“...Qısqanclıq deyil”

“Zərdüşt Əlizadənin Çingiz Abdullayevi bəyənməməsi zövq məsələsidir”
-Çingiz Abdullayev dünyanın ən çevik dilə sahib yazıçılarından biridir. Onun bu qədər məşhurlaşmasının əsas səbəblərindən biri bədii ədəbiyyata öz obrazı ilə gəlməyi bacarmasıdır...

İctimai-siyasi xadim, Sosial Demokrat Partiyasının qurucusu Zərdüşt Əlizadə Kulis.aza müsahibəsində Çingiz Abdullayevin yazdıqlarının ədəbiyyat olmadığını iddia edib: "Çingiz Abdullayev - gözəl detektivdi. Satılır da. Amma ədəbiyyat deyil. Bəlkə də Çingiz Abdullayev daha çox öyrədir. Amma mən belə hesab edirəm ki, ədəbiyyat insanlara nəciblik, fədakarlıq və s. kimi keyfiyyətlər ötürə bilər”.

Məsələyə "Şərq” vasitəsilə münasibət bildirən tənqidçi Əsəd Cahangir Z.Əlizadə ilə həmrəy olmadığını deyib:

 "Zərdüşt Əlizadənin savadına şübhəm olmadığı kimi onun ziyalılığına da çox böyük hörmətim var. Amma bu yanaşmasına görə çox hörmətli Zərdüşt müəllimlə razılaşa bilmirəm. Ədəbiyyat zövq, zövq isə fərdi məsələdir. Ola bilər ki, minlərlə oxucu Çingiz Abdullayevin yaradıcılığını bəyənə bilər, minlərlə adam isə ümumiyyətlə bəyənməz. Görünür, Zərdüşt Əlizadə də Çingiz Abdullayevi bəyənməyənlər kateqoriyasına daxildir. Ancaq mən onun yaradıcılığını bəyənir və yüksək qiymətləndirirəm. Çingiz Abdullayev Azərbaycan detektivinin ikinci mərhələsinin banisi və ən böyük nümayəndəsidir. Azərbaycan detektiv ədəbiyyatı ötən əsrin 60-cı illərindən sonra Cəmşid Əmirovun romanları, xüsusilə də "Qara volqa” və "Brilliant məsələsi”, "Şəhər yatarkən” romanları ilə yarandı. O vaxtlar dünya ədəbiyyatındakı detektiv janrı ilə Azərbaycan detektivi arasında rabitə güclü deyildi. Bu da sovet imperiyasının qapalı mədəniyyət tərəfdarı olması ilə bağlı idi. 

Qərb ölkələrinin mədəniyyəti, ədəbiyyatı ilə əlaqələrimizdə çox ciddi problemlərimiz vardı. Ancaq 90-cı illərdən sonra qapılar üzümüzə açıldı və dünyadan bizə, bizdən də dünyaya elmi-bədii, siyasi təfəkkür axını başladı. Bütün sahələrdə olduğu kimi həmin illərdə Azərbaycan ədəbiyyatında detektiv janrının da ikinci mərhələsi başladı. Bu mərhələnin ən bariz nümunəsi isə onlarla roman müəllifi olan, əsərləri dünyanın ən müxtəlif dillərinə çevrilən, romanları əsasında dünyanın ayrı-ayrı ölkələrində filmlər çəkilən, Azərbaycanın görkəmli Xalq yazıçısı Çingiz Abdullayevdir. Çingiz müəllim bədii yaradıcılığa 1983-cü ildə "Mavi Mələklər” romanı ilə başlasa da, o, postsovet dövrünün yazıçısı hesab olunur. Çünki onun yaradıcılığının çiçəklənməsi 90-cı illərdən sonraya təsadüf edir. 1996-cı ildəki rəsmi hesablamalara görə, dünyanın ən çox oxunan 4 müəllifindən biri Çingiz Abdullayevdir. Bunu nə mən, nə Çingiz Abdullayevin yaxın dostları, nə də ondan hansısa umacağı-küsəcəyi olan azərbaycanlı deyir. Bu, beynəlxalq statistik hesablamaların nəticəsidir”.

