Qriqoryanı həbsə atmaq Paşinyanın da maraqlarına uyğundur

Ona görə də ölkədə yaşanan aksiyalar baş nazirin siyasətinə zidd deyil


Ermənistan müdafiə nazirinin keçmiş müavini, parlamentin sabiq deputatı, "Erkrap" könüllü ittifaqının sədri olmuş Manvel Qriqoryanın həbsini tələb edən aksiyaçılar ölkənin baş naziri Nikol Paşinyanla görüşmək istəyir.

Aksiyanın təşkilatçılarından olan Civan Abramyan jurnalistlərə açıqlamasında Nikol Paşinyandan başqa, hakimiyyətin heç bir nümayəndəsi ilə görüş istəmədiklərini deyib. Aksiyaçı Paşinyana müraciət edərək, qrup üzvlərinin üç gün ərzində onunla görüşmək istədiklərini bildirib. "Bizim sizə deyəcəyimiz söz var". Etiraz aksiyasının təşkilatçısı ölkədə itaətsizlik aksiyalarına başlamağa çağırıb. C.Abramyan aksiyaçıların magistral yolu bağlayacaqlarını istisna etməyib.

Qeyd edək ki, Ermənistanın müdafiə nazirinin keçmiş müavini, sabiq deputat Manvel Qriqoryan ötən il iyunun 19-da saxlanılıb. O, qanunsuz silah-sursat saxlamaqda, əmlak mənimsənilməsində ittiham edilir. Manvel Qriqoryan ötən il dekabrın 21-də 52 min dollar (25 milyon dram) məbləğində girov qarşılığında zaminə buraxılıb. 

O, zaminə buraxılandan sonra etiraz aksiyaları başlayıb.

Politoloq Nəzakət Məmmədovanın fikrincə, itaətsizlik aksiyalarının arealı genişlənməsin deyə Paşinyan təşkilatçıların istəklərini nəzərə alacaq. Əslində elə aksiyaçıların tələbi inqilab nəticəsində Ermənistanda idarəçiliyi ələ alan Paşinyan hökumətinin yeritdiyi siyasətlə üst-üstə düşür: "Ötən bu müddət ərzində fəaliyyəti dövründə hərbi və siyasi cinayət törədən, Rusiyaya bağlı şəxslərin həbsinə dair bir neçə faktların şahidi olduq. Hansı ki, sözügedən adamı artıq Paşinyan hökuməti bir dəfə həbs etmişdi, sadəcə, müəyyən səbəblərdən azad etməli oldu".

Politoloq deyib ki, Ermənistanda yaşanan aksiyalar Paşinyan hakimiyyətinin siyasətinə zidd deyil. Əksinə, aksiya təşkilatçılarının tələbini əlində əsas tutaraq Manvel Qriqoryanı həbsə atmaq Paşinyanın da maraqlarına uyğundur. Bu aksiyalar onun üçün göydəndüşmə bir fürsətdir də demək olar. Böyük ehtimalla bu aksiyaların təşkilatçıları Paşinyanın tərəfdarlarıdır. Onlar xalq adından cinayətkarların həbsini reallaşdırmaq istəyirlər”.

Şəymən