Qiymətlər elə bahadır ki, caya baxıb utanan ailələr var

Qulu Ağsəs: “Bulvar ərazisində olan bütün məkanlarda qiymətlər “od tutub” yanır”
Fazil Mustafa: “Ticarət elə bir sahədir ki, burada yan faktorlar var”



Vüqar Bayramov: "Bura regionun ən bahalı bulvarıdır”

Artıq uzun illərdir ki, Bakı bulvarında üzü Xəzərə sarı əyləşərək çay içmək sadə vətəndaşlar üçün əlçatmaz arzuya çevrilib. Dənizkənarı parkı seyrə çıxan kasıb gənclərin, yaşlı insanların könlündən "Mirvari” kafesində, "Cafe in Bulvar”da oturmaq keçir. Amma sözügedən məkanlarda bir stəkan çayın qiyməti ciblərinə uyğun olmadığı üçün sadəcə "Görəsən, nə vaxtsa, biz də "Mirvari”də oturub, çay içəcəyik?” deməklə kifayətlənirlər. Bulvarda dənizi seyr edə-edə çay içmək çox insanın diləyi olduğundan da son günlər "Bulvarda sadə çay 2 manat, mürəbbəli çay 3 manatdır” xəbəri sosial şəbəkələrdə və insanlar arasında ən çox müzakirə olunan mövzuya çevrilib.

Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov da açıqlamasında bəyan edib ki, qəbul olunan standartlarda Milli Parkda sadə çay 2 manat, mürəbbəli çay 3 manatdır. Əgər bulvar ərazisində hər hansı bir çayxana və kafedə çay sifariş edərkən "bizdə sadə çay olmur, yanında mütləq nəsə sifariş etməlisiniz” deyilirsə, mütləq göstərilən "qaynar xətt” nömrələrinə zəng etmək lazımdır. Bununla belə, rəis müavini öz açıqlamasında kafe sahibləri üçün də "ayaq yeri” qoyub. O, mürəbbəli çayın qiymətindən asılı olaraq 4-7 manat arası qiymətlərin dəyişə biləcəyini də istisna etməyib. Həmçinin N.Məcidov deyib ki, sakinlər əvvəlcədən qiymətləri dəqiqləşdirsələr, daha yaxşı olar. Göründüyü kimi, rəis müavini "nə şiş yansın, nə kabab” prinsipindən çıxış edib. Bəs görəsən, ictimaiyyət üzvləri, ziyalılar bu barədə nə düşünür?

İllərdir bulvarda çay içmədiyini vurğulayan "Ulduz” jurnalının baş redaktoru, şair Qulu Ağsəs qiymətlərin həddindən artıq yüksək olmasından gileylənib: "Axırıncı dəfə məndən çay üçün 15 "şirvan” pul aldılar. Onunla da Milli Parkda çayla qurtardım. Sözün həqiqi mənasında bulvar qiymətləri rüsvayçılıqdı. Məsələ təkcə çayın qiyməti ilə bitmir ki... 20 qəpiklik suyu orada 1 AZN-dən aşağı vermirlər. Həm də ki bu tendensiya artıq neçə illərdir öz axarında davam edir. İndi yadlarına düşüb qiymətlər? Yəqin iyulun 1-dən yenə də bir fincan çayın qiyməti 20 manat olar. Qonaqlar gedəcək axı!!!

Q.Ağsəsin sözlərinə görə, məkan sahiblərinin sadə çay istəyən sakinlərə "Bizdə çay ancaq dəstgahla verilir” deyib, müştərilərlə kobud davranması birmənalı olaraq özbaşınalığın göstəricisidir. Başqa nəyin ola bilər?

Müştəriləri narazı salmağın, onların istəklərini geri çevirməyin absurd məsələ olduğunu vurğulayan şair deyib ki, müştəri həmişə haqlıdır. Bu, bütün dünyada da belədir. Sakinlərin qiymətləri əvvəlcədən dəqiqləşdirməsi nəyi dəyişəcək? Bulvar ərazisində olan bütün məkanlarda qiymətlər "od tutub” yanır. Müştərilər nəyi dəqiqləşdirəcək ki?

Millət vəkili Fazil Mustafa da hesab edir ki, bulvardakı qiymətlər ora istirahətə gələn insanların cibinə uyğun deyil: "Milli Parkda çayın qiyməti olduqca bahadır. İstirahətə gələn insanlar qiymətlər baha olduğundan bu xidmətlərdən yararlana bilmirdilər. Qiymətlərin ucuzlaşması mütləq lazım idi”. Boş vaxtlarında belə bulvara getmədiyini vurğulayan millət vəkili deyib ki, dənizkənarı parkda havanın təmizliyini o qədər də hiss etmir: "Əksər vaxt dənizin digər sahillərində, Nardaranda istirahət edirəm. Sözün açığı, çayxanaya o qədər çox meylim yoxdur və buna heç vaxt da imkan vermir”.

