Qiymət artımı gözlənilmir

Ən azından kərə yağı sürətlə bahalaşmayacaq






Azərbaycana idxal edilən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları 3 dəfə azaldılıb. İndiyə qədər Azərbaycana idxal edilən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları bu malların gömrük dəyərinin 15 faizi həcmində olub.

Nazirlər Kabinetinin qərarına əsasən, dünəndən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları bu malların gömrük dəyərinin 5 faizi həcmində müəyyənləşib. Qərar 2019-cu il dekabrın 31-dək qüvvədədir.

Bəs, bu qərardan sonra kərə yağının qiyməti ucuzlaşacaqmı? Gömrük rüsumu ilə bağlı qərarın qüvvəyə minməsi bazarlara nə zamandan etibarən təsir edə bilər?

Məsələ ilə bağlı "Şərq”ə danışan iqtisadçı-ekspert Pərviz Heydərov deyib ki, kərə yağı ən zəruri qida məhsullarından olduğu üçün onun sürətlə bahalaşması əhalidə haqlı narazılıq yaratmışdı. Müzakirələrdə əsas mövzulardan biri isə ondan ibarət idi ki, kərə yağının qiymətinin bahalaşması səbəbi Gömrük Komitəsinin yığım rüsumunu artırmasıdır: 

"Həqiqətən də, ötən ildən fərqli olaraq, bu il ölkəyə idxal olunan kərə yağı məhsulunun 1 kiloqrama görə yığımı cüzi artırılmışdı. Ancaq iqtisadiyyatın müvafiq qanunlarına əsasən, dünyada qiymət artımı baş verərsə, bu hal xaricdən gətirilən məhsulların qiymətinə təsir göstərməlidir. Daxili bazarda kərə yağının satış qiymətinin bahalaşmasının əsas səbəbi yerli istehsalın azalması idi. Ot və yem məhsulları bahalaşdığından, fermerlərin süd istehsalına marağı azalıb. Elə bu səbəbdəndir ki, ölkəyə süd idxalı artıb. Yağın həcmi azalıb, maya dəyəri yüksəlib. Eyni zamanda, analoji vəziyyət dünyada da yaşanır.
İqtisadçının sözlərinə görə, ölkəyə idxal edilən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumlarının 3 dəfə azaldılmasının qiymətə böyük təsiri olmasa da, stabil qalmasını təmin edəcək.

 Ən azından kərə yağının qiyməti sürətlə qalxmayacaq: "Paradoksal vəziyyət o idi ki, bu ildən kərə yağı və bir sıra ərzaq məhsulları üçün idxal rüsum artırılmışdı ki, bu da daxili istehsalı qorumaq məqsədi ilə edilib. Amma elə ərzaq məhsulları var ki, daxili bazarda tələbatı ödəmədiyi üçün bu siyasət özünü doğrultmur və belə olan halda, idxal rüsumunun azaldılması zərurəti meydana çıxır”.

Şəymən