intellekti səviyyəsində idi. Düşünün, 12 ildir, uşaq ailədədir, amma valideyn laqeyd yanaşıb. Məlum oldu ki, həmin uşağın problemi irsiyyətdən gəlir. Uşağın görünən qüsurları ana bətnində müəyyən olunur, amma intellektdəki qüsuru heç kim təyin edə bilmir. İrsiyyətdə bu cür problem varsa, uşağın həmin qüsurla doğulma ehtimalı yüksəkdir.
Uşaqların hüquqlarının müdafiəsi ilə bağlı hələ doğulmamışdan addım atmaq lazımdır. Bu məsələləri tək səhiyyənin üzərinə yıxmaq düzgün deyil. Hər qadının başının üzərində ayrıca həkim dura bilməz. Qadınlar hər şeyi bilir, normal həyat tərzi keçirir, yeni texnologiyalardan istifadə edirlər. İnternetdən, sosial şəbəkələrdən informasiya almaq məsələsini sağlamlığa da yönəltmək lazımdır. Xüsusilə hamilə qadınlar, körpənin, özünün sağlamlığı ilə bağlı daha qayğılı olmalıdırlar.
Ana bətnində belə qüsurlar aşkar olunursa, təbabət ancaq bununla bağlı valideynləri xəbərdarlıq edə bilər. Amma Avropa ölkələrində həmin uşağı dünyaya gəlmədən məhv edirlər. Bu həm ailə, həm də dövlət üçün psixoloji və maddi baxımdan yükün qarşısını almaq deməkdir. Bizdə isə "Allaha ağır gedər” deyib, həmin uşaqları dünyaya gətirir, saxlaya bilmirlər. Əksərən belə uşaqlara dövlət sahib çıxır.
"Qadın var ki, uşaq doğulana qədər hamilə olduğunu belə bilmir"
Ölkənin ümumi inkişaf göstəriciləri var. Maarifləndirmə çox pis səviyyədədir. Elə qadın var ki, uşaq doğulana qədər hamilə olduğunu belə bilmir. Nəticədə ciddi fəsadlar ortaya çıxır, hətta doğulan qüsurlu uşaqlar valideyn himayəsindən məhrum qalır.
Uşaq doğulandan sonra valideyn imtina edirsə, dünyaya gələn fiziki qüsurlu körpəni təbabət həyatda saxlamaq üçün mübarizə aparır. Lakin bu məsələ təbabətin imkanları xaricindədirsə, müdaxilə olunmur.
Bütün hallarda valideyn dünyaya gətirdiyi uşağa yaxın durmursa, hüquqi qaydada dövlət bunu üzərinə götürməlidir. Çünki o uşağın heç bir günahı yoxdur ki, "beyinsiz” valideyndən dünyaya gəlib.
"...Qızın anası isə qışqırır ki, bu uşağı qızım doğmayıb"
Bəzən valideynlər uşaqdan imtina etmək üçün təsadüfi hamiləlik kimi əsaslar "ixtira edirlər”. Belə şey olmur.Planlaşdırılmamış, nikahdan kənar hamiləlik faktı varsa, hər iki tərəf – kişi də, qadın da günahkardır. Amma dünyaya gələn, küçəyə atılan körpənin heç bir günahı yoxdur. Mətbuatda "Yeni doğulmuş körpə küçəyə atıldı" başlığı altında çox tez-tez xəbərlər dərc olunur. Təcili Tibbi Yardım Xidmətində işlədiyim vaxtlarda qış vaxtı, gecə saatlarında qarın üstünə atılmış körpə görmüşəm. İnsan dəhşətə gəlir. Hətta son zamanlar azalsa da, evdə doğum halları da var. Bu sosial inkişafın ən pis göstəricisidir. Evə təcili yardım çağırıblar, gənc ana övlad dünyaya gətirib. Qızın anası isə qışqırır ki, bu uşağı qızım doğmayıb. Belə acınacaqlı faktlarla da rastlaşmışıq. Bir uşağın belə taleyi sınırsa, bu, çox pis hadisədir. Çünki ondan sonra gələn nəslin də taleyi sınmış olur. Bu problemə ciddi yanaşmalıyıq”.
Aysel Aslan