Ə.Cahangirin sözlərinə görə, Çingiz Abdullayevin yaradıcılığı üçün ən vacib məsələlərdən biri onun əsərlərinin siyasi detektiv xarakterli olmasıdır: "Cəmşid Əmirovun romanları siyasi detektiv janrının nümunələri deyildi, amma Çingiz müəllimin detektivləri beynəlxalq siyasət üçün xarakterikdir, onun yaradıcılığı siyasi intriqa üzərində qurulub. Bu isə onu sadəcə Azərbaycan yazıçısı olmaqdan çıxarır və dünya ədəbiyyatı meridianlarına qovuşdurur. Hər hansı bir yazıçının ən böyük uğurlarından biri ondan ibarətdir ki, o, ədəbiyata öz mövzusu, öz obrazları və öz dili ilə gələ bilsin. Çingiz Abdullayev dünyanın ən çevik dilə sahib yazıçılarından biridir. Onun bu qədər məşhurlaşmasının əsas səbəblərindən biri bədii ədəbiyyata öz obrazı ilə gəlməyi bacarmasıdır. Dünya detektiv ədəbiyyatında Jorj Siminon kapitan Meqre, Artur Konan Doyl Şerlok Holms, Aqata Kristinin Erkül Puaro obrazları öz müəlliflərinin adlarını əbədiləşdirib. Mən çox sevinir və fəxr edirəm ki, Azərbaycan ədəbiyyatından Çingiz Abdullayev adlı bir yazıçı çıxıb və o, özünün məşhur Dronqo obrazı ilə dünya ədəbiyyatı detektiv yazarlarının qəhrəmanları sırasına daha bir dünya şöhrətli obraz əlavə edib. Bu gün Çingiz Abdullayev deyən kimi Dronqo, Dronqo deyən kimi Çingiz Abdullayev yada düşür. Bir yazıçı üçün bu, ən böyük uğurdur”.

Zərdüşt Əlizadənin Çingiz müəllimlə bağlı dediklərinin ənənəvi qısqanclıq hisslərindən irəli gəlmədiyini hesab edən Ə.Cahangirin sözlərinə görə, ziyalı mövqeyində olan insanlar heç vaxt bu cür yanaşma sərgiləmir:

"Çingiz Abdullayevin yaradıcılığını bəyənməməsi onun subyektiv düşüncəsi və fərdi zövqündən irəli gəlir. Amma çox təəssüflər olsun ki, Azərbaycanın bir çox qələm adamları Azərbaycan ədəbiyyatının dünyaya yeganə çıxış nöqtəsi olan Çingiz Abdullayev fenomeni ilə qürur duyub, onun uğurunu əldə bayraq etmək əvəzinə ona qarşı açıq-aşkar qərəz nümayiş etdirirlər. Sözsüz ki, onların bu münasibəti belə bir yazıçı olaraq Çingiz Abdullayevin böyüklüyünün göstəricisidir”.

Çingiz Abdullayevin romanlarının dilinin bəsit olması kimi iddiaları əsassız hesab edən tənqidçi deyib ki, onun əsərlərinin süjeti başgicəlləndirən sürətlə inkişaf edir. Bu zaman da çevik dil ona hava-su kimi lazım olur: "Biz yalnız qarşısına qoyduğu məqsədə nail ola bilməyən yazıçıları tənqid edə bilərik. Amma yazıçının özü sadə və çevik dildə yazmaq istəyirsə və bu sahədə kifayət qədər uğur qazanırsa, onu qınamaq ədalətli deyil. Gənc yazarlarımızın Tolstoy, Dostoyevski, İsa Muğanna, Sabir Əhmədlinin dili kimi ənənəvi, ağır nəsir dilindən çıxmalı və detektiv janrına spesifik dil xüsusiyyətləri rakursundan baxmasını çox istərdim”.

Şəymən