F.Mustafanın qənaətincə çayxanalardakı qiymətlər icra haqlarının yüksək olması ilə əlaqədar dəyişir: "Ticarət elə bir sahədir ki, burada yan faktorlar var. Belə ki, bəzi qurumlar obyekt sahiblərindən çox pul istəyirlər, onlar da məcburdur ki, belə baha qiymətə satsınlar. Çünki ticarətçi baha qiymət qoyub müştərini qaçırmaz. Ola bilsin ki, bəzi problemlər var ki, onlar onu qarşılaya bilmirlər. Bu baxımdan qiymətlər yüksəkdir, insanların da dediyi kimi, cibimizə uyğun deyil”.

"Üç nöqtə” qəzetinin baş redaktoru Elməddin Muradlı isə bulvarda çay içmək kimi bir probleminin olmadığını deyib. Həmkarımız Milli Parkda qiymətlərin çox yüksək olduğu ilə razılaşsa da, bu onun büdcəsinə bir o qədər də təsir etmir. Çünki o vəziyyətdən çıxış yolunu tapıb: "Saat qülləsinin yanında "Rast” kafe var, ordakı işçilərin əksəriyyəti ilə neçə illərdir tanışam. Ona görə də mən həmişə orda sadə çay içə bilirəm. Nə vaxt getsəm, ofisianta nəsə deməyə də ehtiyac qalmır, özləri bilir ki, kəklikotulu, sadə çay içəcəm. Ancaq əlavə nəsə sifariş vermək lazım olsa, ofisiantı çağırıram. Əksər jurnalist dostlarımı da o kafeyə dəvət edirəm ki, onlar da tanış olsunlar. Digər müştərilər kimi onları da aldadıb, 20 manatlıq çay dəstgahı sırımasınlar. Getməsəm də bilirəm ki, başqa kafelərdə ofisiant əlinə keçəni gətirib masaya düzür. Ona görə də, Milli Parka gəzintiyə çıxarkən "Rast”dan başqa yerə getmirəm. Gedib, kiminləsə üz-göz olmaqdansa, elə tanıdıqlarımın yanında otururam, çayımı da içirəm, yeməyimi də yeyirəm. Nə əsəbiləşirəm, nə də artıq pulumu alırlar. Amma elə məkanlar var ki, insanların

qüruru ilə oynayırlar. Bir dəfə gördüm bir ailə gəldi oturdu. Ər-arvad, iki də uşaq idilər. Kasıb bir ailə olduqları o dəqiqə hiss olunurdu. Oturduqdan sonra çay sifariş verdilər. Ofisiant da dedi ki, yanında mürəbbə, ballı-qozlu keks, ləb-ləbi, nə bilim, başqa o qədər şey saydı ki, yazıqlar durub, utana-utana kafedən çıxdılar. İnanın, kənardan bunu görüb çox üzüldüm. İnsanları bu vəziyyətə salmaq olmaz axı! Ailə başçısı elə qızarmışdı ki, hətta mən ona baxmağa utandım ki, birdən özünü pis hiss edər. Bu, yeganə hadisə deyil. Dəfələrlə şahidi olmuşam ki, insanlar kafedə oturur, bir dəqiqədən sonra qiymətə görə durub gedir. Bir stəkan çay içəcək deyə yanında 10 manatlıq da zir-zibil qoyub, insanları soymaq düzgün deyil”.

E.Muradlı da hesab edir ki, məkan sahiblərinin çayı ancaq dəstgahla sırıması özbaşınalığın, nəzarətsizliyin göstəricisidir: "Hansı kafeni qaldırırsan, altından vəzifəli şəxs, general çıxır. Belə olan halda da mübarizə aparmaq qeyri-mümkün həddə çatır”.

İqtisadi Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov da deyib ki, Milli Park ölkənin qiymətlərə görə ən bahalı yeridir: "Araşdırmamız göstərir ki, Gürcüstanın Batumi şəhərinin bulvarında qiymətlər buradan iki dəfə aşağıdır. İstanbul şəhərində 1,5 dəfə ucuzdur. Bura regionun ən bahalı bulvarıdır. Buradakı qiymətləri başqa yerlərlə müqayisə etmək belə mümkün deyil”.

Ekspert hesab edir ki, bu obyektlər özəl şirkətlərə məxsus olsa da, ölkə qanunvericiliyi süni qiymət artımını qadağan edir. V.Bayramovun sözlərinə görə, Milli Park adından da göründüyü kimi milli olduğu üçün əhali üçün əlçatan və gəlir səviyyəsinə uyğun olmalıdır.

Dənizkənarı Milli Parkda qiymətlərə Bakı Bulvar İdarəsi və İqtisadi İnkişaf Nazirliyinin nəzarət etdiyini vurğulayan iqtisadçı deyib ki, İqtisadi İnkişaf Nazirliyi bu ərazidə yoxlama aparmalı və qiyməti süni şəkildə qaldıranlara sərt cəza tədbirləri görməlidir: "Əgər qiymətlər süni şəkildə artırılırsa, bu halda cərimələr müəyyən edilməlidir. Belə hallar təkrar olunarsa, o zaman həmin ticarət obyektləri bağlanmalıdır. Bulvar İdarəsi də burada bəzi tədbirlər həyata keçirə bilər. İdarə obyektlərin icarə xərclərini azaltmaqla qiymətləri aşağı sala bilər. Lakin daha çox bu məsələdə İqtisadi İnkişaf Nazirliyi cavabdehdir”.

Şəyməna